38. SÜLEYMAN VƏ KİRPİ
Rəvayətnən, Xızır peyqəmbər həyatda yaşıyır. Xızır peyqəmbər dirilik suyunu içifdi. Hələ onu misal çəkiblər ki, Süleyman peyqəmbərə də deyiblər, sən də bu suyu iç, sən də əbədi sağ qal. Ama Süleyman peyqəmbər bunu qəbul eləmiyib. Süleyman peyqəmbər bütün cannılara, bütün yaranmışlara, hamıya məsləhət, məşvərət eliyibmiş. Məsləhət eləmədiyi bircə kirpi qalmış imiş. Hə, kirpini çağırmağ üçün ata deyib ki, get kirpini çağır, ona sözüm var. At gedir kirpiyə deyir. Kirpi deyir ki, getmirəm. Süleyman peyqəmbər olsa da, mən ona lazımam, o gəlsin mənim yanıma. Gəlib deyəndə Süleyman peyqəmbər itə deyir ki, get kirpiyə denən, gəlsin mənim yanıma. İt gedən kimi, kirpi gəlir. Kirpi deyir ki, ya Süleyman, səni eşidirəm, nə buyurursan? Deyir ki, səni mən bir ağıllı heyvan bilirdim, saa məsləhətim varıdı, tay indi sən nadan heyvan olduğuva görə, ta saa məsləhət eləmiyəjəm. Deyir ki, yox, nəyə görə maa nadan deyirsən? Deyir ki, ona görə ki, insannan sonra ikinci surat atın suratıdı, at namusdu, at qeyrətdi, at qəhrəmannıxdı, at muratdı. Bəs sən atın sözünü saymırsan, bütün dinlərdə it murdar sayılır, itin sözünə baxırsan. Deyir ki, ya Süleyman, atın başqa xüsusiyyətləri var, itin başqa xüsusiyyətləri var. Deyir, atın xüsusiyyəti odu ki, istiyər ki, sahibini yerə vursun, qaşsın. Hara bağlansa, onu qırsın qaşsın. Ama it sahibinin evini, həyətini heş vaxtı sahibsiz qoymur. İndi sən məsləhətini de. Deyir ki, maa deyillər ki, dirilik suyunu iç. İçim, ya içmiyim? Deyir ki, ya Süleyman, əgər dirilik suyunu işsən, həyatda sağ qalarsan, ama sənin balaların, sənin yaxınnarın, sənin doğmaların sənin gözünün qavağınnan ölüb bu dünyadan gedər. Əgər olların ayrılığına dözə bilərsənsə, bu suyu iç, yox olların ayrılığına dözə bilməzsənsə, o suyu işmə, nə vaxt vaxtın tamam olar, bu dünyadan köçərsən. Hə, Süleyman peyqəmbər ona görə o suyu işmiyifdi. Deyif ki, Allahın yanında vaxtım nə vaxt tamam olar, ruhumu Allah-tala mənnən alar, o vaxt da bu dünyadan gedərəm.
Dostları ilə paylaş: |