56. ŞAH ABBAS
I mətn
Bir gün Şah Abbas Vəzir Allahverdi xannan gedir bir kəndə dərviş libasında. Gejə bir evdə qalıllar. Yatıllar, səhər duruf gedəndə ev yiyəsi bunnarın qabağına qaymağ gətirif qoyur. Şah Abbas o vaxta kimi gamış qaymağı yeməmişdi. Şah Abbas yeyir. Vəzir Allahverdi xana him-cim eliyir ki, bu nədi, nə qaymağıdı belə. Deyir ki, şahım, mən eşitmişəm, gamış qaymağıdı. Deyir:
– Bunu yaz vergi dəfdərinə, bunnan vergi alınsın.
Yazır. Səhər bunnar yeyif gedəndə görüllər, üzdən irax, yolun qırağında böyüh təpə kimi bir nəcis var. Şah soruşur ki, bu nədi belə. Deyir ki, bə bu, gamışın nəcisidi. Deyir:
– Vəzir, poz onu.
Deyir:
– Niyə?
Deyir:
– Ə, onu saxlıyan bunu nə qədər yedizdirir ki, nəcisi də bu boyda olur. Yazıx elə qazancını bunu saxlamağa xaşdıyır ki. Bunun vergisini nətər ödəsin.
Şah Abbas ona görə adil şah olufdu, camaatı sevən olufdu, camaat da onu çox isdiyif.
II mətn
Şah oğlu Şah Abbas təğyirlibas oluf Vəzir Allahverdi xannan gəzirmiş. Bir bağın böyrünnən keçirmişdər, özü də bərk susamışdar. Bağbanı çağırıllar ki, bərk susamışıx, bizə su verginən.
Bağban deyir:
– Suyum yoxdu, amma mən sizin susuzluğunuzu yatırdaram.
Deyir:
– Nətəri?
Gedir bir nar üzüf gətirir. Narı piyaləyə sıxanda Şah oğlu Şah Abbas dedi ki, o nar o piyaləni doldurmaz. Bağban sıxır, piyalə dolur. İçənnən sora deyir ki, olarmı bunun birini də gətirəsən. Bağban ikinci narı qoparmağa gedəndə bu, vəzirə deyir ki, vəzir, görəsən bu, bağın vergisini verir?
Bağban narı gətirir, nə qədər sıxırsa, piyalə dolmur. Dolmuyanda Şah Abbas deyir:
– Gördün, mən dedim ki, o nar piyaləni doldurmaz.
Bu təğyirlibasdı, elə bilir heş kim bunu tanımır. Bağban deyir:
– Qibleyi-aləm, deyəsən, qəlbini dolandırdı.
Dostları ilə paylaş: |