140. DÜNYAMALI
I mətn
Əliquluuşağı kəndində Hümbət və Dünyamalıdan güclü adam yox idi. Bir dəfə Dünyamalı oğurluğa gedir. Hər yer qarla örtülü imiş. Dünyamalı iki yaşar cöngənin ayaqlarını bağlayıb boynuna götürür, kəndə gəlir. Yolda su içməli olur. Əyilib su içəndə cöngənin ayaqlarının izi qarın üstünə düşür. Səhərisi cöngənin yiyəsi izə düşür və suyun qırağında cöngənin izini görür. Fikirrəşir ki, cöngəni Dünyamalı aparmış olar. Düz onun qapısına gəlir. Dünyamalını çağırır, deyir:
Dünyamalı, bilirəm cöngəni sən gətirmisən, amma bulağın yanından başqa heç bir yerdə izi yoxdur. Düzünü de, cöngəni necə gətirmisən? Düzünü desən cöngəni sənə halal eliyərəm.
Dünyamalı çəkinmədən cöngəni necə gətirməyini danışır. Cöngə yiyəsi “halalın olsun” deyib qayıdır gedir.
II mətn
Kənddə Mahmud adlı bir oğlanın toyu imiş. Sisiyan rayonundan bir pəhləvan kəndə toya gəlir. Cəngi havasını çaldırıb ortaya düşür, döşünə döyə-döyə “ay mənə qənim” deyərək ortalıqda cövlan edir. Heç kim qabağa çıxmır. Bu vəziyyəti görən Dünyamalı gözünü meydana dolandırıb “sənə qənim mən” deyərək ortalığa girir.
Pəhləvanlarda belə bir qayda varmış. Bir-birilərinə güclərini bildirmək üçün çiyin-çiyinə vurarmışlar. Bunlar da çiyin vururlar. Pəhləvan Dünyamalının çox güclü olduğunu başa düşür və astadan deyir:
Mən pəhləvanam, hər yerdə məni pəhləvan kimi tanıyırlar, sən allah, məni yıxıb biabır eləmə!
Dünyamalı xahişi nəzərə alıb deyir:
Arxayın ol, səni yerə yıxmayacağam.
Güləş başlayır, hər ikisi bir-birinə hərbə-zorba gəlirlər. Əvvəlcə pəhləvan cəhd edir, lakin Dünyamalını yerindən tərpədə bilmir. Növbə Dünyamalıya çatanda əl atıb onu götürüb başının üstünə qaldırır və tez də yerə qoyub deyir:
Mən sözümün üstündə durdum, səni yerə yıxmadım.
Hamı əl çalır. Pəhləvan kənddən çıxır və bir də o kəndə üzükmür28.
Dostları ilə paylaş: |