Üçgünlük (gəlinin üzəçıxdısı) toydan 3 gün sonra keçirilir. Qız evi gəlini görməyə gəlir. Burda ancaq ailəli qadınlar iştirak edir. Bəzi zonalardan fərqli olaraq qızın anası üçgünlükdə iştirak edir. Gəlinin qızlıq paltarı gətirilir. Üçgünlüyün yemək tədarükünü qız evi gətirir. Ya yeməkləri bişmiş halda – hazır gətirir, ya da çiy ərzağı gətirib oğlan evində bişirirlər. Bu məclisdə iştirak edən qadınlar gəlin üçün hədiyyələr gətirirlər. Əvvəllər qızın anası üçgünlüyə mütləq sacarası (iki sacın arasında yağda bişən şirin çörək) bişirib aparardı.
Qız atası evinə ayaqaçdıdan (qonaqçağırma) sonra gedir. Ayaqaçdı çox tez olmur. İstəyirlər ki, gəlin qaynata evinə tez alışsın.
Uşaq dünyaya gəldikdən sonra yorğançasını qızın anası hazırlayır. Bədnəzərə xüsusii fikir verildiyinə görə, qırxlı uşaq olan evə qırx gün kəndin adamları getmir. Uşağın adı oğlan evi tərəfindən, əsasən, qırxı çıxandan sonra qoyulur. Uşağın başını bir yaşı tamam olmamış qırxmırlar. Başının ilk tükünü (bu tük haram adlandırılır) mütləq uşağın dayısı qırxır. Qırxdıqdan sonra uşağa pul verərək tükü satın alır. Bizim zonada dağdağan ağacına müqəddəs, nəzər qaytaran bir ağac kimi baxılır. Ona görə də uşaq anadan olan kimi bu ağacdan kiçik hissə kəsilir, qabığı soyulur və qurudulur. Sonra qızmış dəmir parçası ilə dağlanır və uşağın üstünə taxılır. Ona görə belə edirlər ki, uşağa gələn qada-bəla, pis nəfslər, bədnəzərlər bu cür dağlansın.