39. ŞAHIN SİĞƏ QARDAŞI
Bir şah olur. Şahın bir molla dosdu olur. Bunnan qabax da siğə qardaşdıx vardı. Bu molla hər gün gəlir oturur şahın yanında, yeyir-içillər. Gedəndə yerdə qalmış qır-qırığı molla yığır aparır. Vəzir-vəkil deyir:
– Ə, tədbir görməh lazımdı. Bu evi yıxılmış uyuf mollaya, surfada qalanı da molla aparır. Bizə heş-zad çatmır. Nətər eliyək bunu aradan götürək?
Əncam tapıllar. Biri gəlir şahın yanına, deyir:
– Şah, savah dosdun gələjəh, siğə qardaşın. Ona bir sual ver, qırx gün də vaxt ver. Sənnən əl çəkmir, gejələr də qoymur səni yatmağa.
Deyir:
– Nə deyim?
Deyir:
– Ona de ki, mənim bədənimdə nə qədər qan var? Bu bir. İkinci, mənim dərim neçəyə dəyər? Üçüncü, mənim ağlım nə qədərdi?
Molla gəlir. Oturullar, yeyillər, içillər. Molla duruf gedəndə şah deyir:
– Dayan. Qardaşdıx öz yerində. Saa üş sualım var.
Deyir:
– Buyur.
Hal-qəziyəni deyir. Molla deyir:
– Əşi, o hasantdı.
Otuz dokquz gün nə qədər münəccim, baxıcı olur soruşur, heş kim bu suallara cavab tapmır. Kim bilir kimin bədənində nə qədər qan var? Otuz dokquzuncu gün yadına düşür ki, Kerş dağının dalında çoban dosdu var. Gedif onnan da vidalaşım, savah boynum vurulajax.
Çoban baxır ki, molla gəlir. Həmişə əmmaməni qaldırıf segah deyə-deyə gəlirdi, indi məyus halda gəlir. Gəlir buna salam verir. Çoban buna sual verir, deyir:
– Molla, mənim çomağımın topbuzu nə boydadı?
Deyir:
– Üç kilo.
Deyir:
– Ə, mən ölmüşəm ki, sən belə qəm dəryasına batmısan.
Deyir:
– Yox ey, qardaş, bu vida ayrı vidadı.
Deyir:
– Nə vidadı?
Deyir:
– Hal-qəziyə belə-belə.
Deyir:
– Elə yaxşı ki gəlmisən. Get mənim övrətimə de, bir yaxşı aş dəmləsin. Axşam gəlim, oturax, yeyəh-içəh, savah dur get.
İndi bu əminamannığı bəyənmirih ey, qurvan olum. Bunnan qavax hamı yerdə otururdu. Surfa salınıf çörəh ortalığa gələndə molla tez ayağa qalxır, əlini atır çörəyə. Çoban tutur, deyir:
– Əyə, dayan. Qoy sözümü deyim sora.
Deyir:
– Qardaş, öz evində məni niyə qoymursan çörəh yeyəm?
Deyir:
– Qoy sözümü deyim sora. And iç bu duza, bu surfaya, çörəyə ki, nə desən əməl eliyəjəm.
And içir ki, nə desən əməl eliyəjəm. Yeyillər, içillər. Savah duruf molla paltarını geyinif gedəndə çoban qabağını kəsir, deyir:
– Ə, dayan.
Deyir:
– Nədi?
Deyir:
– Paltarı soyun.
Bunun paltarını soyunduruf. Çoban mollanın paltarını geyinir, molla çobanın. Molla gedir qoyun otarmağa, çoban gəlir saraya.
Əgər Ələmşah* dayıynan mənim aramda bir balaca giley varsa, bir-birmizin gözünün içinə baxammarıx. Şah da başını dikif aşağı, çoban duruf qabağında.
– Molla, gəldin?
Deyir:
– Bəli.
Deyir:
– Mənim bədənimdə nə qədər qan var?
Bunnan qabax da mis dolçalar olurdu. Deyir:
– Qibleyi-aləm sağ olsun, sənin bədənində iki bu dolça qədər qan var. Bir qram artıx olsa vur boynumu.
– Sübut eliyə bilərsən?
Deyir:
– Bəli.
– Nətər sübut eliyəssən?
Deyir:
– Şahım, icazə ver ülgücü gətirsinnər, burdan damarını kəsəjəm, tutajam içinə. Əgər artıx olsa, vur boynumu.
Vəzir-vəkil dümsüklüyür, deyir:
– Evin yıxılsın, denən düzdü.
Deyir:
– Yaxşı, bə mənim dərim neçəyə dəyər?
Deyir:
– Qibleyi-aləm sağ olsun, sənin dərinin qiyməti bir abbasıdı.
Sənətsiz sübutsuz qulu neynillər. Şah deyir:
– Sübut eliyə bilərsənmi?
Deyir:
– Bəli.
Deyir:
– Nətəri?
Deyir:
– İcazə ver noxdanı salım başına, səni çəkim qul bazarına. Əgər bir abbasıdan artıx versələr, vur boynumu.
Gənə bunnar deyir:
– Düzdü de.
Deyir:
– Düz tapdın. Bə üçüncü, mənim ağlım.
Deyir:
– Qibleyi-aləm sağ olsun, kolların içində belə balaja kolbit-diyanı olur ey, bax sənin ağlın onun ağlınnan azdı.
– Sübut.
Deyir:
– Ə, nə sübut? Evin yıxılsın, sən çobannan mollanı tanımırsan, özün də deyirsən mənim ağlım nə qədərdi?
Dostları ilə paylaş: |