Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə85/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   81   82   83   84   85   86   87   88   ...   197
II

XATİRДLДR
KƏBİRLİLƏR HAQQINDA*
Bizim bura yığışmağımızın məqsədi nə idi? Burda bir kəhriz var idi. Hacı Bədəl kişi çəkdirmişdi. Bax, bu kənd onun adınadır. Camaat əvvəlcə Yevlaxda düşüf. Ağsakqallar axtarıflar ki, hara münasib yerdi gələk. Deyiflər ki, bura yaxşıdı. Bir hissəsi Araz­bo­yu yuxarı qalxıb. Orda su lilli sudu, onu da bizimkilər içə bilmirdi. İyir­mi-iyirmi beş aylə ora getmişdi, onlar da sora qayıt­dılar bura. Kəh­rizə görə bura düşdülər, uyğunnaşdılar. Kəhrizin suyunnan bur­da pambığ əkib becərirdilər. İndi bu dəyqənin özündə Ağcabədi rayo­nunda iki qrup ermənistannı var. Biri zəngibasarlılar gedirlər. Onnar rayona düşüflər, mərkəzə. Onnar 1948-ci ildə gəliflər. 1951-ci ildə gələnnər isə Hacıbədəlli kəndinə düşüf. İndi də ora camaat arasında Yerevannılar kəndi deyilir.

Bu kəndin köhnə adı Hajı İmamxanlıdı. Hajı Bədəl Hajı İmam­xanın kiçik qardaşıdı. Hajı İmamxanın adında imam sözü ol­duğuna görə Sovet hökuməti onun adını ordan çıxardıf Hajı Bə­dəlin adını qoyufdu.

Yaylağımız Göyçə mahalına yaxın yerdə oluf, Sarıyerdə. Orda qəbirstannığımız da var.
* * *

Hajı Bədəl beş qardaş oluf: Hajı İmamxan, Hajı Bədəl, Hajı Zeynal, Hajı Mehti, Hajı Səfxan. Ən böyühləri Hajı İmamxan oluf. Bu kənd Hajı İmamxanın adına oluf. 1957-ci ildə qalxoz birləşən­nən sora kənd Hajı Bədəlin adına oldu.

Beş qardaşın atası oluf Hüseyn adında varrı kişi. O, bu torpağı xan qızı Xurşidbanu Natəvannan alıfdı. Xan qızı aylə qurufdu, birinci ərinnən iki uşağı olufdu. Sora əri ölüf, ikinci dəfə başqa birinə gedif. Tədricən iqtisadi cəhətdən zəyifliyif. Torpaxlarını ya­vaş-yavaş satıf. O vaxdı Hajı Bədəlin atası Hüseyn kişi bu torpax­ları qızıl pula alıf. Həmin torpaxların şəhadətnaməsi Gəncədə sax­la­nılır. Bəylərlə bunun arasında mübahisə olufdu. Bəylər bunu sıxışdırırdı ki, bu torpaxları onun əlinnən alalar. Burda yaşayış az imiş, əsasən bura qış yataxları imiş, bəylərin burda qışlağı oluf, mal-heyvannarını bəsliyirmişdər. Bunnar deyillər ki, Hacı Bədəli sıxışdırax çıxardax aradan, torpağına yiyə durax. Bu da baxıf ki, başqa cür mümkün döyül. Gedifdi Gəncəyə, uyezd Gəncədə imiş. Arxiv sənədlərini çıxartdırır, sübut eliyir ki, bu torpaxlar ona məxsusdu. Bəylər onnan sora çəkilif hərəsi öz torpağında oturur.

Onnan sora öz puluynan bura kəhriz çəkdirir. Burda qış müla­yim keçirmiş, köçüf gəlif burda heyvan bəsliyirmişdər. Tədricən burda yaşayış düşür. O vaxdı, mənim eşitdiyimə görə, Hajı Bədəl öz tor­pax­larını saxlamax, orda bağ-bağat yaratmax üçün İrannan kan­kançı gəti­rir. Kankançı da quyu qazana deyillərmiş. Ölçüllər, mən eşitdiyimə görə, hər quyunun arasını qızıl pulnan ödüyürmüş, qazırmışdar. Qu­yunu çəkif gətirillər, bu kəndin başında sonuncu quyunu qazıllar.

Mən uşax idim. O vaxt quyular işdiyirdi. Sərin, buz kimi suyu vardı, rayonun mərkəzinnən gəlif suyu burdan götürürdülər. 1956-cı ildə Qarabağ kanalı çəkilənnən sora quyular qurudu.


* * *

Hajı Bədəl dörd qardaş oluf: Hajı İmamxan, Hajı Mehdi, Hajı Zeynal, Hajı Bədəl. Oların atası oluf Hüseyn. Hüseyn oluf Pənah xanın baş sərkərdəsi. Pənah xanın tayfasınnan da bir qız alıf. Olarnan oluf qohum. Bir bajısı da Püstəxanım ora ərə gedif.

Bular oluf dörd qardaş. Yuxarıda qovu var, buların sifdə mül­kü olufdu orda. Qalın meşə oluf, içində pələng də oluf. Hajı Bədə­lin bir öküzü vəşiləşir, qalır meşədə. Gedir dağa, gəlir arana. Payız gələndə görür pəh, öküz gəldi, pələngin qolu öküzün belində gəldi.

Sora bax, bu torpağı xan qızı Natəvannan bir tərəfi qohum ol­max şərtiynən alıf. Hakkını alannan sora dörd qardaş burda kəhriz vur­duruflar. Hərəsi dörd gün-dörd gejə suyu bölüflər, burda yaşı­yıf­lar. Hamısının ayrı-ayrı əkinçisi oluf, gözətçisi oluf, bağları oluf. Bu­ların bir döylətdəri də olufdu Füzulidən aşağı İşpartı deyillər, orda oluf.

Hajı Bədəl özü yüz otuz bir il yaşıyıf. Anası Tavat arvad and içirdi ki, dədəm yüz otuz bir yaşında da ata özu minif, özü düşürdü. Özü də ömrü boyu isdi su canına dəymiyif. Yayda dağda, Sarıyerdə çayda çimif, qışda kəhrizdə.

Kəhrizi vurduranda Böyükbəyin ərazisinnən vurdurufdu. Baş quyunu qavaxca vurullar ki, görəh su varmı. Böyükbəy faytonnan gedir kankannarın yanına, deyir:

– Salam məlöykü.

Deyir:


– Əlöykümət salam.

Deyir:


– Allah xeyir versin. Burda nə iş görürsünüz?

Deyir:


– Hajı Bədəl burda kəhriz vurdurur.

O dörd qardaşın üçü tez rəhmətə gedif, Hajı Bədəl çox yaşı­yıfdı. Deyif:

– Hajı Bədələ deynən ki, Allah xeyir versin, mənim torpa­ğımnan keçir, bir maa da məsləhət eliyərdi.

Onnan sora gəlif ayaxdan yarmanı çəkillər. Quyunu kankan altdan yuxarı qazır. Özü də bunu həmşəhirlilər işdiyir. Gəlif quyu bura çıxanda üç illik bir öküz kəsir.

Burda oluf Ağabəy, Məmişbəy, Şəmilbəy, Böyükbəy. Bu dörd bəyin ortasında Hajı Bədəlin mülkü olur. Nikalayın da belə qərarı varmış ki, bəy mülkünün arasında irəyət mülkü olmamalıdı. Bu bəylər nə qədər eliyirsə, bu torpağı bulardan ala bilmir. Axırı elə olur Hajı Bədəl rəhmətə gedənnən sora İbad bəy, oğlu Mahmud bəy bu torpağa müşdəri çıxır. Həsənalı babam dədəmə deyir ki, ay İvrahım, gəl buranı verək, bəyliklər bizi boğaza yığdı. Gedəh İşpar­tada döylətimizi saxlıyax. Deyir:

– Bəy, vermiyəjəm.

Dədəmnən Mahmud bəy gedir Gəncəyə. Dədəm qəlyan çəkən idi. Savah ertə Mamud bəy oturuf kafedə çay içəndə dədəmə deyif ki, ay İvrahım, burda sən Hacı Zeynal bəy oğlu İvrahım bəy sayılırsan, mən də İbad bəy oğlu Mahmud bəyəm. Gəl bir yerdə oturuf çayımızı içək, duranda işimizi görək. Deyir:

– Sizə salam verməh günahdı. Gəl ha mən sənnən qabax-qabağa oturuf çay içəm.

Bəy bir az qəzəblənir. Durullar, qəşəh gedir orda sənədləş-dirir, dədəm torpağın mandatın alır əlinə, bəyin əli qalır boş.

Hajı Bədəlin dağda yeri olufdu Sarıyerdə, Qaraxaçın ağzında olufdu.


* * *

Hajı İbiş babam olufdu. Çobana deyirmiş ki, qadam, əlin bö­yürtkəndə olsun, gözün qoyunda. Sora deyirmiş, qadam, qoyunun qabağında ayax üsdə gəz, oturma. Otsan uzanessən, uzansan Yates­sən, yatsan qoyun getdi.

Sora lotular yığışır bunun bir heyvanın kəsir. Deyir:

– Baba, bizə qismətdi, qismət döyül?

Deyir:

– Yox, qadam, qismət döyül.

Doğruyuf doldurullar qazana. Deyir:

– Baba, qismətdi, qismət döyül?

Deyir

– Qismət döyül, oğul.



Çəkillər boşqaba.

– Qismətimizdi?

– Yox.

Bir tikə qoyur ağzına. Deyir:

– O yediyin tikə qismətindi. Bəlkə elə ola bilər, yeyə bilməzsən.
* * *

Onda mənim dədəm dağa getməmişdi. Dədəmin bişmiş kər­piş­dən qoşa otağları oluf. Otağın qabağında alaçıx tikif. Ağabəyin də on iki çinarı vardı, onnan bəri də iki kəhrizi vardı. Ağabəy gəlif dədəmə deyif ki, İvrahım, Allah xətrinə, bir dəfə mənim qarnımı doyur. Deyir:

– Ay bəy, şəxsiyətini itirmə, sən bəysən.

Dədəm deyirdi ki, bəy o qədər arıxlamışdı ki, şalvarı da əy­nin­də durmurdu. Nəysə, yeyir-içir. Alaçığı onda çubuxnan bağlı­yırdılar. Durur bu çubuxlardan birini açır, onnan şalvarını bağlıyır. Şalvarı da bunnan irəli kadınnar yer hanasında qoyun yununnan toxuyurdu. Onu da dizlihsiz geyəndə adamın ətini yara eliyirdi. Dədəm deyir, bəy nə qədər ajdıx çəkifsə, Koğustannan bəri yıxılır, elə orda ölür.


* * *

Salmanbəyli, Təzəkənd, Pərioğulları, Rəncbərlər, Hüsülünün yarısı, Hajı Bədəlli, Kürdəmirdə Qarabucax kəndləri kəbirli kənd­ləridir. Kəbirli dörd tirədi, qırx qoldu. Tirələr bunlardı: Urbabalı, Arıxməmmədli, Qərvənt, Qızıllı. Qızıllı Rəncbərlərdə yerləşir, Arıxməmmədli Pərioğullardadı, Qərvənt Salmanbəylidə, Urbabalı da hamısı Kəbirli kəndindədi. Azərbaycanda yaşayan bütün kəbir­lilər bu dörd tirədən biridir.

Nikalayın dövründə siyahıya alanda 950 qəmərəli qeydə alı­nıf, yəni tüsdü çıxan ev, amma oturax kəbirlilər qarışmıyıf ona. Kən­gərli, Hindarx, Qaraxanbəy, İmamqulubəy, Bayat, Zəgişanlar kəndlərinin çıxannan sora. Seyid Məhəmməd ağa deyirdi ki, olar oturax oluflar, oturannan sora adları dəyişif.

Hajı İmamxandan qalan Kalba Şahmirzədi, onnan qalan Camaldı, Camaldan qalan Əbülfətnən Cəlaldı.

Hajlı Mehdidən qalan Maşatsanalıdı, onnan qalan Şəmildi, Şəmildən qalan Əyyubdu, Əyubdan qalan sənsən.

Hajı Bədəldən qalan Ağamirzədi, Ağamirzədən qalan Bay­ram­dı, İmamquludu, Valehdi, Məhəmməd kişinin uşaxlarıdı.

Hajı Zeynaldan qalan İvrahımdı, İvrahımdan qalan mənəm.

İndi haja samalyotnan gedillər, avtobusnan gedillər, amma bunnan irəli Hajı Bədəlin min qoyunu var, boyuna busat gəldi, məj­burdu gedə haja. Bu, altı ayda gedif gəlincən adi papirosdan bunun ayləsi korrux çəksə, onun hajı qəbul olunmurdu. Tək kəbir­linin yet­miş yeddi hajısı var. Onun yeddi nəfəri bu kəntdəndir. Hajı İmam­xandı, Hajı Mehdidi, Hajı Bədəldi, Hajı Zeynaldı, Hajı Əhmətdi, Hajalıquludu.


* * *

Hajalıqulu oğlu Həbib o vaxdı Hindarxında Fərrux bəyin ar­va­dınnan evlənif. Ordan gedif çıxıf Gəncəyə. Gəncədə olur icra ha­kimiyətinin nümayəndəsi. Gələr, babası Şəmilin evinə kəbirli ca­maatını yığar. Deyir:

– A kəbirli camaatı, sizə deyirəm fikirrəşin. Arana-dağa bu döylətin dalıncan az sürünün (axı bilirdi ki, gələn il döylət əllərin­nən alınajax). Gəlin bu Xanlar tərəfdən sizə torpax alım, kənd salın, döyləti satın, uşağınızı oxudun, gələcəyi olsun.

Bu da çox dəli adam idi. Deyillər dəli Həbibdi da, dəliliyi tutub genə. Bunun sözünə inanmıyıflar.


* * *

Ermənistannan sərhətdə Cinni camaatı olufdu. Bizim kəbirlili Ağabəyin dədəsi Mehdi bəy görür ki, Sarıyer vallah bir yaylaxdı, tay gəl görəsən. Mehdi bəy həmən yerə sənəd alır. Mandatsız torpax vermillər dağda. Hər fermanın yurduna mandat verirdilər. Amma sənədi verən deyir ki, bir yanınız zor olmasa, çətin olajax.

Vəhdən keçəndə ermənilər orda ağac qayırıf satır. Kəbirlilərə deyir ki, hərə bir qom ağac alsın. Hərə bir qom ağac alır. Bizimkilər addıyıllar Sarıyerə. Bu Cinnilərin nə qədər kişiləri var döyüf evdən çıxardıllar. Mehdi bəy də arxadan gedirmiş. Bir dənə kadın olur, bij olur, xançalı tuman atda gizdiyir. Mehdi bəyə yaxınnaşıf deyir:

– Ay bəy, ay bəy, ala su, ala su.

Bəy suyu alanda xançalı bəyin qarnına soxmax isdiyir, bəy xançalı tiyə tutur. Mehdi bəyin barmaxları burdan topal olur. Kəbirlilər o camaatı qovur Ceyrançöl tərəfə, özdəri ta Sovet höku-məti gələnə qədər qalır orda. Sovetin dövründə döylət həmin tor-paxları aldı savxoza verdi.

* * *


Kəblədərgah oluf, çox atıcı oluf. Bəlkə yüz ceyran vuruf. İşparta tərəfdə görüf ki, – Yanında İsmayıl addı bir yoldaşı varmış. İrannılar tanıyırmış bunu ki, Kəblədərgah harda olsa atajax. – görür bu­lar (iranlılar – top.) gəlir. Ora dərə-təpədi. İrannılar bir dənə topal adam gətirif qoyullar Kəblədərgahdan arxaya, əlində silah. Yaxın­na­­şanda Kəblədərgah bulara güllə atır. Bular hamısı burxulur qayı­dır. Bular qayıdanda kopoğlu topal daldan Kəblədərgahı vurur. Yol­­daşına demir məni vurdular. Bunnan əvvəl tütünü eşirdilər. Deyir:

– Ə, papiros eşirəm, tüfəngi düz at, səhv atarsan, gələllər.

Bu birinci tüfəngi atanda deyillər:

– Dərgahı topal vurdu, sürün.

Onnan sora gəlif döyləti yığıf aparıllar.
* * *

Hajı Bədəlin nəvəsi İmamqulu kişi deyirdi Örənqalada qoyun otarırdım. Gördüm atdılar (iranlılar – top.) gəldi, üş atdı. Təmiz qoyunu seşdilər, beş-on arıx toğlu qaldı. Məni soyundurdular lüt. Bir alt tuman-köynəyim qaldı. Paltarımı aldılar. Papağa börk deyir­dilər. Dedi:

– Börkü də ver.

Papağı da verdim. Onnar gələndə tüfəngi kolluxda gizdəmiş-dim. Bular ayna sürəndə biri əlin salır pencəyimin civinə, görür badron var. Bu, atı döndərdi, qayıtdı. Dedi ki, bunun anasını ver. Dedim ki, evdə qalıf, badron yadımdan çıxıf civimdə gəlif. Dedi:

– Adam partdatmaxdan xoşum gəlir, səni vurajam partdıya-jaxsan, güləjəm.

Gətdim tüfəngi verdim. Qoyunu da, tüfəngi də götdülər getdilər.


* * *

Aranda tikilisi olan Mehdi bəy oğlu Ağa bəy oluf, Hajı Bədəl oluf, Hajı Abbas oğlu Hüseynalı oluf. Rəncbərlərdən bəri Hüseyn­alının yurdu idi. Onnan qalan hamısı köçəri camaat idi.

Bizim dağ yerimiz oluf Cinni yeri. Ağa bəyin atası Mehdi bəy atdı göndərif, deyif:

– Gedin ağac alıf gətirin Vəhdən. O ağacın hamısı silmə olsun, onun başının yumrusu olmasın.

Davaynan Cinnini döyüf qovuf, o yeri alıf verif kəbirriyə.

Mehdi bəy gedənnən sora rəhbərçilih keçif Ağa bəyə. Dəvə yolu deyillər, indi ermənidədir. O dəvə yolunnan yuxarı oluf İmiş­li­nin Əl­pənahlı camaatının yeri. Ağabəy deyif ki, o yeri alajam. Nəy­sə, sözü atıf ortalığa. Oların ağsakqalı, bular topalaşıf. Ağa bəy deyif:

– Bilirsiz nə var? Madam ki, belə oldu, kim Qurana and işsə, yer onundu.



Hamı bunnan razılaşır. Gəlir bax burdan – Ətyeməzli yerinən, Usuflu yerinnən, çarığının içinə torpax qoyur, gedir. Gedif topala­şıl­lar ora, on beş-iyirmi adam. Əlpənahlının ağsakqalı irəli durur, deyir:

– Ağa bəy, and iş, torpax qalsın sənə.

Deyir:

– Mən and içirəm torpax bizimdi. Allahın göndərdiyi otuz cüz Quran haqqı, ayağımın altındakı torpax kəbirri torpağıdı.



Onnan həmin yer qalır kəbirriyə.
* * *

Bu dörd tirənin içində azı qərbənd oluf, amma qərbənd qoçax oluf. Qərbəndin ağsakqalı oluf Hajı Abbas oğlu Hüseynalı, qızıl­lı­nınkı oluf Şükür kişi, dədəsi Kalbayı Həmiz. Dağda danışığ düşüf­dü. Danışığı Kalbayı Həmiz salıf. Deyif ki, qərbəndi döyəh, oların qış yerini əllərinnən alax. Dava düşəndə Hüseynalı gəlif aralıyıf, qoymuyuf dava düşə. Özününküləri qaytarıf geri, deyif:

– Biz azıx, bizi döyəjəhlər.

Bunnan da bular lap şirinikiflər. Köş arana gələndə bizim camaatın əksəri gəlif tökülür Köyük camaatının yanına, bir hissəsi isə gəlif Usuflu yatağına, Qarqarın o tayına. Şükür kişi deyir ki, sürün düz o yatağa. Gəlif tökülüllər. Burda dava düşür. Dava düşəndə bizimkilər birini göndərillər haya. Bizim camaatın əksə-riyyəti də oluf Köyüyün altında. Əmim Məhəmmədnən Mürşüd oğlu Bədəl ikisi bir atda buların köməyinə gəlif. Gəliflər, qızıllını döyüf dolduruflar Qarqara. Hajı Abbas oğlu Hüseynalıya hay gedif ki, vəziyyət belədi. Gəlif ikisinin də alnınnan öpüf. Deyir:

– Mən bilsəydim ki, sizdə bu qeyrət vardı, mən bu davanı dağda eliyərdim.

Mənim xalam oğlu sayılır, əsli qızıllı idi, o davada öldü. Cəmiyət vardı, dili də bir az pəltəh idi. Bu da qaçır, girir Qarqara. Qarqunun şıkqıltısı gələndə deyirmiş:

– Şır-şır şıkkıltı, qərbəndsən, yoxsa qızıllısan.

O davaya dayir bir şeir də yazmışlar. O şeirdən yadımda bir o qalıb ki,

O üç tirə, bu bir tirə,

Qarışdı bir-birə*,

Padar dəydi Qara Əsgərə**,

Xəbər getdi Hajı Əsgərə***.


* * *

Şura hökuməti gələnnən sora Hajı Bədəl də rəhmətə gedir. Əmioğulların içində başbiləni dədəm qalır. Mülkədar kimi dədəmi incidillər. Bakıdan bir dənə nümayəndə gəlir Əlişin yanına. Əliş də Şura sədridi. Məmiş bəyin on altı göz evi var idi. 1943-cü ildə sök­dü­lər apardılar, Hindarxında kazarma tikdilər. Bakıdan gələn nüma­yən­də gəlir durur bax burda. Bura da boş yer imiş. Atam axşamçağı çuxa çiynində belə gəzirmiş. Bakıdan gələn gəlir deyir ki, İvrahım sənsən Hajı Zeynal oğlu. Deyir:

– Hə.

Deyir:


– Sən bilirsən, sənin tayların balığın qarnındadı? Sən çuxanı çiyninə salıf burda gərdiş eliyirsən.

Deyir:


– Bəli bilirəm. Onnar ağıllı adamlardı ki, balığın qarnına atmısız. Mən də isdiyirəm onnarın sırasına yazılam.

Qayıdır deyir:

– Ə, bu nə qorxmaz adamdı.

Bakıdan gələn nümayəndə gedir Çodarov İsa vardı onun ya­nına. Deyir ki, Hajı Bədəldə Hajı Zeynal oğlu İvrahım var, sən onu nətər tanıyırsan? Deyir:

– Onun haqqında deyilən yalandı. Özü qazanıf özü yeyir.

– Axı, böyür-başında kadınnar var.

Deyir:

– Hamısı yetimdi, yığışıb yanına. Özü qazanıf özü yeyir, fağır füğəraya da kömək eliyir.

Bax, bu dəllək Rəhimin dədəsi köhnə ispalkom oluf, gedif onun yanına. O da həmən sözü deyir. Anam and içir ki, Bakıdan gə­lən nümayəndə Məmişbəyliyə getmir, gəlir düşür bizim evə. Deyir:

– Sənin haqqında soruşmuşam, sən kulak deyilsən. Amma sən burda qalsan, səni əkəjəhlər, çıx get.

Otuz dördüncü ildə atam köçür Örənqalaya.
* * *

Rəhmətdih babam Şəmil kişi görüf Qaryagin tərəfdən on iki nəfər adam gətiriflər. Tanıyıf onun içində iki-üş nəfəri. Maraxlanıf: – “Ə, bu nədi”. Deməli, NKVD-nin əlində siyahı oluf. Bir-bir oxuyur. Deməli, hər ata da bir uşax gətiriflər ki, adamları apara­jax­lar kulak, uşaxlar da atı qaytarajax Qaryaginə. Şəmil kişi tanıyıf buları. Deyir:

– Buları hara aparırsız?

Deyir:


– Əşi, bular hökumətin əleyhinə sözdər danışıllar. Bular sovet hökumətini isdəmiyən adamlardı.

Deyir:


– Onu məə ver görüm.

Sənədi alan kimi cırır. Kişi buna bir söz deyə bilmir. Axı bunnan çörəh kəsif. Deyir:

– Şəmil kişi, sən nağarırsan?

Deyir:


– Ə, mən oranın sovet sədrini tanıyıram. O, oynaş puluynan yekəlmiş kopoğludu. Bunnar gejə-gündüz oruc tutuf namaz qılan adamlardı ki, sovet hökuməti gəlsəydi bizim İran həmşəərlilərin-nən canımız qutarardı. Malı-qoyunu gejə gəlif oğruyullar. Saa mən kişi sözü deyirəm.

O kişinin bir kəlmə sözüynən on iki adamı azad eliyir. Sal­man­bəylidə sınıxçı Mirzə var. Deyirmiş kəbirlidə desələr ki, divan­gir adam kimi gördün, mən deyərdim Şəmil kişini. Sözüynən sənə­di aldı cırdı. NKVD əlinin dalınnan bircə dəfə belə elədi ki, qayta­rın kişiləri.

Mənim onda on iki yaşım vardı. Atı gətirmişdim ki, üsdün­dəki kişi getsin, mən atı qaytarım Qaryaginə. Biz on iki nəfər kişiynən qayıtdıx kəndə. Gəldih ki, ağlamaxdan arvatdarın gözü şişif. İnanmırdılar ki, bu kişiləri buraxallar.
* * *

İmkannı adamlar, bəylər iyirmi səkgizdə topalaşıflar, görüflər da mümkün deyil. Bir neçəsi qaçıf İrana. İki-üç ildən sora İrana gedənin üçü-dördü – İmranın dədəsi Hüseyn, Ataş, Zeynalavdın, Haşura oğlu Kərim qayıdıf gəldi. Olar bəy olmuyuf. Amma varrı oluflar, çoban tutuf döylət saxlıyıflar. Otuz yeddinin payızında dal-qabağını kəsdilər, imkannılardan qalan kim vardısa, hamısını sivirdilər. O gedən getdi, oların birinnən bir xəvər olmadı.

Zeynalavdın mənim qohumum idi. Otuz yedinin payızında onu mən özüm apardım. Günbatan çağı idi. Rayona girəcəhdə düş­dü üzümnən öpdü, maa dedi sən qayıt. Mən atnan qayıtdım, bu, piyada getdi rayona. Savah dalınca getdilər, tapbadılar.

Rəhmətdih Şirastan oluf, NKVD-dən də bir neçə adamı qoş­muşdular yanına. Əlində siyahı vardı, bu siyahıynan Qaraçurdan, Kəbirlidən, harda varsa imkannı adamları yığdı gətdi. Mənim xalam­gildə qoyun kəsillər, yeyif içillər. Aparıf buları verir Ağca­bədiyə. Savahları o adamların yiyəsi gəlir, oları tapmırlar. Dedilər bura belə adam gəlmiyif. O gedən getdilər, daa xəbər olmadı ki, nejə oldu.

* * *

Əhməd balaca adam oluf, hədinnən artıx qırmızı oluf. Qış imiş. Bu, oğurruğa gedir. Girir birinin pəyəsinə. Kök inək olur, inəyin dal ayaxlarını bağlıyır, qavax ayaxlarını da. İnəyi alır çiyninə, çıxır. Yer də qar. Gedəndə çarığı dal-qabax geyir. Gəlir Qar­qara çatanda görür susunnan yanır. İnək də boynunda. Diz­dərin qoyur yerə, su içəndə inəyin dal ayaxlar da, qavax ayaxları da qara dəyir, qara irədd düşür.



Savax qalxıllar ki, iki nəfər pəyəyə girif, amma çıxan yoxdu. Düşüllər bunun irəddinə. Gəlillər Qarqara çatanda inəyin irəddini gö­rül­lər. Orda deyillər ki, bu inəyi gətirən Əhmətdi, özü də bunu çiy­nin­də gətirif. Gəlillər ki, inəyi kəsif. Əhməd inəyin ətinnən bulara ye­dirdir. Özdərinə də deyir ki, hə, düz gəlmisiz, inəyi mən gə­tir­mişəm. Olar da deyir ki, sən ki bu qeyrətnən gətirmisən, halal-xoşun olsun.
* * *

Əhmədin iki ayləsi olur. Biri Göyçədən olur. Onun züryəti olmur, sora gedir evlənir. Dağdan əv gəlir. Bunun da ayləsi dədəsi evində imiş. Qoyun dağdan yola düşən vaxdı yoldaşdarına deyir ki, siz qoyunu otarın, mən gedim ayləmi gətirim. Bir qoyun da kəsir, eşşəyin belinə sarıyır. Gedir bir gün qalır, iki gün qalır. Ayləsini gö­türür gəlir. Gələndə görür yolda altı sürü qoyun olur, yatışıfdı. Çobannar da oturuf çörəh yeyir. Buların böyrünnən keçəndə coban­nar buna sataşıllar. Arvada deyir:

– Arvad, düş eşşəhdən, mən vuruf yıxdıxca sən ağacı götür.

On iki adammış. On ikisinin də başını yarır, döyür. Ağaclarını alıf sarıyır eşşəyin belinə. Hər sürüdən on qoyun bölür, qatır qa­vağına. Hay gedir qoyunun yiyəsinə ki, gəldilər qoyunu böldülər. Bi­ri deyir on atdı idi, biri deyir səkgiz atdı idi. Ağa deyir:

– Sədrəddini çağırın, bura gəlsin. O düz adamdı. Kim olduğu­nu, nə olduğunu deyəjəh.

Sədrəddin gəlir.

– Ə bala, qoyunu aparan, sizi döyən kim idi?

Deyir:


– Əşi, bir qoja kişi idi, qırmızı sakqal, qavağında bir eşşəh, üsdündə də bir arvad. Bular başdadılar ona sataşmağa.

Ağa o saat tanıyır kim olduğun. Atdanıllar. Gəlillər ki, Əhməd gəlif çatıf, qoyunu da qatıf qoyuna. Salam-kalamdan sora Əhmədə deyir:

– Döymüsən hak eləmisən, gətirmisən yaxşı eləmisən. Halal-xoşun olsun.

Əhməd də gətirif qoyunun birin kəsir. Yeyif-içif gedillər. Əlli dokquz qoyun da qalır Əhmədə.


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin