21. BACI HƏSRƏTİ
Deyir bir kişi olur, naxırçı olur. Günü bir çörəyə kəndin malını-qoyununu otarırdı. Bir gün gedif düzdə oturuf fikirrəşəndə bunun gözünə ağ bürüncəhli bir kişi görünür. Gəlir buna salam verir, salam alır. Deyir bəs sənin ömrün yaxınnaşıf, mən gəlmişəm sənin canını almağa. Deyəndə bu yalvarır-yapışır. Deyir:
– Ay Azreyil, mənim canımı alma, qoy gedim. Həm çarığım köhnədi, arz eləmişəm ki, Allah, pulum olsun, bircə təzə çarıx alıf ayağıma geyinim. Qoy mən bircə təzə çarıx alım ayağıma geyinim. Həm də qərif diyarda bir bajım var, neçə ildi o bajımnan görüşməmişəm. Gedim onnan halallaşım gəlim.
Buna Azreyil deyir:
– Səə üş gün möhlət verdim, get bajınnan halallaş, gəl.
Bu durur gəlir çarıxçının yanına. Çarıxçıya zakaz verir, ayağını ölçdürür. Çarıxçının böyründə suyun içində balıxlar varmış. Balıx baş qaldırır başdıyır qalkqıldıyıf gülməyə. Bu deyir ki, bu nə olan şeydi, balıxlar niyə güldü? Bir dənə bilici tapıllar. Bilici deyir ki, a kişi, sənin üşcə gün ömrün qalıf, sən bir həftəyə zakaz verminsən çarıx tikdirirsən. Balıxlar gülür ki, sən üş günə qədər ölüf gedəssən, o çarığı niyə tikdirirsən.
Deyir:
– Mən möhlət almışam.
Gəlir arvada deyir:
– Arvad, dur heyvəmə çörəh qoy, gedirəm bajımla halallaşmağa.
Arvad deyir:
– A kişi, bajıı yanına bir aylıx yoldu. Gedərsən, yolda ölüf qalarsan. Qojalmısan, heydən düşmüsən. Bajın hardan yadına düşdü?
Deyir:
– Yox ey, olmaz. Gedəjəm bajımla halallaşmağa. Ölüm-itim dünyasıdı.
Nəysə, arvad durur bir az çörəh qoyur dəstərxanına, götürür gəlir. Yolda gələndə görür ki, bir meyid aparıllar basdırmağa. Bu meyitdən keşmir. Düşür bu meyidin arxasına, meyidin namazına durur, basdırılır, bunun fatihəsi verilir. Camaat dağılannan sora durur yoluna rəvan olur. Bu, Allah-talaya xoş gəlir. Allah-tala onun ömrünü on il uzadır. Deyir: “Bu adam ki, ölüdən keşmədi, Qurannan, namazdan keşmədi, on il ona ömür verdim, Cəbrayıl”.
Bu sora keçif gedir. Görür ki, heymədə bir nurani şəxs oturuf Quran oxuyur. Burdan da keşmir. Oturur bu, Quranı qutarana qədər buna qulax asır. Deyir: “Heç olmasa qulax asım da, ömrümün axır çağıdı”. Allaha bu da xoş gedir. Cəbrayıla əmr eliyir ki, o ki Qurannan keçif getmədi, on il ona ömür verdim, getsin yaşasın.
Gəlir bajısının yanına. Bajısınnan halal-hümmət. Bajısı deyir:
– Ay qardaş, gəlmişkən bir həftə qal.
Deyir:
– Yox ey, ay bajı, buyünnəri qayıtmalıyam.
Bajısıynan görüşəndə bajısı okqədər sevinir ki, Allah-talaya xoş gedir. Allah-tala deyir:
– Cəbrayıl, bajısını sevindirdiyinə görə on il də ömür vedim, getsin yaşasın.
Bajısınnan görüşür, qayıdır gəlir. Kişi gəlir oturur, qüsulun verir, paklaşır. Yönü qivləyə uzanır, kəlmeyi-şəhadətini oxuyur ki, ta mən ölməliyəm də. Vaxdım üş gündü, o da tamam oldu. Ha göz-düyür, ölmür. Axşam olur, ölmür, savah olur, ölmür. Deyir: “Bu nə olan şeydi?” Nə qədər gözdüyür, gözdüyür. Axırısı gəlir Azreyil-nən görüşdüyü yerə. Deyir: “Gedim görüm nətər oldu. Bəlkə Azreyil özü öldü, gəlif mənim canımı almadı? Gedim görüm oralarda var, yox”. Gələndə bunun gözünə gənə bir şəxs görükür. Qurban olduğum peyğəmbərlərin səması bunun gözünə görükür. Deyir:
– Ya peyğəmbər, bu nejə olan şeydi. Bəs yazıya pozu varmı? Mən öləsi idim, niyə ölmədim?
Deyir?
– De görüm bajının yanına gedəndə haralarda nə görmüsən?
Deyir:
– Vallah, gedəndə yolda gördüm bir tabut aparıllar. Tabutdan keşmədim, o şəxsin namazına durdum. Onu qavıra qoyuf basdırana qədər gözdədim. Bunu görmüşəm. Bir də getdim gördüm bir nurani şəxs Quran oxuyur. Ona çox marağım oldu, Quran oxunuf qutarana qədər keşmədim. Sora da getdim bajımnan görüşdüm. Bajım da çox sevindi.
Deyif:
– Hə. Meyidi keşmədiyin üçün Allah-tala səə on il ömür verdi. On il Qurana qulax asdığına görə, on il də bajının ürəyini şad elədiyinə görə. Allah-tala səə otuz il ömür verif. Ruzanı da bol eliyəjəh, get yaşa.
Demək, yaxşılığına görə Allah-tala bunun yazısını pozdu.
Dostları ilə paylaş: |