Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə39/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   35   36   37   38   39   40   41   42   ...   197
PİRLƏR VƏ OCAQLAR HAQQINDA
42. SEYİD HÜSEYN AĞA
I mətn

Mənim qardaşım Süleyman mənnən altı-yeddi yaş böyükdü. Şahitdi o da. Bu kəntdəki yaşdı adamların əksəriyyəti şahitdi. Hay düşdü kü, körpüdən dəvə düşüf. Yevlaxda Dəvəçi İsa var idi. Dəvəni yüklüyürdü bəhməznən, tut qurusunnan, üzü belə kəntdəri gəzirdi, paylıyırdı. Aldığı pula taxıl-zad alıf gəlif buraynan gedirdi. Ayrı da yol yoxdu, dəvə gərəh o dəmir körpüdən keşsin. İndi dəvə bu körpü­dən keçəndə – bunu bütün kənd bilir, bu epizodu gözüy­nən görənnər çoxdu, – dəvənin iki qavax qollar çıxıb betonun üsdü­nə, dal qılçaları hərəsi şpalın biri burasınnan, biri o biri tərəfinnən düşüf aşağı. İndi dəvə nə qədər eliyir, qalxa bilmir. Millət tökül­müşdü. Mənim də o vaxdı beş-altı yaşım vardı. Elə qaçışırıx, belə qaçışırıx, görəh bu nədi. Nə qədər dartıllar, dəvə qalxmır. Bir də gördüh Seyid Hüseyn ağa gəlir. Əlində ağac çəliyi vardı. Yaxın­naşanda acıxlı dedi:

– Nə yığışmısız? Belə durun görüm.

Hamı çəkildi. Bircə dəfə çəliyi belə vuruf dedi:

– Dur ayağa, Allahın heyvanı.

Özünün göru haqqı, elə bil dəvəni altdan qılçalarınnan tutuf dik tulladılar. Dəvə sıçradı qalxdı. İsa kişi düşdü Seyidin əl-ayağına. İndi duz kimi yalıyır.

– Ay Allahın bəndəsi, əl çək mənnən.

Bax, Seyidin belə hökümlərini gözüynən görən kəntdə çoxdu.

II mətn

Köhnə dəmiryolu deyirik, indi o dəmiryolu yoxdu. Mühari­bə­dən sora ora ləğv olundu, başqa yerdən çəkildi. Demək, dəvə karva­nı körpüdən keçəndə dəvənin ayaxları şpalın arasınnan düşür. Dü­şən­nən sora kənd camaatı yığışıf bunu çıxarda bilmir. Dəvəni əlnən qaldırmax olmur axı. Dəvənin yükünü alıllar, mümkün olmur. Atam danışır ki, bütün kənd camaatı yığışıf. Bir də gördük ki... Seyid Hü­seyn ağa, balacaboy kişi oluf. Üzünnən nur tökülür. Adam elə onun şəklinə baxıf doyur. Nəysə, gəlir, əlində çəlik. – “Noluf, noluf, ay ca­maat, bura niyə yığışmısız?” Deyiflər ki, ağa, bəs dəvənin qılça­lara şpalın arasınnan düşüf, çıxarda bilmirik. Poyuz da haxlıyıf.

Deyif:


– Heş nə olmaz. İnşallah, Allahın köməkliyiynən çıxar.

Ona bir çəlik vurur: “Ay Allahın heyvanı, qalx”. Onnan dəvə sıçrıyıf qırağa çıxır. Dəvəçi deyir ki, o kim idi, nəçiydi. Deyillər ki, Seyid Hüseyn ağadı. Bunun əl-ayağına döşənər. Deyər ki, ağa, bu dəvənin yükünü mən sənə nəzir elədim. – “Ay balam, etmə, eləmə, neynirəm”. Deyif:

– Yox.

Götürüf gəlif bax bu araya. Zeynəb adında bir arvad vardı, dörd uşağı vardı. Əri o vaxdı müharibəyə gedif gəlməmişdi. Onu çağır-dılar, gəldi. Dedi ki, Zeynəb bajı, o unu, – dəvənin yükü də un imiş, – ovuc-ovuc payla, nöybə sənə çatanda bir ovuc da öz ətəyinə tök.

– Ay ağa, bəs sənə qalmadı.

Deyif ki, mənə Allah verəjəh. Belə-belə o dəvənin yükünün hamısını paylatdı.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin