36. ŞAHA BEL BAĞLAMA, ARVADA ETİBAR ETMƏ
Bəhlul külü komalamışdı belə, satırdı. Allahverdi xan vəzirnən də Şah Abbas hamama gedirdi. Vəzir gəldi bunun yanına. Bildi ki, bunda bir əngəl var dana, külü komalıyıf oturuf böyründə. Dedi:
– A Bəhlul, o nədi?
Dedi:
– Küldü, satıram yüz tümənə.
Vəzir savatdı adam idi, çıxartdı verdi. Dedi:
– De görüm, bax bu kül nə olajax?
Dedi:
– Bu kül o adamın başına ki, şaha ehtibar eliyə.
– Bəs bu?
– Bu kül də o adamın başına ki, arvada sirr verə. Kişi olan sirrini gərəh arvada vermiyə.
– Bəs bu?
Dedi:
– Bu kül də o adamın başına ki, öz qohum-əqrabasını qoyuf yadı irəli çəkə, vəzifəyə qoya.
İndi bu gəlir Şah Abbasın yanına. Deyir:
– Ə, o dəliynən nə danışırdın?
Dedi :
– Əşi, heş-zad, elə-belə.
Daa bir söz demədi Şah Abbas buna. Gəldilər. İndi bu kül alıf axı. Üz yüz tümən pul verif. Fikirrəşdi ki, mən bunu nətər sınıyım. Vəzir idi da. Şahın da bir sevimli qoçu vardı, əl qoçu idi, elə qapıda-bajada hərrənirdi. Fikirrəşdi ki, şahın qoçunu gətirim, görəh şah bir qoşdan ötəri maa nağarajax. Neçə ildi buna vəzirrih eliyirəm. Həm də gətirəjəm, arvada deyəjəm ki, şahın qoçudu, arvad, birdən ağzınnan çıxar ha. Kəsəjəm yeyəh.
Axşam işdən çıxanda bir az gej çıxdı, qarannıx düşdü. Qoş elə orda hərrənirdi da. Buynuzunnan tutdu gətdi. Yolda heş yadına düşmüyən bir qohumu vardı. Heş yadına düşmüyüf. Bu, bunun qavağına çıxdı. Dedi:
– Ə, bir dayan.
Dayandı. Dedi:
– Ə, bu qoçu verirəm sana, şahın qoçudu, apar. Şah bunnan ötəri bilirəm məni asdırajax. Gördün ki, məni asıllar, onda get qoçu gət, burax camaatın içinə.
Gəldi özünün heyvanı çox idi dana. Birini kəsdi, arvada dedi ki, bu şahın qoçudu ha, arvad. Elə tamehim keşdi buna, gətdim kəsdim. Birdən ağzınnan çıxa, deyərsən qonuma-qonşuya.
Dedi:
– Əşi, demərəm, niyə deyirəm, dəli deyiləm ha.
Bir-iki axşam keçənnən sora... Bu da gündə saraya gedir dana. Şahın qoçu yoxa çıxıf. Ora qoç, bura qoç, tapılmadı. Allahverdi xan vəzir axşam gəldi evə. Bir keçi bulantısı elədi, arvadı möhkəm döydü. Dedi görüm açır sirri. Möhkəm ey, belə ustatdan gəlmə döydü. Ayannan arvad qayıtdı ki, bu da o döyül şahın qoçunu gətirif kəsif, yeyif, qızıf düşəsən mənim canıma. Bunu qonşu eşitdimi? Şah da qoçu gəzir. Xəbər çatdı ki, bəs qoçu Allahverdi xan vəzir oğurruyuf. Vəziri çağırdı dedi:
– Ə, qoçu sən aparmısan? Mən burda üş gündü qoş gəzirəm. Mənim qoçumu niyə aparmısan?
Dedi:
– Şah sağ olsun, vallah, gedəndə qavağıma çıxdı, dedim heyvandı dana, apardım kəsdim. Mən kəsmişəm.
– Ə, sən dəlisən, nəsən? Cəllad, cəllad!
– Əşi, bir heyvannan ötəri məni asdırmıyassan ha. İkisin verim dana.
Dedi:
– Əşi, sən mana xəyanət eləmisən ey. Savah da ayrı cür xəyanət eliyəssən mana. Sənin boynunu vurdurmalıyam.
Bunu çəkdilər dar ağacının yanına. Kəndiri tulladı xirtdəyinə. Can şirindi dana. Axı tapşırmışdı məni asanda gətir. Tez bu da getdi erkəyi gətdi buraxdı camaatın içinə. O dedi: “Ə, padşahın erkəyi burdadı”. Bu dedi: “Ə, padşahın erkəyi burdadı”. Bunu saldılar aşağı. Erkəh gəldi çıxdı dana, bunu öldürmədi. Çağırdı yanına. Dedi ki, ə, zarafat eliyirdim ey, elə bilirdin səni öldürərəm? Sən mənim vəzirimsən.
Dedi:
– Əşi, ölmüşdüm dana. Kəndir buramda döylüydü? Da öldürürdün da məni. Neçə ildi burda yoldaşıx. Xeyrinə, şərinə, camaatına xeyr verən mənəm. Məni niyə öldürürsən bir toğludan ötəri?
– Ə, yox, belə, filan.
Dedi:
– Yox ey, mən sənnən qutardım. Sənə vəzirrih eləmirəm.
Nə qədər şah elədi, bu, vəzirriyi götürmədi. Yaxşı qoyunu, malı var idi. Dağıtdı hamısını yadına düşmüyən qohumlarına. Ona bir-iki inək, buna beş qoyun, ona on qoyun. Nəyi vardısa dağıtdı qohumlarına. Dedi:
– Da mən innən belə heç aylə də qurmuyajam. Dünyanın axırı bu döylü?
Bu dəxl eylədi, çıxdı getdi. Getdi bir tacirə nökər oldu. Allahverdi xan kimi bir vəzir köhnə paltar geyindi, getdi bir tacirə dedi ki, gəlim sənin yanına maa bir iş ver, işdiyim. Dedi ki, mənim dəyirmanım var, işdədə bilirsənsə, verim işdət. Gəldi girdi, başdadı orda işdəməyə. Köhnə paltar, una-zada bulanıf. Kimdi tanıyan bu Allahverdi xandı. Orda dolanırdı.
Camaat kasıflıx tapdı, təzə vəzir dolandıra bilmədi. Camaat çox pis günə qaldı. Ağsakqallar gəldi şahın yanına ki, əşi, sən bu vəziri neynədin. Onu tap gətginən. Camaat hamısı kasıf düşüf.
Dedi:
– Əşi, mən nə bilim hara gedif? Hardan tapım gətirim?
Bir ağsakqal kişi vardı. Dedi ki, Şah Abbas sağ olsun, mən sənə bir məsləhət eliyim, onda taparsan.
Dedi:
– Nətər?
Dedi:
– O hardadısa, kasıf-kusuf adamın evində olmaz. O tacirin yanında olar, varrı adamın.
– Bə nağarım?
Dedi:
– Qoyun sürüsünü gətir meydana, tərəzini də qoy qavağa. Zonanda nə qədər tacir varsa çağır yanına. Hərəsinə bir heyvan ver. Çəkdir qafanda, ver. Beş kilo gələjəh, on kilo gələjəh, yüz kilo gələjəh. Adını yaz, qavağına da çəkisini yaz. Denən apar qırx gün saxla, qırx günnən sora gətir. Artıx da gəlsə boynunu vurdurajam, əysih də. Həmin çəkini düz versin.
Heylə də eylədi. Bu tacirrər qaldı məhətdəl ki, qırx gün bunu saxlıyajam kökələjəh, ot vermiyəjəm arıxlıyajax. Mən nətər eliyim ki, qırx günnən sora həmən çəkini versin. Bekaf-bekaf bu tacir getdi dəyirmana. Dedi:
– Xozeyn, niyə bekafsan?
Dedi:
– Ə, demə, Allah evini yıxsın, padşah başımıza bir oyun açıf.
– Nədi?
Dedi:
– Belə-belə, bir heyvan verif ki, apar qırx gün saxla, qırx günnən sora gətir həmən çəkini versin. Artıx da gəlsə boynunu vurdurajam, əysih də.
Bildi ki, bunnan ötəridi. Dedi:
– Əşi, o bekara şeydi, onu nə var saxlamağa.
Dedi:
– Nətər yanı? Qırx gün azdı? Bir ay on gün eliyir. Ya kökələjəh, ya arıxlıyajax.
Dedi:
– Qorxma, mən saxlıyaram. Get mana bir cüt canavar balasını ovçulardan al gət, bir də qoyunu gətir.
Gətirdi setka düzəltdi, canavar balalarını saldı birinə, qoyunu da birinə. Verirdi, yedirdirdi, axşama yaxın bir dəfə canavar balalarını buraxırdı bu setkanın içinə. Cumurdular ki, indi qoyunu yiyələr, bu da setkadadı dana. Qoyun tayfası da canavardan qorxuf ət tökən olur. Tutduğu əti tökürmüş. Qafan da yanında idi dana. Beş günnən bir, on günnən bir qoyurdu qafana çəkirdi, görürdü hə.
Qırxıncı gün idi. Gedəjeydilər, tacirrər aparajeydi. Bu da gəldi.
– Ə, dəyirmançı, vəziyyət? Heyvan nətərdi?
Dedi:
– Ə, düzdü, qorxma. Su verməmişəm heyvana. Günortayatan bu heyvan su içmiyəjəh. Ora gedəndə günorta sula, yarım kilo əysihdi. Yarım kilo su içəjəh. Qoy qapana, düz gələjəh.
Bu da heyvanı götdü gəldi ki, camaat yığışıf, qapan quruluf, çəkillər. Artıx gələni bir tərəfə yığıllar, əysih gələni bir tərəfə. Baxır ki, heş düz gələni yoxdu. Biri artıx gəlir, biri əysih gəlir. Şah deyif, cərgəyə yığıflar hamını. Bu da suladı gətdi qoydu üsdünə, bununku düz gəldi. Bu sevindi ki, sən öl, mənimki düz gəldi. İndi padşah maa ənam verəjəh. Qapandar dedi ki, şah sağ olsun, tək bir nəfərinki düz gəlif. Qalanınkı gah artıxdı, gah əysih.
Dedi:
– O artıx gələni də burax getsin, əysih gələni də burax getsin. Düz gələni gətir mənim yanıma.
Bu dedi: “İndi mənim kefimdi dana. Mənimki düz gəldi”.
Şah dedi:
– Ə, o heyvanı kim saxlıyıf, heylə düz gəldi?
Dedi:
– Heş kim, özüm saxlamışam.
Dedi:
– Bax, sana birinci dəfədən deyirəm, səni öldürəjəm, əyəm düzünü deməsən boynunu vurdurajam. Düzü nədi onu de maa.
Axı bu da ona and içif ki, sənin adını vermiyəjəm. Gördü ki, bu çox ayan-bəri eliyir, dedi:
– Ə, bunun boynunu verin kəndirə.
Kəndiri atdılar bunun boynuna, çəkdilər, xırtdaya-xırtdaya qaldı. Gördü ki, ölür dana. Əlini qaldırdı, saldılar aşağı. Dedi:
– De görüm kim saxlıyıf?
Bir də demiyəndə bir də saldı. Üş dəfə kəndiri bunun xirtdəyinə salanda gördü ki, da öldürəjəh bunu, əl çəkmir. Dedi:
– Əşi, mənim bir dəyirmançım var, o saxlıyıf.
Dedi:
– Bə bayaxdan deyirdin mən saxlamışam. Niyə boynuna almırsan?
Vəzirə dedi:
– Dur get, onu götür gəl.
Vəzir durdu bunnan gəldi. Allahverdi xan vəzir bilirdi ki, şah bunnan ötəri belə elyir. Vəzir gördü bu bir sifətdədi, – tanıyıllar da bir-birini, – köhnə paltar, un da vurufdu, heş tanımax olmur ki, bu Allahverdi xan vəzirdi. Dedi:
– Ay Allahverdi, gəlif bura niyə girmisən? Yekə kişisən, səni gəzməhdən yorulmuşam. Gəl, şah səni çağırır.
Dedi:
– Ə, şah məni neynir. Şah mənim boynumu vurdururdu bir toğludan ötəri. Mən gedif təzdənnən şaha vəzirrih eliyəjəm?
Dedi:
– Vallah, çağırır səni.
Götdülər gəldilər.
– Ə, hardasan Allahverdi xan vəzir? Səni gəzməhdən yorulmuşam.
Yalvar-yapış. Dedi:
– Şah sağ olsun, bir toğludan ötəri məni öldürürdün, neynirsən məni. Mən sənə o qədər ki, xeyir verirdim, sən onu bilmədin.
Dedi:
– Yox ey, gəl vəzirriyi götür.
Baxdı ki, vəzifəyə qoyduğu adamlardı, buna gülüşüllər, özünün qohumları isə qalıf qıraxda. Fikirrəşdi ki, vəzirriyi götürüm, indiyətən yadıma düşmüyən qohumlarımı çəkim vəzifəyə, bunnarın da hamısını vurum salım getsin, maa gülüşüllər. Heylə də elədi. Başdadı o qohumlarının hamısını işə qoydu, yaxşı var verdi. Ölüncə də evlənmədi.
Dostları ilə paylaş: |