III mətn
Bayandur kəndi var, o vaxdı azərbaycannılarnan ermənilər orda qarışıx yaşıyıflar. Muradəli kişi deyirdi ki, müsurmannar hamısı çıxdı, bizim aylə qaldı. Tək evli qalmışdıx ermənilərin içində. Deyir, bir səhər tezdən on-on iki dənə erməni gəldi, cavan oğlannar. Deyir, bir qızım idi, bir yoldaşım, iki oğlum, bir də mən. Hamımızın qolların bağladılar apardılar kəndin ortasına. Orda məni dik bağladılar bir ağaca. İki oğlumun başın kəsdilər, yoldaşımnan da qızımı götdülər getdilər. Səhərdən, deyir, günorta saat ikiyə-üçəcən o iki oğlum gözümün qabağında partdadı. Yayın, deyir, isdi günnəri idi. Allahdan oldu məni, deyir, öldürmədilər. Axşam oldu, apardılar saldılar bir dənə evə. İki dənə dığa qoydular qapıya əllərində beşatılan. Deyir, gejənin yarısı mənim yaxın dosdum bir erməni dığalardan icazə aldı qapını aşdı, gəldi mənim yanıma. Deyir, qollarım da bağlıdı arxadan, ayaxlarım da. Dedi, bilirsən səni səhər nə zulumnan öldürəjəhlər? Mən sənin qollarını açıram, elə belə qoyuram. Tərpədən kimi açılajax. Qapını da bağlamıyajam, açıx qoyajam. Bacarırsansa, çıx qaş burdan. Gejə saat üç olardı deyir, qollarım açıxdı, ayaxlarımı da aşdım. Deyir, gəldim baxdım ki, dığalar hərəsi bir tərəfdə söykənif yatıf. Deyir, birinin beşatılanın götürdüm, ikisin də öldürdüm, çəkildim o dağlara.
IV mətn
Qardaşım Nəsib kalxoz sədri idi, onnan əlaqədar bizim evə ermənilər gəlif gedirdi. Ermənilər gələndə atam onnarnan bir süfrədə oturub çörək yeməzdi. Mütəkgəsini götürüb gedib kənarda dirsəklənib oturardı. Bir dəfə sual verdim ki, dədə, niyə çörək yemirsən? Dedi, bala, düzdü, Nəsib deyir, ermənilər gəlib gedir, amma Nəsib buların daxilin bilmir. Bular çox məkirri millətdi. Biz buların hər cür üzünü görmüşük.
1918-də ermənilər gəlif o tərəfi zəbt eliyəndə atam deyirdi üç-dörd cavan deyif biz gedif erməninin qabağını kəsəjeyik, qoymuyajeyik gəlsin biz tərəfdən keşsin. O vaxdı da ermənilər Mollaburan, Mahrızdı, Xanlıx kəntlərindən gəlif belə çıxıflar. Bizim kəntdə Eyvaz oluf, onnan başqa iki-üç oğlan gəliflər Mollaburanın qabağına ki, burada ermənilərin qabağını kəsəjəhlər. Rəhmətdik atamın öz gözüynən gördüyü şeydi. Deyir, ermənilər həmin uşaqları tikə-tikə doğramışdılar, meyitlərini düzəngah yerdə qoyuf getmişdilər. Kəntdəri yandırmışdılar, ordan addıyıflar Mahrızdıya, ordan da gediflər ayana.
O vaxdı ermənilər hücum eliyəndə Eyvazdını, Qədilini birinci yandırıf camahatda qorxu yaratmışdılar. Onda Qədili, Eyvazdı qaçıf gəlmişdi Qubatdıya. Doxsan ikinci ildə də erməni genə Qədilini, Eyvazdını işğal elədi, evləri yandırdılar. Həmin kəntdərin əhalisi köşdü gəldi Qubatdıya. Bir il Qubatdıda qaldılar, doxsan üşdə biznən köşdülər. Eyni variant elə bil genə təkrarlandı.
V mətn
Əsrin əvvəlində Qubadlının digər kəndləri kimi Əliquluuşağı kəndi də ermənilər tərəfindən dağıdılıb, talan edilib, neçə-neçə övladları şəhid olub. Azərbaycan gənclərini o zaman Nikolay dövləti əsgərliyə aparmırdı və əvəzinə hər aylədən 3 manat qızıl pul alırdı. Belə bir vəziyyətdə azərbaycanlıların əksəriyyəti silahdan istifadə etməyi bacarmırdı. 1919-cu ildə Andranik qoşunları ilə Azərbaycana hücum etdi. Əvvəl Şuşaya yürüş etmək istədi. Onun bu niyyəti baş tutmadı, laçınlılar tərəfindən əzilib geri qaytarıldı.
Laçında güclü təzyiqə rast gələn Andranik erməniləri bir yerə toplayıb Əliquluuşağı, Davudlu, Eyvazlı və Novlu kəndləri istiqamətindən hücuma başladı. Bu kəndlərin içində ən çox Əliquluuşağında yaşayan insanlar əziyyət çəkdi. Əliquluuşağı əhalisi üç gün kəndi tərk etməyib vuruşdular. Ancaq qüvvələr qeyri-bərabər idi, qalib gəlməyin mümkün olmadığını görüb əhali kəntdən çıxmaq qərarına gəldi.
Əvvəlcə ermənilərin digər kəndlərə girib-girmədiyini yoxlamaq məqsədi ilə Əmrah və Balaca bəy Göy qalaya gedirlər. Göy qaladan bizə yaxın olan kəndlərin əksəriyyəti görünür. Əmrah və Balaca bəy Göy qalaya çıxanda görürlər ki, ətraf kəndlərin heç birində bir adam belə görünmür. Davudlu, Eyvazlı kəndlərində ermənilər var. Davudlu kəndində olan ermənilər Əmrahgili görürlər və nişan alıb Əmrahı çiynindən vururlar. Əmrah yaralandığını görüb Balaca bəyə deyir:
– Balaca, sən qaç, kəndə xəbər ver. Ətraf kəndlərin heç birində adam yoxdu, kəndlər sahibsizdi, birdən Yazı aşağı ermənilər gəlib qız-gəlinləri, arvad-uşaqları girov götürərlər.
Balaca bəy Əmraha deyir:
– Mən səni tək qoyub gedə bilmərəm.
Beləliklə, Əmrahı ata mindirib kəndə gəlirlər, görülər kəndin adamları hələ də müqavimət göstərib kəndi tərk etmək istəmirlər. Balaca bəy üzünü camahata tutub deyir:
– Bütün ətraf kəndlərin əhalisi öz kəndlərini tərk ediblər. Biz vuruşmanı davam etdirməli və arvad-uşaq kənddən çıxıb aralanana kimi ermənilərin hücumlarının qarşısını almalıyıq.
Belə də etdilər. Arvad-uşaq kənddən çıxıb təhlükəsiz yerə çatana kimi atışmanı davam etdirdilər. Əlaçsız qalan kəndin kişiləri atışa-atışa kəndi, olan-qalanlarını qoyub çıxdılar. Kəndin adamları Qubadlıdan çıxana kimi kəndlərdə bir adam belə görmədilər. Kənddən çox gec çıxdıqları üçün qaranlıq düşənə kimi ancaq boş qalmış Xıdırlı kəndinə gəlib çatırlar, həmin gecə boş qalmış evlərdə gecələdilər və səhər açılan kimi yola düşüb bir neçə günə Cəbrayılnan Qubatdının sərhədinə çatdılar. Cəbrayıl rayonunun adamları Əliquluuşağının camahatına öz həyətlərində yer verdilər. Bu ürək ağrıdan hadisə 1919-cu ilin soyuq qış günündə, yanvar ayının sonlarında olmuşdu. Əliquluuşağı kəndinin adamları kəndə bir də tut sovrulhasovrulda qayıtmışdılar.
Əmrah aldığı yaradan Hovarlı kəndində dünyasını dəyişdi. Ondan başqa həmin münaqişə dövründə Əliquluuşağı kəndindən İbrahim və anası, zabuxludan Səlim, qarabaşlı tayfasında İsmayıl, Alıbəy tayfasından Alı və çobanlılar tayfasından Behbud şəhid olmuşlar. Ermənilər kəndin bütün mal-dövlətini qarət edib apardıqdan sonra bütün evləri yandırmışlar.
Dostları ilə paylaş: |