2. İLAN TUTAN SEYİDLƏR
I mətn
Bı Sofu Usufun əsli İrannan gəlmişmiş. Onun üç oğlu vardı. O kəntdəri gəzərdi. Özü söhbət eliyirdi ki, məni urus gəldi apardı. Dedilər ki, dağda mağarada bir əjdaha var yekə, onu tutmalısan. Üş dənə cızıx çəkdim çəliyimnən dairəvi. Oxudum, qışqırdım, oxudum, qışqırdım. Gördüm kü, oyanıf gəlir. Gəldi birinci cızığı keşdi, ikincisini keşdi, üçüncüdə qışqırdım, dayandı. Tutdum qoydum meşoğa, verdim olara. Maa təzə pal-paltar, qəsdum, pul verdilər.
II mətn
Bir dəfə məni qolumnan ilan bərк çaldı. Dədəm Sofu Usufu çağırdı. Gəldi qolumu lezviynan doğram-doğram elədi (söyləyici açıf qolunu gösdərir. Sol qolu, həqiqətən, doğram-doğramdı – top.). Durdu qatıxdan çoxlu sürtdü. Zəhəri sığadı töhdü yerə. Sohra dədəm Musa bına dedi ki, ay Sofu Usuf, çağır o ilanı gəlsin, görəh nətəri ilandı, baxax. Dedi:
– A Musa, sən Allah, üz vurma. Onsuz da günaha batıram. Oları çağıranda yalan demiş oluram. Oları çağıranda dua oxuyuram. İlannar da elə bilir ki, dünyanın hər tərəfi od tutuf yanır, bircə mənim qarşım salamatdı. Ona görə də gəlif düz ayaxlarımın altında durullar. Axı dünya od tutuf yanmır, yalan demiş oluram.
Dostları ilə paylaş: |