17. DƏNİZDƏN ÇIXAN ƏL
Bəhlul Danəndə qardaşı Harun ər Rəşidnən dənizin qırağıynan gedirmiş. Bir də görür ki, dənizdən bir əl çıxdı, qalxdı göyə. Göyə qalxanda Bəhlul da barmağının ikisini gösdərdi. O saat əl yox oldu. Qardaşı soruşur ki, ay Bəhlul, o əl nə idi? O səə nə dedi, sən ona nə dedin?
Deyir:
– O dedi beş adamın sözü bir yerə gəlsə, dünya düzələr. Mən də dedim, ay rəhmətdiyin oğlu, burda ikisinin sözü bir yerə gəlmir. O saat deyir yox oldu getdi. O gəlirdi dünyanı düzəltməyə.
ABDAL QASIM HAQQINDA
18. ÇOX QOHUMLU BƏXTƏVƏR
Avdal Qasım bir bəyin evində işdiyirmiş. Bəy buna çox az pul verir. Avdal Qasım deyir:
– A bəy, etmə, eləmə, mən işləmişəm, aylə saxlıyıram.
Bəy əhəmiyyət vermir, deyir:
– Get, yoxsa səni birtəri eliyərəm.
Avdal Qasım gedir, eşşəyi minəndə deyir:
– Toş-toş, a bəy.
Belə deyəndə bəyin adamları tökülüb bunu çırpıllar. Təzdən durur, əzilə-əzilə minir eşşəyə, deyir:
– Toş-toş, a çox qohumlu bəxtəvər.
Dostları ilə paylaş: |