49. BƏRDƏ İMAMZADƏSİ
İmam Cəfəri Sadığın qız nəvəsi Şahzadə İsmayıl Xilafət dövründəki ziddiyyətlərdən qaçıb Bərdəyə pənah gətirir. Burada dünyasını dəyişib. Camaat onu indiki imamzadə olan yerdə dəfn edir və qəbrinin başına dolanıblar.
XII əsrdə İbrahim addı bir tacir gəlib Bərdəyə dəvələrnən. Görür ki, insanlar bir qəbrin başına dolanır. Soruşur ki, burda kim dəfn olunub, camaat buranı ziyarət edir. Deyillər ki, bəs filankəs. Onda niyyət edir ki, əgər niyyətim hasil olsa, qayıdanda bunun üstündə türbə tikdirəcəyəm. Niyyəti hasil olur və qəbrin üstündə türbə tikdirir. Ona görə də bəzən ora İbrahim məscidi də deyirlər.
Camaat deyərdi ki, burda dəfn olunan Gəncədəki imamza-dənin – İbrahimin qardaşıdır. Deyilənə görə, imamzadədən tapılan bir dəmir parçasının üstünə İsmayılın adı yazılıbmış, həmin dəmir parçasını da kümbəzin yuxarısına vurmuşlar. Sovet dövründə həmin dəmir parçası çıxarılıb tullanılır.
1868-ci ildə Kərbəlayi Şeyx Səfi Qarabaği yerli bəylərin maliyyə yardımı ilə məscidi yenidən inşa etdirir, ona dörd minarə əlavə edir. Qarabağda ən addı-sannı adamlar ölən vaxdı vəsiyyət edərdilər ki, onları Bərdədə imamzadənin yanında dəfn eləsinnər. Ona görə də orda dörd mərtəbəli qəbrlər vardı. İnsanlar bir-birinin üstündə dəfn olunmuşlar. Pənahəli xanın bacısının, Məhəmməd bəy Cavanşirin qəbri də ordadır.
Dostları ilə paylaş: |