39. ALTI DAŞ, ÜSDÜ AŞ
Biri də olur, bir tək oğlu olur. Bunu evləndirir. Oğul axşamatan çalışır-vuruşur, axşam evə az-çox azuqə gətirir. Gənə bunun da nənəsi günü-günnən geri gedir. Deyir:
– Ay nənə, dərdin nədi? Yeməhdən ehtiyacın yox, işməhdən ehtiyacın yox. Sizin ujuzdan mən gejə-gündüz çalışıram ki, siz aj qalmıyın.
Deyir:
– Ay bala, hez zad yoxdu. Gözün görür, surfadı, hərəyə bir tikə gəlir, mənə də gəlir. Aj qalmıram, açıx qalmıram. Amma nədisə sınıxıram.
Gəlin qava bir dənə lay daş qoyuf, üsdünə də bircə qaşıx yeməh səpəliyərmiş, guya boşqab doludu. Qoyurmuş arvadın qavağına. Arvad da bir loxma götürəndə daşa dirənirmiş. Bunnan da avadın qarnı doyan deyilmiş ha.
Nəysə, arvad dözmür, bir qızı varmış, gedir qızının evinə. Gedir ki, bəlkə orda qarnı doya. Gedəndə bunun yeznəsi də gəlinnən bedahat olur. Qızının gününü qara eliyif. Nənən nəyə gəlif, oğluna nə gəlif? Yeməyi nənənə verdin, o gələnnən bəri bizə baxmırsan. Daa bu arvad baxır görür ki, qızının günü qaradı. Deyir:
– Ay bala, altı daş, üsdü daş, genə də oğul yaxşıdı. Qoy qayıdım gedim oğlumun yanına.
Durur gəlir oğlunun yanına. Arvad hər surfa gələndə deyir:
– Altı daş, üsdü aş, gənə də oğul yaxşıdı.
Oğlu deyir:
– Ay nənə, bu nə sözdü, bu nə əzbərdi, elmisən? Bunun sirrinnən məni agah elə.
Deyir:
– Bala, altı daş üsdü aş, genə də oğul yaxşıdı. Neynirsən, bir sözdü deyirəm, sən xırdalama.
Nəysə, bir gün oğlu fikirrəşir ki, “altı daş, üsdü aş” nə olan şeydi. Deyəndə götürür nənəsinin boşqabını qoyur öz qavağına, özünün boşqabını qoyur nənəsinin qavağına. Bu oğlan bir tikə batıranda görür nə? Altı daşdı. Daşı götürüf arvadının kəlləsinə, arvad yıxılır bərdən ayna. Ay sənin dədən bı, nənən bı. Demək nənəmin altı daş üsdü aş dediyi buymuş. Onnan sora o da heylə düzəlir.
Dostları ilə paylaş: |