Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,69 Mb.
səhifə232/237
tarix01.01.2022
ölçüsü2,69 Mb.
#103083
1   ...   229   230   231   232   233   234   235   236   237
AŞIQ MƏHƏRRƏMLƏ SALAHLI PAŞA
1970-ci illərdə Bərdə rayonunda Qeroy Həsən Kərimov toy eliyir. Bu toy eliyəndə Aşıq İmran, mənim ustadım Aşıq Məhər­rəm, mən də kiçik yaşdarımda bunnarın yanında örgənən vaxtı bun­lar toya gəldi. Salahlı prokuror Paşa da toyun tamadası idi. Paşa məllim dedi:

– Aşıx Məhərrəm, bir belə şagird yetirmisən, sana bir söz deyə­jəm, gərək bu məclisdə ona cavab verəsən. Sənə qıfılbənd, təcnis, təx­mis, dildönməz, dodax­dəy­məz demiyəjəm, sənə bir gəraylı deyəjəm.

A Paşa məllim, buyurun.

Paşa məllim deyir:

Söylə, insan qocalarmı,

Günü yaxşı keçən yerdə?

Könül əbəs dolanarmı,

Özü oylax seçən yerdə?

Dedi, gərək bu sözə bir ustad kimi cavab verəsən.

Məhərrəm dedi:

– A Paşa məllim, dərdin alım, deyirsən deyim.

Kamil ustad yada düşdü,

Şirin söhbət açan yerdə.

Cavanlığım tez ötüşdü

Təzə meydan açan yerdə.


Yer üzündə gəzən bəşər,

Gəl atma bir-birinə şər.

Quyu qazan özü düşər

Düz yol bilib keçən yerdə.


Sev xalqını Salahlı tək,

Vətən üçün vursun ürək.

Hərə bir iz qoysun gərək,

Bu dünyadan köçən yerdə.


Aşıx Məhərrəm deyir:

Ədalətsən kanı-kərəm,

Namərdə boyun əymərəm.

Ağbulaxlı Məhərrəməm,

Doğru sözü seçən yerdə.
AŞIQ ŞƏMŞİR
Bir gün Kəlbəcər aşıxları Aşıx Şəmşirin yanına gəlillər. Deyillər, ay Dədə, bizi Laçına çağırıflar. Aşıx Şəmşir deyir:

– A bala, nə aparırsınız?

Deyillər, əşi, xanəndə, kəndirbaz, aşıx, saz, balaman, tar, qaval.

Aşıx Şəmşir deyir:

– A bala, ora düzdü, aparırsınız, siz Laçına gedirsiniz. Ora söz lazımdı.

Deyillər:

– Ay Dədə, nə söz?

Aşıx Şəmşir deyir:

– Qələm-dəftər çıxardın, gedəndə o səhnədə oxuyarsınız.

Nəbiyə səngərdi, Eldara yaylax,

Bu ad qaldı bir yadigar Laçına.

Murov, Keydi, Lilpər, Qoşqar, Dəlidağ,

Bir torpaxdan axar, baxar Laçına.
Xalqımızın qəlbi vurur bir hamı,

Çöküfdü torapağa qüdrətin kamı.

Kəlbəcər xalqının qardaş salamı,

Unudulmaz həmişə var, Laçına.


İsti su əmirik ana südü tək,

Gül kimi təmizdi bizdəki ürək.

Aşıxlar əlində aparsın çiçək,

Dəlidağ veribdi, apar Laçına.


Əzəldən qazanıb ləkəsiz bir ad,

Dünyaya səs salıb Həkəri, Bərgüşad.

Qarğa qona bilməz, sar çalmaz qanad,

Şahin, şonqar, laçın qonar Laçına.


Nə vaxtı o yerin mən sorağında,

Gedək məclis qurax Turş bulağında.

Bu Dədə Şəmşirin qoca çağında,

Könlü bir quş kimi uçar Laçına.


ALTI QIZA TƏRİF
Altı qızın biri Bəsdi,

Gümüş kəmər belimi kəsdi.

Altı qızlar, nazlı qızlar

Altısı da yolumu gözlər.


Altı qızın biri Yetər,

Zülfü dabanından ötər.

Altı qızlar, nazlı qızlar

Altısı da yolumu gözlər.


Altı qızın biri Sona,

Yaman vurulmuşam ona.

Altı qızlar, nazlı qızlar

Altısı da yolumu gözlər.


Altı qızın biri Solmaz,

Onu əldən vermək olmaz.

Altı qızlar, nazlı qızlar,

Altısı da yolumu gözlər.


Altı qızın biri Banu,

Olum gözlərin qurbanı.

Altı qızlar, nazlı qızlar

Altısı da yolumu gözlər.



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin