102. BEŞDƏLİ KƏNDİ Bizim kəndin adı əvvəllər Əsgülüm olub. Qəşəh güllü-çiçəhli kənd oluf. Sora kəntdə beş dənə qardaş varıymış, çox qəhrəman, iyid oğlannarmış. Bı qardaşdara mərtdiyinə görə dəli deyirmişdər. Ona göra da kəndin adını Əsgülüm yox, Beşdəli addandırıflar. Həmən qardaşdar kasıflara kömək eliyirmişdər.
103. KORLAR KƏNDİ Həmzəli kəndində Sınıx körpü var. Həmzəlilərə həm də Korrar deyirdilər. Korrar deyilməsinin səbəbi vardı. Həmzəli kəndindəki Sınıx körpünü kişi libası geymiş bir qadın tikdirib. Bu qadını heş kəs tanımayıb. Körpü tikilib qutarıb, tamam başa çatannan sora qonaxlıx təşkil eliyib. Həmin qonaxlıxda deyib ki, mən kadınam, kişi paltarı geyinmişəm. Körpü tikilib qutarıb, amma siz mənim kadın olduğumu bilməmisiz. Bu gündən sizin adınızı qoyuram Korrar.