31. MUSA PEYĞƏMBƏRNƏN ÇOBAN
Həzrəti Musa Turi-Sənaya gedirdi Allahnan kəlam kəsməyə. Görür bir çoban dağın başında qoyun otarır. Çobana salam verir, salam alır. Deyir:
– Çoban, bir yuxarı bax, gör nə görürsən.
Deyir:
– Ya Musa, bulud görürəm.
Deyir:
– O bulud yağajax?
Deyir:
– Ya Musa, mən bilirəm, bulud qısırdı, yağmıyajax.
Həzrəti Musa gedir Turi-Sənada Allahnan kəlam kəsir. Deyir:
– İlahi yarəbbim, belə bir şey var.
Deyir:
– Bəli, çoban düz deyir, o bulud qısırdı, yağmıyajax.
Deyir:
– İlahi-pərvədigar, məni çobanın yanında yalançı eləmə.
Bir möhkəm yağış yağır, çoban təpədən dırnağa isdanır. Deyir:
– Ə, bə deyirdin bulud qısırdı?
Deyir:
– Ya Musa, bulud qısır olmağına qısır idi, amma orda bir kələk oldu. Kələk olmasa, yağan deyildi.
Dostları ilə paylaş: |