60. HEYDƏRUŞAĞI NƏSLİ
Bizim kökümüz Naxçıvanın Əriklisindən gəlmədi. Dərələyəznən Naxçıvanın arasında böyük bir dağ var, həmin dağın divində yaşamışıx. Bu saat da həmin dağın adı Ərikli dağıdır. Biz ordan gəlmişik. Gəlif çıxmışıx Qurtqadajıya. Qasım qızının birin verifdi Heydərə, orda da qarışmışıx onnara. Bizə Qasımuşağı deyillər, amma kökümüz Qasımuşağı deyil, südümüz Qasımuşağıdı.
Araxış böyük bir düzdü. Aralıx yerdi, yüz hektar olar. O vədə kotana xış deyirmişdər. Oranı xışnan əkdiklərinə görə Araxış deyiflər – aralıxda xışnan əkilən yer. Gəlif düşüflər oraya. Ora düşəndə Qasım deyifdi ki, gedin görün itdəri arıx, öküzdəri sazdırsa, onnarı qavın getsin. Öküzdəri arıx itdəri sazdırsa, onnarı götürün gətirin mənim yanıma. Bir də qapı-bəcələrinə baxın, görün təmizdi, nətəridi. Qasım da o vədə oranın böyüyü, ağsakqalı imiş. Gedillər görüllər ki, itdəri, üzdən irağ, çox kökdü, öküzdəri də çox geridi. Gəlif Qasıma deyillər ki, itdər qoymadı görək qapı-bəcələri nətərdi. Deyif, gedin onnarı götürün gəlin. Bizə Heydəri deyillər. Ulu babamız Heydər çox şəxsiyyətdi, gözəl bir oğlanmış, özü də subaymış. Qasım deyif:
– Oğul, mən qızımı verəjəm sana, özü də səni yanımda saxlıyajam.
Yanında da saxlıyır. Bizim yerə güney deyilir. Güneyin bütün hissəsini verir bizə, qızına cehiz kimi bağışdıyır. Sora Heydərin həmin qızdan bir oğlu olur – Qasım. Qasımın iki oğlu oluf: biri Bağır, o biri Albəy. Bizə Bağıruşağı deyiflər, o birinə Albəyuşağı. Hər ikisinin dörd oğlu olur. Albəyin bir oğlu qayıdıf gedir Ərikliyə, Naxçıvan tərəfə, üçü qalır burda. Bağırın oğlunun adı olur İmamverdi, Əlməmməd, Alməmməd, Xıdır. Albəyin oğlannarı: Məşədi Vəli, Kərim, Rəhim, Albəndə. Albəndə gedir Naxçıvana.
Dostları ilə paylaş: |