146. ÖZGƏYƏ QUYU QAZAN ÖZÜ DÜŞƏR
Hansısa peyğəmbərlərimizdən birinin əhali içərisində hörməti çox imiş də. Bunun paxıllığın çəkillər da. Niyə o nə deyir hamı yerinə yetirir?
Bir nəfər şeytan adam olur. Deyir ki, peyğəmbəri qonax çağıracam. Özü də quyu qazdırır ki, peyğəmbər gələndə düşsün bu quyuya, ölsün də. Nəysə, kişi peyğəmbəri qonax çağırır. Peyğəmbər yatır, yuxuda vəh gəlir ki, səni öldürəcəhlər da. Getmə qonax, o kişi saa quyu qazıf ki, düşəsən ora.
Nəysə, peyğəmbər durur yuxudan səhər-səhər. Öz adamlarına deyir ki, gedin bağın filan yerində bir böyüh quyu qazın. Onun böyüh bağı olur da. Quyunu qazıllar. Deyir ki, quyunun üsdünü şax-şəvəllə örtün. Peyğəmbər dediyi kimi, eliyillər. Peyğəmbər tez bir adam göndərir kişinin yanına, deyir ki, tez gəl da məni apar qonaxlığa.
Bu adam gəlir ki, hə, peyğəmbəri aparacax da öldürməyə. Kişi gəlir peyğəmbəri aparmağa. Gələndə həmən ordan – şax-şəvəllə örtülmüş yerdən keçəndə, axı ora quyudu, yıxılır quyuya. Nəysə, kişi quyuya düşür. Peyğəmbər gəlir. Kişi peyğəmbərə deyir ki, maa köməh elə, məni bırdan çıxart. Peyğəmbər deyir ki, sən məni quyuya salsaydın çıxarajeydin? Kişi deyir:
– Heş mən səni quyuya salmazdım axı.
Peyğəmbər deyir:
–Yox, həyətdə filan yerdə quyu qazdırmışdın ki, mən sizə gələndə düşüm o quyuya. De görüm, məni çıxarajeydin ordan?
Kişi deyir:
– Sözün açığı yox, çıxartmıyajeydim.
Peyğəmbər deyir:
– Ama mən səni çıxarıram ki, biləsən, özgüyə quyu qazan özü düşər.
Dostları ilə paylaş: |