MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR
141. ALLAH MƏNİ XİLAS EDƏCƏK
İki nəfər çayda çimirmiş. Biri boğulmağa başdıyır. Dosdu əlini uzadır ki, gəl səni xilas eliyim. Boğulan heç vəcnən razılaşmır. Deyir, Allahım məni xilas eliyəcəh. Elə bu dəmdə böyük bir sal yaxınlaşır. Sal çəkən qışqırır ki, gəl min sala, səni çıxarım sahilə.
Deyir:
– Yox! Məni Allahım xilas eliyəcəh.
Son nəfəsində bir təknə yaxınlaşır. Təknənin içindəkilər nə qədər yalvarırlar, onu təknəyə qaldıra bilmillər. Yenə deyir, yox. Allahım məni xilas eliyəcəh.
Nə isə, bu minvalla canın tapşırır. Cəsədi düşür suyun dibinə. Ruhu gedir Allahın dərgahına. Boğulan Allahdan soruşur:
– Ya rəbbim, mənə neçə dəfə kömək etmək istədilər, ancaq mən rədd elədim, dedim Allahım mənə köməy eliyəcək. Bəs onda mənə niyə köməy eləmədin?
Allah deyir:
– Ya bəndəm, bir dəfə dosdunu göndərdim sənə köməyə, sən onu rədd etdin. İkinci dəfə səni xilas etməyə sal göndərdim, onu da rədd etdin. Üçüncü dəfə təknə göndərdim, onu da rədd etdin. Mən özümmü gəlməliydim səni xilas etməyə? Bəs bu göndərdiklərim mənim köməyim deyildimi?
Dostları ilə paylaş: |