40. HƏZRƏT ƏLİYNƏN GAVUR
Söypət ordan-burdan düşdü, dedi mənim qonşuluğumda müharibə vaxdı plen düşür bir adam. Plennərin başçısı bunu – Yevlaxdan olanı çağırır. Deyir: “Bura gəl”. Gəlir bunun yanına. Deyir: “Sən öl, bu, məni öldürməyə aparır”.
Bunu alır yanına, gəlir bir binaya girir. Yeriyillər, qapı açılır, yeriyillər, qapı açılır. Axırıncı qapı açılanda bu pleni gətirən adam girif içəri deyir ki, sən deyən adamı gətirmişəm. İçəridəki adam deyir: “Gətirmisən, sən çıx get”.
Bu plen görür ki, bu evin içinə ikinci bir adam girə bilmir. Qapının ağzında durur. Kreslonun üsdündə oturmuş bir adamdı, deyir, gözdəri örtülüdü, ət alıf. Əlinnən əti qaldırdı beləsinə, baxdı maa. Dedi ki, qorxma, saa iki-üş nişangah yerlər deyəjəm. Eşitmi-şəm Yevlağ tərəfdənsən. Deyir: “Qala təpə”. Deyir: “Tanıyıram”. Deyir: “Üş təpə”. Deyir: “Tanıyıram”. Deyir: “Soltanbud təpə”. Deyir: “Tanıyıram”. Axırda buna Törə təpəni deyir. Deyir:
– Həmin o Törə təpənin üsdündə Cənab Əliynən mən güləşmişəm üş sutka, – kresloda oturan adam deyir, – axırda Cənab Əli qeyzə gəlif qurşağımdan tutuf qaldırıf məni o təpənin üsdünə nətər vurufsa, buratan girmişəm torpağa. Axırı əlini atdı qurşağımdan tutdu, çıxartdı. Əlini vurdu kürəyimə, maa dedi ki, ölmə gavurum, ölmə. Həmən gavuram mən. O vaxt öləjəm Cənab Əliynən üzbəüz gələndə. Sən narahat olma. O böyüyə tapşırmışam, səni buraxajaxlar, gedəssən.
Elə onun hesabına məni buraxdılar, gəldim.
Dostları ilə paylaş: |