31. ŞAHA NÜBAR APARAN KİŞİ
Bir gün bir kişi öz həyətyanı sahəsinin kənarında xəndək qazırdı. O vaxdı setka nə gəzirdi, daş nə gəzirdi. Xəndək qazırdılar. Xəndəyi qazanda bunun lapatkasına kərpiş boyda qızıl çıxır. Qazan görmür bu qızılı, götürür atır qırağa, o yolnan keçən görür. Yolnan keçən çağırır:
– A kişi, korsan sən?
Deyir:
– Nədi ki?
Deyir:
– O boyda qızılı götdün tulladın qırağa.
Deyir ki, əgər o mənim qismətim olsaydı, onu mən görərdim. Deməli, o sənin qismətindi. Allah-tala onu sənə gösdərif, götür apar. Bunnar ikisi də o qədər halal adam oluf ki, deyir:
– Yox ey, sənin lapatkana çıxıf.
Çox uzun mübahisədən sonra yolnan gedən götürür aparır. Qızılı aparır satır, torpax alır. Başdıyır əkir, becərir. Qulluxçuların pulunu bəri başdan verir, məhsul vaxdınacan bunun bir qəpih pulu qalmır.
Beş-altı ay keçir. Yer qazan kişinin beş maat pula ehtiyacı olur. Bir adama bunun borcu olur. Borc yiyəsi gəlir qapısına ki, ay Mobil*, mənim beş maatımı ver. Mobil fikirrəşir, fikirrəşir, deyir:
– Qoy gedim Aslana** deyim görüm. Beş maat onnan borc alım, verim, sora qaytararam.
Pis vaxd imiş. Gedəndə deyifmiş ki, Hüseynbəylidə oluram, adım Allahyardı. Nə vaxt nə lazım olsa, gələrsən.
Nəysə, köhnə kişilər demiş bu, çarığın dabanını bərkidir, gəlir bunnara.
– Salam məlöyküm.
– Əlöykümət salam. Ə, xoş gəlmisən, beş gəlmisən.
Oturullar, yeyillər-içillər, yatıllar. Səhər duranda deyir ki, sən mənnən soruşmursan nəyə gəldiyimi. Bilirəm, qonaxdan soruş-mazdar nəyə gəlmisən, amma mən sənnən beş maat pul almağa gəlmişəm. İmkanın olajaxmı onu maa verəsən? Deyəndə deyir ki, otur, düzələr. Kişi çox sakqalını qaşıyır, fikirrəşir ki, mən nağarım. Nökəri çağırır, göndərir ki, get gör bosdanda satılmalı bir şey var? Gəlif deyir ki, ikicə dənə yemişimiz dəyifdi. O da saralıfdı, hələ tam yetişmiyifdi. Bunnarın da yaşadığı ərazi şahın sarayına yaxın yerdə imiş. Burdan Bərdə qədər imiş. Bu, hurcunun hər gözünə bir dənə yemişi qoyur, minir eşşəyə, gedir. Gedir şahın sarayına ki, yemişi verə şaha, əvəzində nəsə ala, gətirə bu kişiyə pul verə dana. O vaxd ümumiyyətcə adət idi, kimin nə nübarı varmışsa, aparıf şaha verirmiş, şah da əvəzində ənam verirmiş.
Nəysə, bu kişi eşşəynən getdiyi yerdə şah da deməsən həmin gün ova çıxıfmış. Şah öz ovçu yoldaşdarınnan ayrılıf deyir:
– Ə, mənim ciyarım yanır, qoy görüm bu kəntdə su varsa, bir adamdan su alım içim.
Şah görür bir kişi eşşəynən gedir. Daldan çağırır.
– A kişi, a kişi, a kişi.
Kişi nə bilsin bu şahdı. Cavab vermir. Nəysə, şah atı sürür, gəlir buna çatır. Deyir:
– Salam məlöyküm.
Deyir:
– Salam.
Deyir:
– Əşi, qulağın eşitmir?
Deyir:
– Ə, eşidirəm ey. Adamsan, adam balasısan. Əgər bir sözün varsa, gəl əvvəlcə salam məlöyküm de, görəh dərdin nədi.
Bu belə deyəndə şahı pis yerdən tutur axı, şah dillənə bilmir. Şah məjbur olur atı sürür gəlir qabaxdan, deyir:
– Salam məlöyküm, ağsakqal.
Deyir:
– Əlöykü salam.
Deyir:
– De görüm burda bir quruşqa su olar?
Deyir:
– Yox.
Deyir:
– Bə xurcunundakı nədi?
Deyir:
– Yemişdi.
Deyir:
– Onun birini saat maa da, neçəyə satırsansa.
Deyir ki, yox, onu şaha aparıram. Deyir:
– Ə kişi, nə qədər isdiyirsən, pulunu verim da.
Deyir:
– A kişi, adamsan, adam oğlusan, mən bunu qıranda adın qoymuşam ki, bunu aparıram şaha. Bir maat verməsə də, şaha verəjəm, nə qədər versə də, şaha verəjəm. Kişiyəm, söz demişəm.
Nə qədər yalvarır, nə qədər pul təklif eliyir, bunu şaha vermir. Şah qayıdır gəlir ovçuların yanına. Deyir:
– Siz işinizdə olun, mən gəlirəm.
Atı sürür, gəlir oturur taxtda. Tapşırır ki, xurcunnu, eşşəhli bir kişi gələjəh, onu boşduyun içəri. Kişi gəlir, gələn kimi telexra-nitellər bunu boşduyullar içəri. Kişinin xurcununun birini qızılnan, birini gümüşnən doldurur qəşəh, yemişdəri alıf kişini böyüh hörmətnən yola salır. Həm də kəndin kəndxudalığını verir. Hansı kəntdənsən? Filan kəntdən. Rəsmi fərman yazır, peçatını vurur, büküf deyir: “Götür get”.
Kişi qapıdan çıxanda vəzir gəlir. Vəzirə də xəzinədar deyir ki, evini Allah tiksin, şah illik xəzinəni iki dənə yemişə verdi. Hələ bir az da şahın dalınca danışır: “Kopoğlunun başı xarabdı ey, bu boyda xəzinəni verdi iki yemişə”. Vəzir deyir ki, şah, sən o yemişə görə o qədər pulu nahax vermisən. Gedirəm əlinnən alam. Cındırınnan cin ürkən kətçiyə sən məmləkətin bir illik gəlirini vermisən. Şah deyir ki, vəzir, vallah, o sənnən də ağıllı kişidi, mənnən də ağıllıdı.
Deyir:
– Yox ey.
Nəysə, vəzir düşür kişinin dalına. Vəzir şahnan danışıf çıxana qədər kişi bir az aralaşıfmış dana. İki kəndin arasında meşəlihdə vəzir də toşnu şah kimi:
– A kişi, a kişi, a kişi.
Kişi vejinə də almır, gedir. Nəysə, vəzir buna çatır. Deyir:
– Əşi, səni çağırıram, karsan?
Deyir:
– Ə, kar özünsən. Adamsan, adam balasısan, sözün var, gəl müsəlman qaydasınnan salam ver, görəh nə deyirsən.
Vəzir görür ki, pis yerə ilişif. Gedir təzdənnən gənə şah kimi:
– Salam məlöyküm, ağsakqal. Nətərsən, nə var, nə yox?
Vəzir deyir ki, mən şahın vəziriyəm. Şah cavandı, beyni qandı, pulu da xəşdəməyi bilmir. O bizim məmləkətin bir illik gəliridi. Sənin Allah üsdünə od töhsün, o verirdi, verirdi, bəs saa nolmuşdu.
Deyir:
– Ə kopoğlu, şahın verdiyi şeyi geri qaytarmağ olar, adamın boynunu vurdurar. Verif, mən də almışam dana.
Deyir:
– Onda saa üş dənə sual verəjəm. Əgər bu suallara düzgün cavab verə bilsən, halalındı. Verə bilməsən, şahın verdiyi şeyi sənnən alajam, lap şah mənim boynumu vursa da.
Deyir ki, ver. Deməli bu kişi eşşəyin belində yolun bu üzündə, bu da atın belində yolun bu üzündə qarşı-qarşıya dayanıflar. Deyir:
– Verirəm sualı.
Deyir:
– Denən.
Birinci deyir ki, Allah harda yerrəşir? Deyən kimi kişi tez eşşəhdən düşür. Vəzirə deyir ki, ə adamsan, adam balasısan. Sən atın belində, mən eşşəyin belində, Allahın adını çəkmə. Düş yerə, dizdəri qoy yerə, sora Allahdan danış. Vəzir nə desin. Dinməzcə düşür. Deyir ki, Allah hər kəsin öz qəlbində yerrəşir. Birinci sualına cavab verir.
Deyir:
– Amma vəzir, ta mana Allahdan sual vermə. Ayrı nə sualın var ver, amma Allahdan sual vermə da, günahdı.
Deyir:
– Yox, mənim sualımın üçü də Allahdandı. İkinci sualı verirəm.
Deyir:
– Buyur.
– İkinci sualım odu ki, Allah nə yeyir, – deyəndə deyir:
– Vəzir, Allah səbir yeyir.
Bu cavab da vəziri qane eliyir. Üçüncü sualda bir də yalvarır:
– Vəzir, Allahdan demə, hardan sual verirsən ver, Allahdan danışma.
Deyir:
– Yox ey, üçü də Allahdandı.
Deyir ki, de görüm Allahın işi nədi? Deyəndə uje eşşəyin nohdasınnan tutur, gəlir düz vəzirin yanına. Deyir:
– Vəzir, Allah sana da, sənin şahına da nəhlət eləsin. İkiniz də eşşəhsiniz. Çünki sana üş dəfə dedim ki, mana Allahdan sual vermə. Çöyürüf, çöyürüf Allahdan sual verirsən. Şahın da eşşəhdi ona görə ki, mana o boyda kəndin kəndxudalığını verdi, bir məmləkətin bir illik xəzinəsini verdi, məni kəndxuda kimi kəndə göndərir, amma eşşəyin belində göndərir. Allahın işi onnan ibarətdi ki, buyün Allah-tala mənim bütün işdərimi bərqərar eliyif, bircə dənə atım çatmırdı. Allah sənin atını mənnən ötrü göndərif. Tut bu eşşəyin noxdasını.
Vəzir tutur eşşəyin noxadasını. Kişi minir vəzirin atına, xurcunu atır atın belinə, çıxır gedir.
Dostları ilə paylaş: |