Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə91/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   87   88   89   90   91   92   93   94   ...   197
V

NAĞILLAR
1. QUŞ DİLİ BİLƏN İSGƏNDƏR
Bir padşah olur. Bunun da bir ayləsi olur, bir də bir oğlu olur. Vaxt gəlir çatır, bunun uşağı körpə ikən ayləsi ölür. Oğlu qalır yetim, anasız. Vəzirə deyir ki, mən evlənmiyəjəm, bu uşağımı ögey ana əlinə vermiyəjəm.

Bir müddət evlənmir. Padşah idi da, qonağı-qarası çox olurdu. Və­zir-vəkil dedi ki, padşah sağ olsun, sən evlənməsən dolana bil­məz­­sən. Qonağın-zadın çox olur sənin, evində aylən olmasa nətər olar? Nəysə, bunu evləndirillər. Arvad gələndə deyir ki, ay arvad, bax, mənim bircə oğlum var. Mən nə bilim sənnən mənim uşağım ola­jax, olmuyajax. Gözümün iraxmadarı* budur. Var-döylət də ki, çox­dur. Bunu öz balan kimi saxla, səni and verirəm Allaha. Bu da dedi:

– A kişi, maa neyniyəjəh, körpə uşaxdı, yanımda hərrənəjəh da.

Nəysə, arvad qaldı burda. Gədə də uşaxdı, amma Allah-tala ona verif, quşdarın dilini bilir. İki quş orda cırt-cırt eliyəndə bilirdi ki, nə deyir. Allah vermişdi dana.

Bir gün analığı dedi ki, gəl bu suyun altını qala, paltarı yu­yum. Bu ojağı qalıyır, arvad da yuyurdu. Bir cüt göyərçin gəldi qon­du ağaca. Biri-birinə dedi ki, a bajı, bu İsgəndər vaxt gələjəh yekələjəh, buranın padşahı olajax, analığı da onun əlinə su tökəjəh, əlini yuyajax. İsgəndər başa düşürdü da quşun dilini, güldü. Yanı mən padşah olam, analığım da əlimə su tökə. Güləndə arvad elə bildi ki, buna güldü. Kösöyü götürdü, “tarap” bunun belinin orta­sınnan vurdu. Birin-ikisin, analıxdı dana. Dedi:

– Qancığın küçüyü, sən mənim qarnımdan çıxmamısan a, maa gülessən? – Elə bildi ki, üsdü-yazı açılıf, İsgəndər buna gülür. – Bu gün maa gülən, savah başıma oyun açar. Qoy atan gəlsin, ya səni saxlasın, ya məni.

Padşah gəldi ki, ağlamaxdan gədənin gözü şişif.

– A bala, niyə ağlamısan?

Dedi:


– Vallah, anam məni döydü, ata.

– Ay arvad, bunu niyə döymüsən, körpə uşaxdı, tapşırma-mışam saa?

Bu dedi ki, yox, sən deyən döylü. Ya oğlan oturajax burda, ya mən. Kef sənindi. Ya məni saxla, ya onu. Kişi qaldı belə. Bir gün, iki gün, gündə dava-dalaş.

Bir gün kişi dedi ki, əşi, bunu Allah vermişdi, anasını da ve­rəy­di dana. İndi anasını aldın, bu anasız uşağı nətər saxlıyım? Getdi bir sandıx qayırtdırdı, gətdi gədəni qoydu içinə, müşəmbə­lədi, apardı Tər­tər çayı kimi bir çaya gözünü yumdu, tulladı. Çay sandığı götdü ağ­zı aşağı apardı, bu padşahın ölkəsinnən çıxartdı. Qabaxda su dəyir­man­narı olurdu. Qol ayrılırdı ora. Bu düşdü bu qolun birinə, getdi ilişdi püştəyə. Amma o padşahın ölkəsinnən çıxıf ha. Püştəyə ilişəndə dəyirman yatdı. Tez dəyirmançı çıxdı gəl­di ki, əyə, bir bəzəkli sandıx. Kişi bu sandığı götdü, dedi qızıldan-mızıldan olar içində. Apardı san­dığın ağzını aşdı ki, bəh-bəh, bir gözəl oğlandı, yatıf xorhaxor. Bunu durğuzdu. Dəyirman­çının da züryəti yox idi. Tez bunu götürdü tər­pən­di evə. Getdi dedi ki, ay arvad, Allah bizə züryət vermədi, bir gö­zəl oğlanı su gətirif çıxa­rıf­dı. Nə bilim hansı ölkədən gəlifdi, tanımı­ram, bilmirəm. Elə bunu Allah bizə görə gətirif. Bunu köynəyinnən keçir, oğulluğa götür. Arvad köynəyinnən tez keçirir. Gədə yaxşı oğ­lan imiş, həm də quş dilini bilirdi. İndi gedəni qoyullar məktəbə.

Buranın vəzirinin bir oğlu varıydı. Elə o da buna oxşuyurdu, adı da İsgəndər idi. Bu gedəynən birrəşdilər, elə bir gedirdilər, bir gəlirdilər. Nəysə, on il oxudular. Məktəbi qutaranda vəzirin oğlu dedi ki, İsgəndər. Dedi:

– Hə.

Dedi:


– İsgəndər, sən mana oxşuyursan, mən də sana. Bizi seçən yoxdu. – Kamranın uşaxları kimi. – Gəl sən də get atana de, mən də gedim atama deyim, qardaş olax.

Bu da dedi:

– Nə deyirəm.

Dedi:


– Bax, mən gedirəm ha. Mən atama deyəjəm mollanı-zadı gətsin, hazırratsın. Sən də atanı-ananı götür gəl bizə.

Gəldi bu da anasına dedi. Dedi:

– Ay bala, get atana de.

Gədə tərpəndi gəldi dəyirmançının yanına ki, ata, hal-qəziyyə belədi. Əl çəkmir mənnən vəzirin oğlu, deyir qardaş olax. Kişi sevin­di. Dedi:

– Ayə, mən hara, vəzir hara. Ay oğul, bu nə hak-hesabdı.

Dedi:


– Vallah, özü əl çəkmir mənnən.

Kişi tor tulluyurdu, axşam olanda balıx gətirirdi evə. Dedi:

– Ay ata, gəl mənim baxdıma bir tor tulla bura, görək nə çıxır, əlimizdə apararıx.

Kişi getdi beş-altı dəfə tulladı çəkdi, tulladı çəkdi, bir qızıl balıx düşdü. Kişi qayıtdı yerə baxdı, göyə baxdı, dedi:

– Oğul, mən neçə ildi bura tor atıram, hər axşam evə balıx gətirirəm. Burda qızıl balıx yox idi, bu hardan gəldi düşdü? Bu sənin baxdınadı.

Götdülər gəldilər, bir badnos bəzədilər. Elə səvinillər, elə səvi­nillər bu gedənin belə olmağına. Götdülər getdilər. Getdilər ki, onnar da hazırdı, mollanı gətirif. Vəzir durdu dəyirmançıynan sa­lam­laşdı, xoş-beş. Yeməh-işməhdən sora dedi ki, uşaxlar qardaş olmağ isdiyir, razısanmı? Dəyirmançı dedi:

– Mənim əlimin ikisi də göydə.

Vəzir hara, dəyirmançı hara. O Allahdandı. Molla siğə oxuyur, çıxır gedir. Amma bu gedənin quş dili bildiyini heş kəs bilmir. Gədə də çox savatdı oğlandı. Məəllim bir yerə gedəndə uşaxları buna tap­şırıf gedirmiş. O dərs verirmiş uşaxlara. Heylə savadı varmış. Amma ora­nın padşahının da bir qızı varıdı, oğlu-zadı yox idi. Qızı da zirzə­mi­də saxladırdı. Təyin eləmişdi, aşbaz bişirif hazırrıyırdı çörəyini qı­zın, qulluxçu da aparıf qoyurdu qavağına, qız yeyirdi. Qavı götürüf gəlirdi.

Bu minvalnan bir müddət İsgəndər burda işdədi. Getdi gəldi, getdi gəldi. Günnərin birində qızın çörəyin-zadın verdi, nizamladı elədi, indi gəlir evlərinə. Elə nətər oldusa, yolda atasının vilayəti bunun yadına düşdü. Elə bil burnunun qavağında iylətdilər tüsdünü. Kor-peşman gəldi. Bir az da ağladı, gözündə yaş oldu. Gedəndə qardaşı çıxdı bunun qavağına, vəzirin oğlu. Dedi:

– A qardaş, səni vuruflar, nədi, niyə ağlıyırsan, niyə bekafsan?

Dedi:

– Heş-zad əşi.



– Qardaşın mənəm, maa dərdini deməsən kimə deyəssən?

Dedi ki, İsgəndər, mən sirrimi heş kəsə aşmamışam, sənnən qardaşam. Mən bura adamı döyüləm. Heş özüm də bilmirəm har-danam. Uşax vaxdınnan çıxmışam, heş yerimi-yurdumu bilmirəm. Amma elə yadıma düşüf ki, burnumun uju ütür. Dedi:

– Gedəh da. Beş-on adam götürəh gedəh, bizim əlimizdə döylü?

Dedi:


– Yox ey, heylə getmiyəh.

Dedi:


– Bə nətər gedəh?

Dedi:


– Mən axı padşahın qızının çörəyini aparıram, səni də tanı­mırlar. Gəl səni örgədim nətər aparmax lazımdı. Sən çörəyi apar ver, maa da bir yoldaş ver, adama bir at minəh gedəh. Soraxlıya-soraxlıya gedif tapajayıx.

Heylə də elədilər. Qardaşı İsgəndər getdi qızın çörəyini apardı, bu da getdi. Bir yoldaş aldı yanına, getdilər. Soruşa-soruşa, filan kənd haradı, filan şəhər haradı. Bunun da atası burda qojaldı, pad­şah­lıxdan çıxartdılar. Padşahın binasının birini verdilər buna, arva­dıynan orda olurdu. Bir üş-dörd keçisi var idi. Aparıf otarıf gətirir, onnan dolanırdı. Bura da bir padşah qoyuflar, amma tanıyan yoxdu ki, bu kadındı, yoxsa kişidi. Kadındı amma. Burda padşahlıx eliyir.

Bu İsgəndər oğlannan gəldi. Elçi daşı var idi, onun üsdündə otu­­­rullar. Kim nə isdiyirsə, gəlif həmin daşın üsdündə otururdu. Bu­lar so­raxlıya-soraxlıya gəldilər, həmin daşın üsdündə otdular. Dedi­lər köh­nə padşahın binası buradı. Padşah adam göndərdi ki, get gör on­nar kimdi, niyə gəlif. Qasid gəldi. Aralıdan gələndə İsgən­dəri gör­dü, məhətdəl qaldı ki, kişi xeylağı ola, belə gözəl ola. Gəldi salamlaşdı.

– A qardaş, xeyirdimi? Padşah məni göndərif, nə isdiyirsiniz?

İsgəndər dedi:

– Bizə heş-zad lazım döyül. Burda gejəliyif qalmax isdiyirih, səhər gedəh.

Özü yalannan deyir e. Bu tərpəndi getdi padşaha dedi ki, pad-şah sağ olsun, orda bir oğlan görmüşəm, əşi, dünya gözəlidi. Pad-şah sağ olsun, icazə versən onu gətirərdim, burda qalardı. Dedi:

– Get götür gəl.

Gəldi bu, dedi ki, padşah deyir gəlsin qonağım olsun, sabah gedər da. İsgəndər yoldaşına dedi ki, sən mənim atımı da götür, qayıt get. Orda mənim qardaşıma denən ki, hal-qəziyyə belə-belə, qar­daşın getdi ora. Bu atı götdü getdi. Bu da getdi, görüşdülər, elədilər, yaxşı çay-çörəh. Bu İsgəndər bilikli adam idi. Əlini elə bunun əlinə vuranda gördü kadın əlidi. Üsdünü vurmadı. Çörəhdən-zaddan yedilər, elədilər. Yatı vaxdı bir otağa o getdi, bir otağda da İsgəndər yatdı. İsgəndər gejə durdu çıxdı balkona. Abışkadan baxdı ki, əyə, bu kadındı. Yatıfdı, saşdar tökülüfdü, üsdü-başı açılıfdı. Ayə, belə şey olarmı, kadın nətər gəlif padşah oluf.

Savah açıldı. Gənə çörəh-zad yedilər. Dedi ki, padşah sağ olsun, indi maa icazə verirsənmi, mən gedəm. Dedi:

– Yox, saa hara icazə verirəm, səni buraxmaram.

Bir üş gün qaldılar burda. Söybət, ayan-bəri. Gördü ki, bu ka­dındı. Dedi ki, İsgəndər, gəlsənə sən elə burda qalasan. Mən kadınam.

Dedi:


– Bilirəm kadınsan. Sifdə sənnən salamlaşanda bildim ki, kadınsan, əlin əlimə dəyəndə.

– Gəl sən, – dedi, – mənim yerimə padşah ol, mən də sənin və­zirin olum. Məndə elm var, bilik var, tilsim var. Mən də elə-belə adam döyüləm, burda dolanax.

Dedi:

– Nə deyirəm.



İsgəndər də elə bunu gəzirdi dana. Dədəsinin vilayətidi. Bular mollanı gətdilər, kəbini kəsdirdilər. İndi İsgəndər oldu şah, bu oldu vəzir. Dolanırdılar burda.

Bu burda dolansın, sənə xəbər verim o biri İsgəndərdən. O biri İsgəndər də qızın çörəyini apardı gətdi, apardı gətdi. Qız dedi ki, ay oğlan, çörəyi gətirif qoyuf gedirsən bekaf-bekaf. Heş məni dindirmirsən, danışdırmırsan. Dedi:

– Ay xanım, mən sənnən nə danışa bilərəm? Sən padşah qızısan. Nə deyilməlisə, sən deməlisən.

Dedi ki, gedəndə anamı gör. Anama denən ki, qızın səni ça­ğırır yanına. Anasını çağırır yanına. Deyir ki, ana, maa çörəh gətirən oğlanı sevirəm. Atama de, məni versin buna. Arvad kişiyə dedi. Kişi də hesabladı aşağı-yuxarı. Qızı verdilər buna. Bu oldu pad­şahın yeznəsi, padşah da qojalıf da. Başdadılar burda dolanmağa.

Günnərin birində başqa padşahdan qasid gəldi ki, ya maa yeddi ilin baci-xəracın verəssən, ya sənnən dava eliyəjəm. Padşah da qoja idi dana. İsgəndəri göndərdi ki, get oğlum, gör nə deyir. Bunnar da belə deyəndə bu qaldı belə. Bu İsgəndərin elə savadı yox idi. Fikirrəşdi ki, mən elə gedim o qardaşımı göndərim gəlsin, o, açar da bunnarın cavabını. Bunnara dedi ki, gedin üş günnən sora gəlin, sizə bir söz deyəjəm.



Gəldi İsgəndərnən gedən oğlana dedi ki, ə, mənnən gedəh İs­gən­dərin yerini bilirsən dana, ora. Gəldilər burda düşdülər. Bu İs­gən­dər getdi çıxdı ki, qardaşı yatıfdı. Yavaşcadan qapının cəftəsini xan­çal­nan aşdı. Açan kimi İsgəndər qalxdı. Çıxdı çölə, görüşdülər, elədilər.

– Ə, xeyirdimi?

Dedi:

– Hal-qəziyə belə-belə. Gəlmişəm ki, gedəh onun cavabını ver.

Dedi:


– Sənnən məni ayıra bilmillər. Sən gir mənim arvadımın yanın­da yat, mən gedim.

O İsgəndər gəldi girdi bunun arvadının yanına. Bunun yanında uzanan kimi xançalını çıxartdı qoydu ortalığa. Dedi:

– Aaz, ayna yat, ətin ətimə dəyməsin.

Bu da bilikli idi, tilsimi vardı. Dedi:

– Ə, bu niyə belə elədi? İndicə mənim yanımdan çıxdı. İndi də gətirif araya xançal qoyuf.

Ha baxdı üzünə-gözünə, gördü elə həmən İsgəndərdi dana. Tanımadı. O da getdi orda onun arvadının yanına xançal qoydu. Savah gəldilər. Durdu getdi. Dedi ki, nədi, xeyirdimi? Dedi:

– Gəlmişdih də bir dəfə. Ya yeddi ilin baci-xəracın ver, ya da davamız davadı.

Bu, qüvvəli adam idi. Həm də bilikli adam idi. Bunun birinin qulağının divinə nətər vurdusa, orda öldü. Birinin də qulağını çəkdi qopartdı, verdi o birisinin əlinə, dedi:

– Apar ver padşaha.

Bunnarın hərəsi bir məna verir. Apardı verdi, dedi:

– Padşah sağ olsun, belə-belə.

Dedi:


– Əşi, tərgidin ayna, o xatadı, qandı.

Gəlmədilər. İndi bular gəldilər dəyişdilər yerrərini. Gejənin bi­rində o gəldi, bu getdi. O da xançalı aradan götdü, bu da. Bu padşah olan dedi ki, İsgəndər, bu nə sirr idi, bunnan məni agah elə. Eləməsən, səni pis sifətə salajam.

Dedi:

– Aaz, get, sənin nə dərdinə qalıf, kef mənimdi.



Bir qədər belə cəhləşdilər. Bir gejə bu İsgəndəri gətdi bir tilsi­mi vardı köpəh qızının, vurdu İsgəndərə, ayı şəklinə saldı. İsgəndər baxdı ki, bədheybət bir heyvana oxşuyur, bir ayı şəklindədi. Bunu gülləynən də ata biləllər, öldürəllər də. Kolnan-kosnan çıxdı, düz-dərə, ha burda, ha orda, gəldi çıxdı qardaşdığı İsgəndərin torpağına. O vaxdı gəldi ki, bunun qaynatası ölüf, padşah bunu qoyuflar. Bu, xeyrata adam göndərif ki, ulağnan meşədən odun gətsinnər. Bu da neçə günnən sora getdi çıxdı o meşəyə. Qızılca şəlin altında dur­muş­du. Gördü odun yığannar var. Dedi:

– Ayə, qardaş, bura haradı, kimin torpağıdı?

Dedilər ki, İsgəndərin torpağıdı. İsgəndərin qaynatası ölüf, biz də odunu yığıf aparırıx onun xeyratına.

Adam kimi danışır, amma tilsimdədi. Dedi:

– Sizə bir söz desəm İsgəndərə deyərsinizmi?

Bular həm qorxur onnan, həm də görüllər adam kimi danışır da. Dedi:

– Gedin İsgəndərə deyin, and verirəm qardaşı İsgəndərin ca­nı­­na, məni aparsın qarnımı doyursun.

Bunnar tez odunu yüklədilər, gəldilər tökdülər. İsgəndəri çağırdılar, dedilər:

– İsgəndər, meşədə bir heyvan var, dedi gedin İsgəndərə de­yin, onu and verirəm qardaşı İsgəndərin canına, mənim qarnımı apar­sın doyursun, ajam.

İsgəndər bunnarnan gəldi, gördü bir ayıdı, tüklü ayı. Bu dil­ləndi, dedi:

– İsgəndər, gəldin?

Dedi:


– Hə, gəldim.

– Səni and verirəm qardaşın İsgəndərin canına, mən neçə gündü ajam, mənim qarnımı doyuzdur.

Dedi:

– Gəl.


İsgəndər özü də bunnan qorxur. Tüklü bir şeydi da, ayıdı. Bu­nu aldılar yanına, gəldi bunu ayrıca bir evə qoydu, gətdi o xeyrat­dan tökdü bunun qabağına. Yedi, aj idi. Dedi ki, İsgəndər, məni tanımadın, qardaş? Dedi:

– Sənin tanınmalı bir yerin qalıfmı, səni tanıyam?

Dedi:

– Mən sənin ujunnan belə olmuşam, bilirsənmi onu. Sənin ujunnan arvad məni tilsimə salıf.



Dedi:

– Hə.


Padşah tez əmr verdi, axuntdarı, mollaları yığdı gətirdi bura. Nə qədər elədilər, bunu aça bilmədilər. Bir qoja molla vardı. Dedi:

– İsgəndər, bunun tilsimini qırsa, keşiş qırajax. Keşişin get axundunu gətir.

İsgəndər göndərdi adamı, getdi keşişi gətirdi. Bunun tilsimini qırdı. Baxdı ki, ə, nə vaxdan çöldə, üz-göz tük, paltar tökülüf. Gətdi bunun üzün-başın qırxdırdı, təmizdədi, hamamlatdı, paltarını geyin­dirdi. Dedi ki, qardaş, nətər oldu? Dedi:

– Vallah, yatmışdım, durdum gördüm beləyəm.

Dedi:

– Da getmə. Sən gəl burda padşah ol mənim yerimdə, mən də vəzir olum, dolanax dana.



Dedi:

– Yox, ay İsgəndər, mən onu qəbul eliyə bilərəmmi? Mən onu öldürməsəm, qəbul eliyə bilmərəm axı. Mən gedəjəm qardaş, onu öldürəjəm, arxeyin ol.

Qardaşdılar da. O dünyada siğə qardaş görüşür bircə, deyir. Elə-belə qardaş görüşmür. Siğə qardaşın qüvvəsi nətərdisə, deyir, o dünyada onu görüşdürüllər. Orda qalır, babatdaşır, qüvvətdənir.

Bir gün gəlir, gejə gəlir ki, arvad yatıf. Yatılısını doğruyur yığır meşoğa, aparır məhlədə basdırır. Deyir, get, sənnən qutardıx.

Savah açılır. Bir qoja kişi vardı. Bunu çağırtdırdı yanına. Dedi ki, bu padşahdan qavax olan padşah ölüfdü, yoxsa durur? – Atasını gəzir da indi bu. – O hardadı? Dedi ki, bala, qojaldığına görə onu pad­şahlıxdan çıxartdılar, o dey, padşahın alt evinin birini veriflər ona, arvadıynan ordadı. Üş-dört dənə davar-duvarı var, aparır ota­rır, gətirir, orda dolanır. Deyir:

– Get ona denən ki, padşah deyir savah günorta ona qonağam.

Vəzir gəldi dedi ki, əşi, padşah deyir ki, savah günorta ona qonağam. Kişi qaldı məhətdəl. Arvadı çağırdı:

– Ay arvad, padşah belə-belə deyir. Bizim nəyimiz var, biz padşaha nətər qonaxlıx verək. Padşah tək gəlmiyəjəh, başında nə qədər adam var.

Dedi:

– A kişi, deyir deyir da. Daa nağarax. Gətir çəpişin birini kəs. Qoja adamlarıx da, güjümüz ona çatır. Bişirəh, bax burda – o vaxdı elə yerdən otururdular, – qapıda bir çinar ağajı vardı, onun da köl­gəsinə döşəyi, yorğanı tökəh, gəlsin orda yesin-işsin, çıxsın getsin. Daa nağarax.



Savah günorta bunnar nizamlandı, padşah vəziri, vəkili, bir iki ağsakqal götdü, getdi. Getdi ki, hə, hazırdı yer-yurd. Qavaxda af­tafalar vardı. Gətirirdilər, əlii yaxalıyırdın, silirdin, otururdun ye­məyə. Bu kişi aftafanı əlinə aldı, məhrabanı da tulladı qoluna, gəldi, baş­dadı bunnarın əlinə su tökməyə. Tökə-tökə gəldi, padşaha çatan­da dedi ki, yox, yox, yox, ata oğulun əlinə su tökməz. Dedi:

– A bala, sənin vəzifən mənnən böyühdü, sən padşahsan. Nolsun mən ağsakqalam.

Dedi:

– Yox, yox, ata oğulun əlinə su tökməz.



Kişi arvadı çağırdı:

– Ay arvad, ay arvad, padşah məni qoymur, gəl, bunun əlinə su tök.

Arvad gəldi, aldı tökdü. Dedi:

– Hə, indi yuyaram.

Əlini yaxaladı. Otdular, yedilər, işdilər, qutaranda dedi ki, ata, məni tanımadın? Dedi:

– Yox, ay bala, sən kimsən?

Dedi:

– Ata, məni niyə tanımırsan. Bax, bu anamın sözüynən məni qoydun sandığa, apardın tulladın dənizə ha. Bax, mən sənin oğlu­nam da, həmən oğlanam, İsgəndərəm. Allah məni öldürmədi, gətdi çıxartdı gənə bura.



Kişi bir az ağladı. Başına-gözünə döydü. Nolajax. Dedi:

– Çəpiş-çüpüşü kimə verirsən ver, gəl çıx otur taxtda. Necə ki mən sağam sən əlini bir işə vurmuyassan.

Orda başdadı atasını saxlamağa. Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də Musanın.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin