ARASINDA
Birisi ayrılıq, biri vüsaldır,
Qalmışam iki cür yol arasında.
Ya qolum quruya, boynuna həsrət,
Ya səni nazlaram qol arasında.
Mən sənin dalınca ləliyəm, ləlik.
Çoxdur yad ovçular, dilbilməz əlik.
Tərlan qorxusunnan xınalı kəklik,
Qurar yuvasını kol arasında.
Birdən meylin dönər haram sərvətə,
Baxmazsan peymana, eşqə, mürvətə,
Uyarsan rütbəyə, ada, şöhrətə,
Qalarsan ürəklə pul arasında.
Sənin Umbay kimi əhli-halın var,
Bilmirəm nə meylin, nə xəyalın var.
Hər dodaq üstündə bir tək xalın var,
Dirilik bulağı xal arasında.
VAR
Bəxtəvərsən, telli sazım,
Od ürəkli diyarın var.
Qorqud kimi Baba dağın,
Ələsgər tək Qoşqarın var.
Nələr deyim, nələr sana,
Quzu könül mələr sana.
Kim toxuna bilər sana,
Öz Koroğlu simsarın var.
Telindədi Qurbanilər,
Gəraylılar, divanilər,
Qoy çağlasın ruhanilər,
Xəzanım var, baharın var.
“El havası” bir dəryadır,
Həm cəngidir, həm layladır.
Bir nağıldır, bir röyadır,
Nə şirin bəhrə-barım var.
Sən oldun ömrümün dadı,
Gül açdı könül muradı,
Umbayın kamil ustadı,
Əmrahın, Kamandarın var.
BULAQ
Kor olaram, gözlərinə
Baxmasa gözüm, ay bulaq.
Söykənsin billur üzünə,
Sərinnəsin üzüm, ay bulaq.
Yaxşı bax bu yer üzünə,
Bir gör əyrisi, düzü nə?
Yolundakı yar izinə,
Qarışsın izim, ay bulaq.
Qəlbi nədən daşa döndü?
Bir vəfasız quşa döndü,
Gözlərimdə yaşa döndü,
O pünhan sözüm, ay bulaq.
Ürəyimdə nakam dilək,
Mələyər yetim quzu tək.
Səninlə sərniməz ürək,
Mən necə dözüm, ay bulaq?
O bədr olan gözəl aya,
Yalvardım, salmadı saya.
Aşıq Umbay bir sal qaya,
Sən gümüş sazım, ay bulaq.
BAXTIMI
Dünyanın tilsim qarısı,
Qərq eylər selə baxtımı.
Zəncirləyər Məcnun kimi
Aparar çölə baxtımı.
Günəşimi arasalar,
Yol azdırar yarasalar,
Zalım hicran qara salar,
Dağlarda Lələ baxtımı.
İçdiyim qəm ağusudur,
Aləm onun yağısıdır,
Qərib çöllər ahusudur,
Gözləyər tələ baxtımı.
Saçımda rəngi var qışın,
Qəm dövrəmdə qoşun-qoşun,
Çiynində hicran, qurğuşun,
Yıxar bu şələ baxtımı.
Olum dünya, ölüm dünya,
Axır başı ölüm dünya,
Umbayam, bu zalım dünya,
Sovurdu yelə baxtımı.
Dostları ilə paylaş: |