Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə95/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   91   92   93   94   95   96   97   98   ...   197
5. PADŞAH OĞLU
Bir padşah olur. Padşah ölür, bir oğlu qalır. Qabaxda nəsil­dən-nəsilə imiş ey padşahlıx. Bunu padşah qoyullar. Bu torpağını tanımır­mış da haradı. Cavan oğlan idi. Padşah olannan sora bir at minir, deyir gəzəjəm da torpağımı, görüm qranitsam hardan haradı, örgənim. Gəzə-gəzə, gəzə-gəzə, gəzə-gəzə gəlir elat yoluna. Dağa gedən yolun qırağında görür yaxşı göy çiməndi. Atı buraxır bura, bir az uzanır, bir az danışır öz-özünə. Nəysə, bu susduyur. Durur deyir: “Bir görüm buralarda nə tapıram”. Gedir qavağına bir quyu çıxır. Əyilir baxır ki, görüm su varmı, nədi, nə quyusudu. Əyilir baxır. Yuxarı çıxanda bu, tilsimə düşür. Olur bir yaxşı gəlin. Olur arvad xeylağı. Özünə baxır ki, ə, sən öl, mən arvad olmuşam. Bu nə işdi mənim başıma gəldi? Gəldi otdu. At da otduyur. Bayaxdan kişi idi, indi arvatdı.

Elatın dağ yolu idi. Padşah da şikardan gəlirdi, vəziriynən. Gəldilər bunun üsdünə düşdülər.

– A bajı, burda niyə oturmusan?

Dedi:


– A qardaş, elat gedif. Atım yoruluf, bir az atımı dincəldəjəm, gedəjəm.

Gördülər ki, yaxşı gəlindi dana. Dedi ki, biznən gedək.

Dedi:

– Yox, mən siznən hara gedim?



Axı bu bayaxdan oğlan idi, indi arvad oluf. Bunu məjbur atına mindirdilər, aldılar yedəyə, götdülər getdilər. O da padşah idi, bir də vəzir idi. Padşah subay idi. Apardı padşah bunu qoydu evə. Bajı­sı-zadı vardı. Dedi ki, a bajı, get onun yanına, gör icazə versə, kə­binini kəsdirim, qəşəh gəlindi. Getdi buna dedi. Bu da dedi ki, pad­şahlarda qırx gün möhlət olur, maa qırx gün möhlət versin, sora deyərəm. Dedi bəlkə dalınca gələn olar.

Qırx gün gəldi keşdi. Kimdi bunun dalınca gələn? Nəysə, icazə verdi. Mollanı gətdilər, kəbinini kəsdirdilər. Başdadı bunnan yaşamağa. Bunun bir oğlu oldu bunnan. Yaşıyırdılar.

Bir gün nətər oldusa, bunun atasının vilayəti yadına düşdü, baş­dadı ağlamağa. Yoldaşı gəldi, dedi:

– Ay qız, niyə ağlıyırsan, nəyin əysikdi? Hər şeyimiz var, Allaha şükür.

Dedi:

– A zalım oğlu, heş demirsən sən kimsən, hardan gəlmisən, nə­çisən. Daşdan-qayadan yaranmamışam ha. Mənim də atam-anam var.



Dedi:

– Var, gedəh da. Mən nə bilim. Gəjavə bəziyəh gedəh, ya elə belə gedəh. Nətər deyirsən gedəh.

Dedi:

– Yox.


Axı bu gedəndə oğlan idi. Dedi:

– Heş kəs lazım döylü. Bir sən, bir mən, bir də bu uşağım. Adama bir at minəh, gedəh.

Adama bir at mindilər. Oğlu da bu doğmuşdu dana, aldı qu­cağına, düşdülər yola. Dedi ki, sən məni götdüyün yerə qədər apar, ordan da ayna mən səni. Gəldilər düz həmən yerə. Düşdülər orda. Gəlin bilirdi quyunun tilsimli olduğunu. Atdarı buraxdılar, bir az otdular. Ərinə dedi bir hərrən gör buralarda sudan-seldən varmı, uşağa da verəh, özümüz də içəh. Bu durdu yavaş-yavaş, – bu da ba­xırdı, – hərrənə-hərrənə gəldi çıxdı quyunun üsdünə. Əyildi qu­yuya, baxıf qalxanda bu da oldu arvad. Getdi bunun yanına, dedi:

– Aaz, başıma belə bir iş gəlif.

Dedi:

– Heş-zad olmaz. Gəl uşağın yanında otur, gedim mən ora bir də baxım, bəlkə Allah irast salar da.



Durdu bu getdi gəzdi. O quyuya baxanda oldu oğlan. Bir yaxşı oğlan oldu. Gəldi dedi ki, uşağı al qucağına. Uşağı al qucağına, al qu­cağına. Nağarajax, arvad xeylağıdı. Atı mindilər, aldı qucağına. Ordan da ayanı bu tanıyırdı da. Götdü gəldi.

Bay, padşahın neçə ildi gedən oğlu gəlif çıxıf. Yeməh-işməh, ayan-bəri. Başdadı bu burda padşah oğludu dana, padşahlığını elə­mə­yə.

Bir gün dedi ki, vəzir, dəlləyi götür, gedək baş-gözümüzü qırx­dırax, hamamlanax. Dəlləh oldu, vəzir oldu, bir də bu şah oldu. İndi hamama gedirdilər. Yola bir təsbeh düşmüşdü. Bunu padşah da gördü. Təsbeh çox yaxşı təsbeh idi. Padşah arrandı götürməyə ki, mən padşaham, əyilim yerdən təsbeh götürüm? Götürmədi. Vəzir də gördü. Vəzirin də ürəyinnən keşdi, amma padşahdan qorxdu ku, padşahın maa ajığı tutajax. Axı demədi götür. Bunnar keçəndə dəl­ləh gəldi daldan. Dəlləyə nə sorğu-sual? Əyildi götdü, qoydu civinə. Bunu vəzir də gördü, şah da gördü. Şah dedi elə yaxşı oldu onun götdüyü. Bir kələhnən əlinnən alaram. Yaxşı təsbehdi.

Gəldilər evə. Şah dedi ki, ə vəzir, dəlləyi qoyma gedə. Denən gedəh çaydan-zaddan içəh. Görəh təsbehi ala bilirihmi onnan. Gədilər çayı qoydular ortaya. Şah dedi ki, ə dəlləh, bu təsbehi mən də gördüm, götürmədim. Sən niyə götdün onu? Dedi:

– Sən şahsan, arranmısan götürməmisən, mən niyə götürmü­yüm, dəlləh adamam. Vəzir də sənnən qorxdu, götürmədi. Mən ni­yə götürmüyüm? Qalsın orda?

Dedi:


– Yox ey, yaxşı elədin götdün. İndi adama bir söypət eliyə­jeyih. Kimin söypəti düz çıxsa təsbeh ona qalajax.

Dedi:


– Yaxşı, eliyəh. Şah sağ osun, qavaxca sən elə.

Şah mən elədiyim söypəti elədi. Belə getdim tilsimə düşdüm. Bax, o uşağı mən doğmuşam, mənim oğlumdu. Bu da ərim idi. Sora bu arvad oldu, mən kişi oldum. Aaz, heylədimi?

Dedi:

– Hə.


Bu bir az pərdəli oldu da, inanmalı olmadı. Vəzirə də “qatır vəzir” deyirdilər. Dedi:

– Hə, nolar, indi də vəzir söypət eləsin.

Vəzir də dedi ki, camaat maa “qatır vəzir” deyir. Bilirsinizmi? Mənim bir arvadım idi, bir özüm. Mən də burda vəzir idim. Gündə bura gəlirdim. Gəlirdim, gedirdim. Gejə arvadnan bir yerdə yatır­dıx. Gejənin bir vaxdı gördüm buz kimi arvad girdi yanıma. – “Ar­vad, hardan gəlirsən, niyə buz kimisən?” Dedi: “Çölə çıxmışam”.

Bir gejə, iki gejə, beş gejə. Ə, belə şey olmaz. Bu nətər işdi. Bir gejə yatmadım. Özümü vurdum yuxuluğa, xoruldadım. Gördüm ar­vad durdu yanımdan çıxdı. Arvad yanımdan çıxanda bir az göz­də­dim, mən də bunun dalınca. Yolnan, daldasıynan gethaget şəhə­rin or­tasınatan getdih, bu döndü bir qapıya. Mən də tez getdim baş­da abışka vardı, ordan baxıram. Gördüm ki, ə, burda üç oğlan var, iki də­nə də gəlin var. Bunnar süpürrəşillər, oynaşıllar. Mənim arva­dım içə­ri girəndə biri yerinnən qalxdı, buna bir qapaz qoydu ki, çə­pəl, axşamnan səni gözdüyürəm, hardasan. Bu da dedi ki, gərəh kişi yata, gələm da. Kişi yatmamış nətər gəlim? Dedi ki, bunu maa deyə bil­mirsən, sənə bir ayə örgədəm, oxuyuf vurasan kişinin kürəyinə. Daş desən, daş olajax, heyvan desən, heyvan olajax. Gedəndə də oxu vur, olsun adam. Bu ayəni deyir mən götdüm. Gözümün qava­ğındaca arvadnan oynadılar, elədilər. Dağılan vaxdı mən tərpəndim arvatdan qavax. Gəldim girdim yerimə. Arvad gəldi. Gənə buz ki­mi, çöldən gəlif. – “Arvad, canın niyə buz kimidi?”. Dedi: “Ə, çölə çıxmışdım dana”. Dedim: “Hə, yaxşı eləmişdin, gəl”. Uzandı arvad yanıma. Ağ­lıma gəldi qatır düşdü. Ayəni oxudum, dedim arvadım olsun qatır.

İndi arvad olur, qardaş, qatır. Günüz olanda alıf yedəyimə bağ­lı­yıram bax ora, axşam da olanda aparıram arvad eliyirəm, orda dolanırıx. İsdiyirsiniz durum oxuyum, qatır eliyim, görün.

Şah dedi:

– Ə, da dedin da, bildih. Dəlləh, sən de görüm nə deyirsən?

Dəlləh də dedi ki, mənim Allahdan əhdim vardı. Təhrassız əl qavına çıxmırdım. Bir dəfə, deyir, dağ yeri idi, gəlirdim. Birdən tutdu da pəşom. Ha yüyürdüm, ha yeridim özümü suya çatdıram. Gör­düm bir balaca alaçığ var, bunun qavağında bir aftafa var. Afta­fanı belə-belə elədim ki, hə, içində su var. Bunun içindəki də deməy­nən ayrı şeymiş. Tez gəldim. Əl qavına çıxmışam da. Bunu tökdüm belə özümü yuyam, bəri çəkəndə ayın-oyunum əlimdə gəldi. Ə, bu nə iş idi, ay Allah, başıma gəldi? Bu nətər şeydi? Gör­düm bir cüt göyərçindi qonuf ora. Deyir: “Ə, bu filankəsdi. Ayın-oyununu yerinə qoyuf bir də carrasa özünü, bitər yerinə”. Mən də tə­ləsdiyimdən alt-üsd qoymuşam. Bıy, sora baxıram ki, səyf qoy­mu­şam. Da təzdən fırrıyıf düzəltməh olmaz.

Padşah deyir ki, ə, heylə şey olmaz.

Deyir:


– İndi siz də kişisiniz, mən də. İcazə ver, açım, bax.

Açır özünü gösdərir padşaha. Padşah görür, sən öl, ə, bu düz deyir, elə heylədi. Həmi özünü padşaha gösdərir, – padşaha özünü gösdərməh zarafat şey döylü ey, – həmi də təsbehi alır.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin