PİRLƏR VƏ OCAQLAR HAQQINDA
42. SEYİD HÜSEYN AĞA
I mətn
Mənim qardaşım Süleyman mənnən altı-yeddi yaş böyükdü. Şahitdi o da. Bu kəntdəki yaşdı adamların əksəriyyəti şahitdi. Hay düşdü kü, körpüdən dəvə düşüf. Yevlaxda Dəvəçi İsa var idi. Dəvəni yüklüyürdü bəhməznən, tut qurusunnan, üzü belə kəntdəri gəzirdi, paylıyırdı. Aldığı pula taxıl-zad alıf gəlif buraynan gedirdi. Ayrı da yol yoxdu, dəvə gərəh o dəmir körpüdən keşsin. İndi dəvə bu körpüdən keçəndə – bunu bütün kənd bilir, bu epizodu gözüynən görənnər çoxdu, – dəvənin iki qavax qollar çıxıb betonun üsdünə, dal qılçaları hərəsi şpalın biri burasınnan, biri o biri tərəfinnən düşüf aşağı. İndi dəvə nə qədər eliyir, qalxa bilmir. Millət tökülmüşdü. Mənim də o vaxdı beş-altı yaşım vardı. Elə qaçışırıx, belə qaçışırıx, görəh bu nədi. Nə qədər dartıllar, dəvə qalxmır. Bir də gördüh Seyid Hüseyn ağa gəlir. Əlində ağac çəliyi vardı. Yaxınnaşanda acıxlı dedi:
– Nə yığışmısız? Belə durun görüm.
Hamı çəkildi. Bircə dəfə çəliyi belə vuruf dedi:
– Dur ayağa, Allahın heyvanı.
Özünün göru haqqı, elə bil dəvəni altdan qılçalarınnan tutuf dik tulladılar. Dəvə sıçradı qalxdı. İsa kişi düşdü Seyidin əl-ayağına. İndi duz kimi yalıyır.
– Ay Allahın bəndəsi, əl çək mənnən.
Bax, Seyidin belə hökümlərini gözüynən görən kəntdə çoxdu.
II mətn
Köhnə dəmiryolu deyirik, indi o dəmiryolu yoxdu. Müharibədən sora ora ləğv olundu, başqa yerdən çəkildi. Demək, dəvə karvanı körpüdən keçəndə dəvənin ayaxları şpalın arasınnan düşür. Düşənnən sora kənd camaatı yığışıf bunu çıxarda bilmir. Dəvəni əlnən qaldırmax olmur axı. Dəvənin yükünü alıllar, mümkün olmur. Atam danışır ki, bütün kənd camaatı yığışıf. Bir də gördük ki... Seyid Hüseyn ağa, balacaboy kişi oluf. Üzünnən nur tökülür. Adam elə onun şəklinə baxıf doyur. Nəysə, gəlir, əlində çəlik. – “Noluf, noluf, ay camaat, bura niyə yığışmısız?” Deyiflər ki, ağa, bəs dəvənin qılçalara şpalın arasınnan düşüf, çıxarda bilmirik. Poyuz da haxlıyıf.
Deyif:
– Heş nə olmaz. İnşallah, Allahın köməkliyiynən çıxar.
Ona bir çəlik vurur: “Ay Allahın heyvanı, qalx”. Onnan dəvə sıçrıyıf qırağa çıxır. Dəvəçi deyir ki, o kim idi, nəçiydi. Deyillər ki, Seyid Hüseyn ağadı. Bunun əl-ayağına döşənər. Deyər ki, ağa, bu dəvənin yükünü mən sənə nəzir elədim. – “Ay balam, etmə, eləmə, neynirəm”. Deyif:
– Yox.
Götürüf gəlif bax bu araya. Zeynəb adında bir arvad vardı, dörd uşağı vardı. Əri o vaxdı müharibəyə gedif gəlməmişdi. Onu çağır-dılar, gəldi. Dedi ki, Zeynəb bajı, o unu, – dəvənin yükü də un imiş, – ovuc-ovuc payla, nöybə sənə çatanda bir ovuc da öz ətəyinə tök.
– Ay ağa, bəs sənə qalmadı.
Deyif ki, mənə Allah verəjəh. Belə-belə o dəvənin yükünün hamısını paylatdı.
Dostları ilə paylaş: |