20. AĞILSIZ ADAM
Padşah vəzirə əmr eliyir ki, mənə ağılsız adam lazımdı. Vəzir düşür kəntbəkənd gəzir, soruşur, ən ağılsız adam kimdi, deyillər, filankəs, filankəs. Gəlir ki, bir yerdə böyük bir yığıncaxdı. Bir qırmızı isdoldu, biri oturuf çox ağayana. Bir də qara isdoldu, bir kişi büzüşüf duruf orda. Camahat hamısı sıraynan gəlir qırmızı isdolda oturanın əlinnən öpür, keçir o qara isdolda oturanın üzünə tüpürür. Vəzir deyir ki, bu nə bayramdı, nə mərasimdi? Deyillər ki, bu qara isdolda oturan kəndin kəndxudasıydı, çıxarıflar, indi qırmızı isdolda oturanı bu kəndə kəndxuda seçirik.
Deyir:
– Yaxşı, niyə o çıxanın hamı bir-bir üzünə tüpürür?
Deyir ki, bizim kəndin adətidi da. Vəzifədən çıxannan sora hamı onun üzünə tüpürməlidi. Deyir ki, o adam görmür kü, işdən çıxanın üzünə bu cür tüpürüllər? Deyir ki, niyə görmür, o da bizim kəndin sakinidi də. Deyir:
– Bəs o vəzifəni niyə qəbul eliyir?
Deyir:
– Nə bilək, qəbul eliyir da.
Vəzir də öz-özünə fikirrəşir ki, ən ağılsız adam bu olar da. Qolunnan yapışır gətirir padşahın hüzuruna. Deyir ki, padşah sağ olsun, tapmışam bir ağılsız adam.
Deyir:
– Nə cür sübut eliyə bilərsən ki, ağılsız adamdı.
Vəzyəti olduğu kimi danışır. Deyir, getdim ki, hamı bunun əlinnən öpür, keçir o birinin üzünə tüpürür. Soruşdum bu nədi, dedilər bizdə adətdi də. Vəzifəyə gələni belə təbrik eliyillər, əlinnən öpüllər, çıxanın da üzünə tüpürüllər. İndi bu o qədər ağılsız adamdır ki, fikirrəşmir, beş ildən sora bunu da çıxardajaxlar.
Dostları ilə paylaş: |