30. MUSA PEYĞƏMBƏRİN ALLAHLIĞI
Bir gün Musa peyğəmbər Allaha deyir ki, sənnən allahlığı isdiyirəm bircə günnüh, şeytannan hesabım var, onu çəkim, onnan sora gənə də sənindi. Deyir:
– Get, verdim.
Bu gəlir harda nə qədər şeytan varsa, əmr eliyir yığışın bura. Bir yekə quyuya buların hamısın doldurur, ağzın möhkəm bağlıyır. Bağlıyır, deyir:
– Burdan çıxammıyessiz.
Bu gəlir evinə. Ayə, gəlir ki, bunun evi boşdu. Qardaşı yoxdu, əmisi oğlu yoxdu, camaat yoxdu, heş kəs yoxdu. Ə, bu camaat hara getdi. Ayna-bayna baxır, görür ə, sən öl, qəbirstannıx tərəfdən səs-küy gəlir. Yavaş-yavaş gəlir bura. Görür, sən öl, bir haydadı ki camaat.
– Ə, nə iş görürsünüz?
– Ya peyğəmbər, axırı ölüm döyül? Bax, bu qavırı qazırıx, uzanışajeyih bura. Neynirih tutaşa-tutaşa, vuruşa-vuruşa yaşıyax.
– Ə, bu nə hak-hesabdı?
Səda gəlir ki, ya peyğəmbər, get quyunun ağzını aç. Quyunun ağzını açır. Şeytan gəlir bu uzanannarın birinə deyir:
– Ə, burda niyə uzanmısan?
Deyir:
– Axırı ölüm döyül?
Deyir:
– Evin tikilsin, qardaşın səni alladıf göndərif, məhləni-bajanı hamısını keçirif əlinə.
– Sən canı?
Deyif:
– Sən öl, hə.
Durur tərpənir. Peyğəmbər baxır ki, doğrudan da, camaat ayannan bəri tökülüf gəlir.
Dostları ilə paylaş: |