48. AĞSAQQAL MƏSLƏHƏTİ*
Rüstəm kişi vardı, yüz iyirmi il yaşamışdı. O deyirdi ki, ay bala, bu yaşdı adamlar duruf kəndin arasına çıxa bilmir, xeyrə-şərə gedə bilmir. Heç oları gedif ziyarət edirsinizmi? Gedin olarnan söypət edin. Həm onnarın könlü xoş olar, həm də onnarın dediyi söz, verdiyi məsləhət sizə gərək olar. Buna misal olaraq da belə bir hadisəni danışdı.
Deyir, bizim kimi qoja bir kişi ova gedər dağa. Keçimi, əlihmi atar, heyvan yaralı qaçar. Bu da bunun dalıncan qaça-qaça gedər. Dağ yeridi də, çətin yerrəri olur. Bu bunun dalınca həvəsnən yüyürə-yüyürə gedir. Ov da yaralı heyvandı, yıxılır, bunu tutur. Ətinnən isdədiyi qədər götürür, qayıdıf gəlir. Bayax bu çətin yerdən, uçurumlu qayadan yüyürə-yüyürə keçif. İndi gəlif çatıf bura. Booy. Aşağı baxıf, uçurum. Burdan ayağım sürüşsə, iki yüz metr gedəjəm, məhv olajam. Keçə bilmir, gejəni qalır burda.
Kənd camaatı tökülür ki, əyə, filankəs gedif ova, gəlmiyif. O hara gedirdi? Həmişə onun gedəcəyi yol, misalçün, Boyəhəmətdinin filan meşəsiynən gedirdi, ora da yol burdandı. Gedif axtarıllar. Görüllər ki, tüfəng də yanında, oturuf çətin keçələtin o tərəfində.
– Əşi, niyə gəlif oturmusan burda? Beyjə savahatan camaat yatmıyıfdı. Dur keş bəri.
Deyif:
– Yox, keçə bilmərəm, qorxuram.
– Əşi, bax, yüyürə-yüyürə cavannar o üzə keçir, bəri üzə keçir. Sən də gəl.
Belə baxır, deyir:
– Yox ey, keçə bilmərəm.
Nə qədər eliyillər, keşmir. Gəlillər kəndə. – “Biz neyniyəh?” – “Ə, filankəs kişi var ey, yüz neçə yaşı var, gedəh bir onnan məsləhət eliyək, görək o bizə nə mələhət görür ki, bunu keçirək bəri üzə”. Gedif deyillər:
– Baba, bəs filankəs kişi ova gedifdi, gəlif indi keşdiyi yerdən keçə bilmir, qorxur. Bax, yığışmışıx ora, səhərdən yalvarırıx, əlinnən də tuturux, nağarırıx deyir yox ey, elə mən burdan uçuf öləjəm.
Deyif:
– Hə, onu keçirməyə nə var, a bala.
Deyir:
– Nətər keçirəh?
Deyir:
– Gedin bir dəsdə gözəl-göyçəh qız-gəlin götürün, bir dəsdə də zurna-balaban. Gedin həmin iki metr yerdi də, bəri üzdə zurna-balaban çalsın, qızdar-gəlinnər də oynasın. Ə, oğul deyilsən, keş bəri dana, keş oynuyax. Gör o keçəjəh, keşmiyəjəh.
Belə nətər həvəslənifsə gejəni orda gejəliyən kişi yüyürə-yüyürə gəlif bu qızdarın, gəlinnərin yanına.
Dostları ilə paylaş: |