AŞIQ MÖHÜBBƏT
Həsənov Möhübbət Məhəmməd oğlu Laçın rayonunun Zağaltı kəndində anadan olub. Ağcabədi rayonunda dünyasını dəyişib. Deyilənə görə, aşıqlıqdan əlavə, həm də gözəl at çapırdı. Hətta bir dəfə toyda at çapışı zamanı atının tapırı qırılır, yəhəri düşür. Çılpaq atnan yenə hamını keçməyi bacarır.
ARVAD
Aman günnü, yazıx, arvadı zalım,
Deyirsən götürmür söz bizim arvad.
Sən xoşbaxtsan taleyinə şükür elə,
Dağ çəkif sinəmə yüz bizim arvad.
Vay o günə evdə bir söz deyilə,
Onda gərək varım-yoxum söyülə,
Tutur xirtdəyimdən basır çeyilə47,
Döşüyür qarnıma diz bizim arvad.
Nə ağıllıya bənzər, nə də dəliyə,
Dindirəndə söyür təzə ölüyə,
Ayı kimi payız girir çiliyə,
Bir də gözün açır yaz bizim arvad.
Möhübbət yolunda gəlifdi cana,
Çalışıram gəlmir dinə-imana,
Yazıram, car olsun Azərbaycana,
Bir kəlmə demədi düz bizim arvad.
DƏRDİNİ
Ehtiyacı heç nadana bildirmə,
Gedib tez çatdırar elə dərdini.
Desən də, de barı mərd oğlu mərdə
Şərikləşib sənnən bölə dərdini.
Tut ovsarı bu sarvanı çəkincə,
Qəvvas torun bu dəryadan çəkincə,
Qüssə var ki xəlvət özün çəkincə,
De bir igid əhli bilə dərdini.
Açılası sirr deyilsə, demə, get,
Ac olsan da, namərd aşın yemə, get.
Oynaq danış, söhbətə get, dəmə get,
Möhübbət, çək gülə-gülə dərdini.
Dostları ilə paylaş: |