MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR
85. HƏR SƏNƏTKAR DƏLLƏK MURAD
OLA BİLMƏZ
Dəllək Muradın variyantı belədir ki, şahın xüsusi dəlləyi imiş. Bir günnəri şahın bunun oğluna qəzəbi keçir, Dəllək Muradın oğlunu öldürür. Aradan bir az keçənnən sora da bunu çağırır ki, gəl mənim başımı-üzümü qırx. Axı o vaxtı lezva-zad yox idi, ülgüc idi də.
Bu, başı qırxır, üzü qırxır, bura (əliynən boğazını göstərir – top.) çatanda dayanır. Bunun fikri dolanır ki, indi bu mənim oğlunu öldürüf, mən də bunun boğazını kəsim. Rəngi dümmağ ağarır. Əlini çəkir, oturur. Şah buna deyir ki, niyə otdun? Deyir:
– Şah, bilirsən nə var?
Deyir:
– Nədi?
Deyir:
– İki şey məəm gözümün qabağına gəldi. Bunun biri oğlumun ölümüydü. Biri də sənətimnən öz aramda olan müqaviləmdi ki, sənətimə xayin çıxmıyım. Rəngimin ağarması, özümün o vəziyyətə düşməyim haman oydu. Mən sənətimnən keçəmmədim. Sənnən də xayişim odu ki, bir də məni yanına çağırıf eləmə.
Həmin misal da ona görə çəkilif.
Dostları ilə paylaş: |