9. PİRQULUNUN ŞAHLIĞI
Bir padşah məzuniyyətə gedir. Yeyib-içən kefqom bir adamı gətirib öz yerinə qoyur. Bir müddət keçənnən sora şah sarayının qabağınnan bir qadın keçirmiş. Bu kefqom adam, yəni şahı əvəz eliyən əmr eliyir ki, xəzinədən o qadına bir kisə qızıl versinnər. Buna bir kisə qızıl verillər. Bir müddət də keçənnən sora o obada qəssab varıymış, çağırır onun boynunu vurdurur. Axırda bunun şahlıq müddətinin qutarmağına bir-iki gün qalmış kəntdə rəhmətə gedən varmış, aparırmışlar basdırmağa. Çağırır saxladır, gəlir ölünün qulağına nəsə deyir.
Şah gəlir çıxır taxtına, yığır vəziri, vəkili. Deyir ki, bəs mən burda olmuyan müddətdə bu nə cür şahlığ elədi, hansı işlərlə məşğul oldu? Deyillər, vallah, bir az keçənnən sora bir qadına bir kisə qızıl verdi, bir də bir qəssab vardı, onun boynunu vurdurdu, bir də ölünün qulağına nəsə dedi. Şah əmr eliyir, bunu gətirdir. Deyir, mən olmuyan müddətdə bu üş dənə işi görmüsən. Ya buları maa izah eliyəssən, ya boynunu vurduracam. Deyir ki, kim idi o qadın o qızılı verdin? Deyir:
– Vallah, o mənim öz yoldaşım idi. Fikirrəşdim ki, həmişə şah olmuyacam ki. Bir kisə qızıl verdim ki, mən də kasıblığın daşını atım, yazığam.
Deyir:
– Yaxşı, bəs o qəssabın boynunu niyə vurdurdun?
Deyir:
– Bir dəfə uşaqlarım acınnan ölürdü, getdim ona çox yalvardım ki, ət ver aparım uşaxlarıma, yesin, vermədi. Fikirrəşdim ki, əlimə imkan düşüb, hayıfımı çıxdım.
Deyir:
– Bəs yaxşı, ölüyə nə dedin?
Deyir:
– Ölüyə dedim ki, gedirsən o dünyaya, o dünyada deginən ki, bu dünya nə günə qalıb ki, Pirqulu şahlıq edir.
Dostları ilə paylaş: |