49. QUŞ QALXDI, DƏDƏM QALXDI Biri varıymış, biri yoxuymiş, bir padşah varıymış. Bu camahata qan uddururmuş. Hər gün deyirmiş ki, gərəh məni yuxuya verəsiniz. Hər gün bir adam çağırırmış. Amma padşahı yuxulada bilmirlərmiş. Hamısının bir-bir boynunu vurdururmuş. Ta kəntdə adam qalmırmış. Bir çoban deyif ki, mən onu yuxuya verəjəm. Çoban axşam gedif padşahın yanına ki, səni yuxuya verəjəm. Padşah deyir ki, görax. Məni bir belə adam yuxulada bilmiyif, indi bir çoban məni yuxuladajax? Çoban oturuf deyir ki, quş qalxdı dədəm qalxdı, quş qalxdı dədəm qalxdı, quş qalxdı dədəm qalxdı. Padşah deyir ki, nooldu? Çoban deyir ki, hələ qalxır. Elə səhərəcən belə təkrarrıyır. Padşahı yuxuya verir. Camahatın canını ölümdən-itimdən qutarır.