TANIMIR MƏNİ
Bu gün elə bil ki, tanımır məni,
Dünən adam bilib əl verdiklərim.
Üzünüzdən iraq, danıb dünənin,
Yalın ayaqlara nal verdiklərim.
Kiminə dost oldum, kiminə ata,
Əl atdım dar gündə, qoymadım bata,
İnanmazdım məni qəpiyə sata,
Yolunda yüzlərlə pul verdiklərim.
Qanana çəkəsən zəhmət çəkəndə,
Qanmaza getmiyə bircə tikən də,
Yolumda əlləşib tikan əkəndə,
Bəs niyə utanmır gül verdiklərim?
Kimə dost dedimsə, qəhər gətirdi,
Dedim çiynimdə gəz, yəhər gətirdi,
Əliylə qarşıma zəhər gətirdi,
Əlimlə həmişə bal verdiklərim.
Dostum, bəsdi, uzatmıyax söypəti,
Hələ bir yaxşı dost seşmədim qəti.
Heş kəsə hürmədi özgənin iti,
Mənə mırıldadı yal verdiklərim.
ÇAĞIMDI
İlyas, ağrın alım, unutma məni,
Ömrümün saralıb solan çağıdı.
Bir gün olar aranızda olmaram,
Üzülüb cərgədən qalan çağımdı.
Mənim bir kimsəyə sözüm də yoxdu,
Dünya sərvətində gözüm də yoxdu,
Dərdləri çəkməyə dözüm də yoxdu,
Qəlbim evi viran olan çağımdı.
Çəkilən dərdlərin yoxsa əlacı,
Bəs buna neynəsin qardaşnan bacı,
Məkkəyə gedib olmuşam hacı,
Gözlərim qəhərdən dolan çağımdı.
Dostları ilə paylaş: |