XIDIR NƏBİ
I mətn
Xıdır peyğəmbər həmən gün (fevralın 5-i – top.) zühr eliyir, urza paylıyır. Naftalan Xıdır peyğəmbərin dəvəsinin ayağınnan çıxıf.
Xıdır Nəbi, Xıdır İlyas
Bitdi çiçək, oldu yaz.
Xıdır gəlir haynan,
Altı qara daynan.
Day batdı palçığa,
Çıxartdılar hay-huynan.
Yağ gətirin yağlıyax,
Dəsmal gətirin bağlıyax.
Dəsmal dəvə boynunda,
Dəvə Şirvan yolunda.
Şirvan yolu buz bağlar,
Dəstə-dəstə gül bağlar.
O gülün birin üzeydim,
Saş bağıma düzeydim.
Familin toyunda
Sındıra-sındıra süzeydim.
Uşaxlar bu mahnını oxuya-oxuya pay yığır. Armud, yumurta, yağ, un yığır. Əllərində məşəl bütün kəndi hərrənirdilər. Sora bir evdə yığılıf yığdıxları paydan kömbə salıllar. Xıdır Nəbinin də xaşılı var. Unu balnan, bəhməznən çalıllar. Həmin gün Xıdır peyğəmbər də altında boz at zühur eliyir, hamının ruzasını verir. Gecə yarıdan sora hamının ruzasını paylıyır. Kosa fason geyim düzəldirlər. Özlərinə qoyun yununnan bığ düzəldirdilər, quyrux qoyurdular. Üstlərinə zınqırov qoyardılar, başlarına ucu şiş papax qoyardılar. Kömürnən üzlərini zil-qara eliyərdilər. Üç ev, dörd ev bir yerdə kömbə bişirirdilər, yeyib-içib səhərə yaxın dağılırdılar. Bütün kəndi başdan-başa gəzirdilər. Qırmızı içli kömbə düzəldirdilər, onu yeyirdilər. Xıdır Nəbi gejəsi gərək təknəni boş qoymuyasan. Kirkirədə qavıd çəkirdilər, qoyurdular ləyəndə pəncərənin ağzına, təknədə də çörəyi qoyurdular. Deyirdilər, Xıdır peyğəmbər gəlif əlin basajax ora.
II mətn
Xıdır Nəbi kiçik çilənin yarısında keçirilir. Xıdır Nəbiyə hazırrıx görülürdü, evdə səliqə-səhman yaradılırdı, xaşıl bişirilirdi. Elə bil xaşıl bişirmiyən, oraya bəhməz tökmüyənə pis baxırdılar. Özü də qışın yarısında xaşıl bişirmax da hasant döylü ey. Bir evdə neçə külfət varsa, qab dolusu xaşıl qoyulurdu, içində yağ, bəhməz olurdu. Gərək Xıdır Nəbinin ehtiyatın payızdan saxlıyasan.
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək oldu yaz.
Mən Xıdırın quluyam,
Boz atının çuluyam.
Xıdır gəldi haynan,
Bir qaraca daynan.
Day batdı palçığa
Xıdır da yatdı yanında.
Xıdır günü xaşıldan başqa heş nə bişirməzdilər. Bir də qavıd qovururdular, qoyurdular dalda yerə ki, Xıdır gəlif əlin bassa, bu evə bərəkət gələjəh. Uşaxlar qapı-qapı gəzirdi, pay yığırdılar. Elə ki, pay alırdılar sevinə-sevinə gedirdilər. Pay xoşdarına gəlmirdi, ya kimsə pay vermirdi oxuyurdular:
Çatma çatmıya,
Çatma yerə batmıya.
Kim Xıdırın payını verməsə,
Əri onnan yatmıya.
Yığılan pay çox olduxda səhər ağsakqallar artıq qalan payı hansı ev kasıbdı, verirdi həmin evə. Pay verəndə oxuyurdular.
Pay verənə pay olsun,
Pay vermiyənə vay olsun.
Xıdırın qədrin bilmiyənin
Qara dayın yanında yatmağı olsun.
Dostları ilə paylaş: |