TƏRTİBÇİLƏRDƏN
Dağlıq Qarabağ və ona yaxın ərazilərin işğalından sonra yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşmüş və Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişdir. Bu da öz növbəsində köçkün həyatı yaşayan Qarabağ sakinlərinin yaddaşındakı şifahi yaradıcılıq nümunələrinin, bölgədəki tarixi-coğrafi məkanlarla, övliyalarla, müqəddəs ocaqlarla bağlı mətnlərin, o cümlədən nağılların, bayatıların və s. toplanmasını zərurətə çevirmişdir. Çünki söyləyicilik ənənəsinin zəifləməsi folklor nümunələrinin yaşlı nəsildən gənc nəslə ötürülməsi prosesinin xeyli zəifləməsinə səbəb olmuşdur. Bunun nəticəsidir ki, bu gün özünü qarabağlı sayan, lakin oradakı tarixi-coğrafi məkanlar, müqəddəs ocaqlar, ümumiyyətlə, Qarabağ folkloru haqqında əsaslı təsəvvürü olmayan yeni bir nəsil formalaşmaqdadır. Qarabağ sakinlərinin yaddaşındakı folklor nümunələrini toplamaqla biz nəinki həmin nümunələri məhv olmaqdan xilas edirik, həm də gənc nəslin doğma tarixi-coğrafi məkanı, həmin məkanın folklorunu, etnoqrafiyasını daha yaxından tanımasına kömək etmiş oluruq. Belə ki, Qarabağdan toplanmış istənilən folklor mətni özündə bu bölgənin etnoqrafiyası, dili, tarixi, məişəti, coğrafiyası haqqında informasiya daşıyır. Qarabağın qədim türk yurdu olduğunu və onun hər bir daşında, torpağında türkün izi olduğunu folklor nümunələri bir daha əsaslı şəkildə göstərmiş olur.
AMEA Folklor İnstitutunun xətti ilə ilk Qarabağ toplusu 2000-ci ildə dərc olunmuşdur (Azərbaycan folkloru antologiyası, V kitab. Qarabağ folkloru. Bakı: “Səda” nəşriyyatı). Həmin kitaba daxil edilmiş folklor nümunələrinin toplandığı 1988-1989-cu illər Ermənistanın Azərbaycana qarşı təcavüzünün, ərazi iddialarının yenicə baş qaldırdığı dövr idi. Qərbi Azərbaycandan Ağdama ilk qaçqın dəstəsinin gəlməsi, ermənilərin separatçı mitinqlərinin geniş vüsət alması insanların içində bir narahatçılıq, bir çaşqınlıq yaratsa da, qarabağlı soydaşlarımız gələcəkdə onları gözləyəcək təhlükələrdən xəbərsiz bir həyat sürürdülər. Bu kitaba daxil edilmiş folklor nümunələri həmin insanların öz doğma yurd-yuvalarından, isti ocaqlarından didərgin düşdükləri, Azərbaycanın dörd bir tərəfi- nə səpələndikləri, qaçqınlıq həyatı yaşamağa məhkum olduqları bir dövrdə qeydə alınmışdır. Topluya daxil edilmiş folklor nümunələrinin qeydə alındığı coğrafiyaya diqqət yetirəndə bunu aydın şəkildə görmək mümkündür. Folklor nümunələrini biz Ağdam sakinindən Ağdamda deyil, Ağdaşda, Füzuli sakinindən Bakıda, Cəbrayıl sakinindən İmişlidə və s. qeydə almışıq. Buna baxmayaraq, hər bir folklor mətni öz mühitinin məhsuludur. Harada qeydə alınır alınsın, nümunələrin hər biri özündə Qarabağın toponomikasını, etnoqrafik cizgilərini əks etdirir.
Qarabağı digər regionlardan fərqləndirən cəhətlərdən biri də bu bölgənin folklorunun toplanılmasının xüsusi diqqət və hazırlıq tələb etməsidir. Çünki qaçqınlıq həyatı bu insanları xeyli kövrəltmiş, onları daha da həssas etmişdir. Toplama zamanı bu insanların içindəki yaranı qopartmamağa, o acılı günləri onlara xatırlatmamağa nə qədər diqqət göstərsək də, çox vaxt buna nail olmaq mümkün olmurdu. Hər dəfə görürdük ki, doğulduqları, böyüyüb boya-başa çatdıqları yerləri yada saldıqca bu insanların gözləri dolur, qəhərdən boğula-boğula danışırlar.
Toplama zamanı təmasda olduğumuz söyləyicilərin böyük əksəriyyəti 60-90 yaş aralarında olmuşdur. Əslində söyləyicilərin hamısının yaşlı nəslin nümayəndəsi olmasının səbəbkarı biz deyildik. Çünki söyləyiciləri biz seçmirdik, tanıdığımız, soraqlaşdığımız adamlar həmin şəxslərin ünvanını nişan verirdilər. Bu da onu göstərir ki, həmin insanlar zəngin repertuarı, gözəl söhbətləri ilə ətrafda tanınırlar. Əslən Ağdam rayonundan olan, amma sonradan məcburi köçkün kimi Ağdaş rayonunun Qumlaq kəndində məskunlaşmış Əli Rəmdar oğlu Süleymanov məhz belə söyləyicilərdəndir. O, Qumlaq kənd camaatı arasında öz baməzə söhbətləri ilə ad çıxarmış, tanınmışdır. Kənd sakinlərindən maraqlı söhbət edən, yaxşı lətifə, nağıl, rəvayət bilən bir insan tanıyıb-tanımadıqlarını xəbər alanda bizə Əli kişinin ünvanını göstərmələri də bir daha bunu təsdiq edir. Onunla tanış olandan sonra gördük ki, kənd sakinlərinin nişan verdiyi Əli kişi, həqiqətən də, öz maraqlı əhvalatları, gülməli hekayətləri ilə dinləyicini ələ almağı bacaran bir şəxsdir.
Uzunmüddətli toplama prosesində klassik anlamda başa düşdüyümüz professional söyləyicilərə, yəni “çörəyi məhz söyləyicilikdən çıxan” informatorlara rast gəlmədik. Amma məlum oldu ki, 1970-ci illərin sonu, 80-cı illərin əvvəllərinədək bu ənənə qismən də olsa davam edirmiş. Söyləyicilərin xatırladıqlarına görə, bu və ya digər bir aşıq, professinoal nağıl söyləyicisi müəyyən bir kənddə tanıdığı, yaxın əlaqələrə malik olduğu bir şəxsin evinə düşər, bir neçə gün orada çal-çağır edər, müəyyən dastan və nağıllar söyləyər, bunun müqabilində isə kənd camaatı onun haqqını, zəhmətini pul və digər vasitələrlə ödəyərmiş. Professional söyləyicilərə bu gün rast gəlməsək də, yaxşı yaddaşa, gözəl təhkiyə manerasına, zəngin repertuara malik, ünsiyyətcil, həm də bildiyi folklor nümunələrini böyük həvəslə söyləyən söyləyiciləri tapmaq mümkündür. Bunlar, adətən, uşaqlıqdan böyüklərin məclisində oturmağa, “köhnə söhbətləri” dinləməyə marağı olan, eyni zamanda eşitdikləri nümunələri sonrakı nəslə ötürməkdə də fəal olan söyləyicilərdir. Buna misal olaraq, Ağdam rayon sakini Əli Rəmdar oğlu Süleymanov və Cəbrayıl rayon sakini Gözəl Behbud qızı Təhməzovanın (2012-ci ildə vəfat edib) adını çəkmək olar. Topluya daxil edilmiş folklor nümunələrinin, demək olar ki, üçdə biri məhz bu iki söyləyicinin repertuarına məxsusdur. Belə söyləyicilərin bu gün də yaşaması əslində bizi hərəkətə gətirməli, onların hafizəsindəki folklor nümunələrini toplayıb xalqa, gələcək nəslə çatdırmalıyıq. Unutmaq olmaz ki, bu gün aktiv şəkildə ifa olunan hər hansı bir folklor nümunəsi sabah öz auditoriyasını itirərək dövriyyədən çıxa bilər (məsələn, dastanlar, xalq tamaşaları kimi). Bu isə bizim nəzarət edə və yönəldə bilməyəcəyimiz bir prosses olduğundan yalnız vaxtında toplama işlərini həyata keçirməklə təsəlli tapa bilərik.
Bəzən söhbətləşməyə meyil etməyən, bildiklərini bölüşməkdə maraqlı olmayan, hətta toplayıcıdan nəsə uman, bir sözlə, ən müxtəlif səbəblərdən “xəsislik” edən söyləyicilərə də rast gəlirsən. Bəzən camaat arasında “ən yaxşı o bilir”, “daha çox o, belə şeylər danışır” kimi nişan verilən şəxslər – söyləyicilər isə toplayıcılarla ünsiyyətə başlayan kimi özlərini itirir, həyəcanlanır, nəticədə, özləri demişkən, “bütün bildiklərini yaddan çıxardırlar”. Bu hallarda onlar özləri etiraf edirlər ki, bəzən bütün günü “boyatı çağırırlar”, lakin yad bir şəxsi (toplayıcını) görən kimi hər şeyi unudurlar. Aydın olur ki, bu tip söyləyicilərin ünsiyyət yaratmaq, bildiklərini yad bir adamla (toplayıcı ilə) bölüşmək qabiliyyəti zəifdir. Bu cür faktlar həm də bir daha onu təsdiq edir ki, bir söyləyici ilə bir dəfə ünsiyyətdə, təmasda olmaq yekun bir qənaətə gəlmək imkanı vermir. Əslində toplayıcılıq elə bir prosesdir ki, o, hər bir potensial söyləyici ilə mütəmadi təmasda olmağı tələb edir. Məhz bu zaman söyləyici ilə toplayıcı arasındakı təmas daha səmimi və inandırıcı olur, söyləyici toplayıcıya artıq yad bir adam kimi deyil, doğma şəxs kimi baxır. Söyləyicinin toplayıcıya inamı artdıqca daha səmimi bir mühit yaranır ki, bu da çox vaxt toplayıcıya öz istədiklərini almaq imkanı verir. Digər bir tərəfdən, söyləyici ilə mütəmadi söhbət sanki onun (söyləyicinin) yaddaşını təzələyir, ilk vaxtlar çox şeyi xatırlamayan söyləyici getdikcə daha çox şeyləri xatırlamaqla yanaşı, söhbətləşməyə də həvəsli olur. Təcrübə göstərir ki, söyləyicidən birbaşa atalar sözü və məsəl deməyi xahiş edəndə çox vaxt müsbət bir nəticə hasil olmur. Amma uzunmüddətli təmas nəticəsində bir söyləyicidən onlarla atalar sözü və məsəl, bayatı qeydə almaq mümkündür.
Söyləyicilərin yaşı ilə yanaşı, onların yaşam tərzi, keçmiş və hazırkı durumu, məşğul olduqları sahələr, təhsilləri, söylədiyi mətnlərin mənbəyi və s. bu kimi faktlar da diqqət yetirdiyimiz məqamlardan olmuşdur, çünki bunların hamısı bu və ya digər dərəcədə yaddaşda formalaşan və sonradan söylənilən folklor mətninin hansı məzmunda və hansı formada gerçəkləşməsinə birbaşa təsir göstərir. Toplama zamanı bir daha aydın olmuşdur ki, hər bir söyləyicinin özünəməxsus söyləyicilik psixologiyası və repertuarı olur. Məsələn, uzun müddət sürücü işləyən bir söyləyicinin repertuarı ilə daim çölçülük edən söyləyicinin repertuarı fərqlidir. Toplama zamanı qadın və kişi söyləyicilərin hər birinin sanki ayrı-ayrı janrlar üzrə püxtələşdiyi, onların fərqli leksikon və ifa manerasının olduğu bir daha təsdiqlənir. Nümunə üçün deyə bilərik ki, qadınlar daha çox bayatı söyləməyə meyilli olduğu halda, kişilər lətifə söyləməyə maraq göstərirlər. Amma hər iki cinsin nümayəndələrinin repertuarında peyğəmbər və övliyalarla, eləcə də ocaq və pirlərlə bağlı mətnlər geniş yer tutur. Bütövlükdə klassik söyləyicilik ənənəsi itməkdədir. Yaşlı söyləyicilərin söylədiklərinə əsaslanaraq, deyə bilərik ki, təxminən, 40-50 il bundan qabaq bir kənddə 4-5, bəlkə də, daha çox potensial söyləyici olarmış. Amma biz toplama prosesində bir kənddə yaxşı bir söyləyici tapanda sevinirdik. Bəzən elə kənd olurdu ki, ordan, necə deyərlər, əliboş qayıdırdıq. Camaatın dediklərindən belə məlum olurdu ki, sinəsi dolu adamlar çox olub, amma artıq dünyalarını dəyişiblər.
Söyləyicilər hansı şəraitdə yaşamalarından asılı olmayaraq, bizi həmişə xoş üzlə qarşılamışlar. İşin gərəkliliyini başa düşən söyləyicilər isə bizə əllərindən gələn köməyi etmişlər. Olub ki, söyləyicilərin evində gecələmişik. Bizə göstərdikləri hər cür köməyə, səmimi, mehriban münasibətə görə onların hamısına öz təşəkkürümüzü bildiririk.
Kitabda əksini tapan mətnlər ədəbi dil baxımından heç bir redaktəyə məruz qalmayan mətnlərdir. Onlara məzmun və forma dəyişikliyinə səbəb ola biləcək hansısa əlavələr edilməmişdir. Söyləyicilərlə zamandan və şəraitdən asılı olaraq, müxtəlif yerlərdə (evdə, həyətdə, iş başında və s.) söhbət aparılmışdır. Əksər hallarda söyləyicilərlə fərdi söhbət edilsə də, bəzən toplama prosesi bir neçə söyləyicinin birlikdə iştirakı ilə baş tutmuşdur. Nümunələrin diktofon vasitəsilə qeydə alınmasına çalışmış və çox vaxt buna nail olmuşuq. Lakin toplama zamanı bəzən diktofondan və digər texniki vasitələrdən istifadə etmək mümkün olmamışdır. Bunun iki əsas səbəbi olmuşdur: ya söyləyici ilə görüş təsadüfən baş tutmuş, toplayıcılar hazırlıqsız olmuşlar, ya da söyləyici, mətni diktofon və kameraya danışmaqdan imtina etmiş, nəticədə isə mətn əlyazma şəklində qeydə alınmışdır. Folklor nümunələri diktofon vasitəsilə yazıya alındıqdan sonra həmin nümunələrin kasetdən üzü köçürülmüşdür. Təbii ki, yazıya köçürmə prosesində şifahi nitq elementlərini (söyləyicinin fərdi nitq xüsusiyyətlərini, yamsılamaları, jestləri, mimikaları) olduğu kimi saxlamaq mümkün olmur. Bəzən dəfələrlə dinlənilsə də, hansısa bir sözün, şəkilçinin və səsin hansı məxrəcdə və nə cür söylənildiyi tam aydınlaşmır. Bütün bunlara baxmayaraq, yazıya köçürülən zaman mətnlərin dialekt və şivə əlamətləri, şifahi nitqin fonetik və sintaktik xüsusiyyətləri, eləcə də söyləyicinin fərdi nitq xüsusiyyətləri mümkün qədər saxlanılmışdır. Əgər hansısa bir məqamda söyləyicinin işlətdiyi söz və ifadə tam anlaşılmamışdırsa, yaxud yazıda öz əksini tapmamışdırsa (mətn qeydə alınarkən qəflətən söyləyicinin nitqi ilə eyni zamanda yad bir səsin də diktofonun yaddaşına düşməsi, texniki nasazlıq, söyləyicinin sözü unutması və s. səbəblərdən) belə hallarda məzmunun daha yaxşı anlaşılması üçün mətndə kontekstə müvafiq söz və ifadələr bərpa edilmişdir. Qeyd edək ki, belə hallar azlıq təşkil edir və həmin sözün (və ya sözlərin) mətnə tərtibçilər tərəfindən əlavə olunduğunu bildirmək üçün onlar çarpaz mötərizə içərisində verilmişdir.
Yalnız bir neçə mətn ədəbi dildə verilmişdir. Həmin mətnlərin bir qismi Çimnaz Abbasovadan qeydə alınmışdır. Laçın rayonunda yaşadığı vaxt eşitdiyi və hafizəsində saxladığı mətnləri sonradan o, özü yazıya köçürmüşdür. Biz də həmin mətnləri dil və üslubuna toxunmadan topluya daxil etmişik. Aşıq Qurbani və Mazan nənə pirləri haqqında məlumatlar da ədəbi dildə təqdim olunmuşdur.
Onu da qeyd edək ki, bəzən mətndə işlənmiş dialekt sözlərinin leksik baxımdan birbaşa hansı mənanı ifadə etdiyini aydınlaşdırmaq, izah etmək çətin olur. Belə hallarla qarşılaşmamaq üçün yaxşı olardı ki, dialekt sözlərinin mənası birbaşa söyləyicinin özündən soruşulub dəqiqləşdirilsin. Amma təəssüflər olsun ki, biz özümüz də bəzən buna əməl etməmişik. Belə hallarda həmin sözlərin mənasını işləndiyi kontekstdən çıxış edərək izah etməyə çalışmışıq.
Topluda bəzi süjetlər bir neçə variantda təqdim olunur. Ümumi başlıq altında verilsə də, həmin variantlar I mətn, II mətn yazılmaqla bir-birindən fərqləndirilmişdir.
Klassik folklorun müasirləşməsi, başqa məzmun və funksiya qazanması prosesi öz şərtlərini diqtə edən texniki inkişafın və bu inkişafa uyğun formalaşan auditoriyanın birbaşa təsiri altında baş verir. Klassik lətifələr, atalar sözü, tapmacalar, inamlar və s. bir çox hallarda əvvəlki mövzu, məzmun və funksiyasını saxlaya bilmir və özünə yeni məzmun, yeni funksiya qazanır. Bu ən müxtəlif formalarda, mühitin, auditoriyanın, obrazların, mövzuların və s. dəyişilməsi şəklində baş verir, özü də, qeyd etdiyimiz kimi, bu proseslər bizim istəyimiz xaricində gedir. Bu dəyişilmələr heç də hər zaman uğurlu olmur, yeni yaranan bəzi folklor nümunələri sanki kollektivin yox, fərdin yaradıcılıq məhsulu kimi meydana çıxır. Nəticədə biz “yeni folklorun” yaranışını əyani şəkildə izləyə bilsək də, onun sonrakı taleyi haqqında fikir bildirməkdə çətinlik çəkirik. Amma bir fakt tamamilə aşkardır ki, klassik folklor müasirləşdikcə, auditoriyanın tələbinə uyğunlaşdıqca yeni dəyər qazanır, bütövlükdə isə köhnə ənənə əsasında yeni yaradıcılıq nümunələri meydana çıxır.
Toplanan mətnlər janr baxımından çox zəngindir. Nağıl, dini şəxslər və ocaqlarla bağlı rəvayətlər, lətifələr, atalar sözləri, bayatılar digər janrlara nisbətən çoxluq təşkil edir. Lakin bayatı bölgədə daha çox yayılan folklor janrı olduğundan nümunələr arasında xüsusi yer tutur. Görüşdüyümüz qadın söyləyicilərin, demək olar ki, hamısı bayatı söyləmişdir. Ümumiyyətlə, bölgədə bayatı bilməyən adama rast gəlmək çətindir. Təsadüfi deyil ki, hələ XVIII əsrdə Molla Vəli Vidadi şair dostu Molla Pənah Vaqiflə məşhur deyişməsində bu faktı poetik bir dillə belə ifadə etmişdir:
Külli-Qarabağın abi həyatı
Nərmü-nazik bayatıdır, bayatı.
Oxunur məclisdə xoş kəlimatı,
Ox kimi bağrını dələr, ağlarsan.
Adətən, bayatı daha çox ağır dərdli söyləyicilər tərəfindən söylənilir. Hətta bəzi dərdli söyləyicilər təkbaşına qalanda “gününü öz-özünə bayatı söyləməklə keçirir”. Doğrudan da, bu qəbildən olan söyləyicilərin “çağırdıqları bayatılar” adamın “bağrını ox kimi dəlir”. Onların dərdlərini hər dəfə yenidən tərpətdiyi üçün adam məyusluq hissi keçirir. İndiki vəziyyətdə isə bölgənin hər bir sakini “dərdin, qəmin, hicranın” ən ağırını daşıyır. Daha bayatı janr kimi hansısa bir fərdin yox, bütövlükdə bölgə sakinlərinin dərd-qəmlərinin poetik ifadə vasitəsinə çevrilib. Bu bayatılarda həm də “yeni” bir mövzudan – qaçqınlıq, köçkünlük, vətən həsrəti və sairdən söhbət gedir. Sanki bu janr yeni bir mərhələ yaşayır: bir tərəfdən ənənəvi bayatıların mövzuca dəyişməsini müşahidə ediriksə, digər tərəfdən formalaşma prosesi yaşayan nümunələrin şahidi oluruq. Məşhur bayatıların başqa bir variantda formalaşması göz qabağındadır:
Kitabın Gülüstandı,
Aç, oxu, gülüstandı.
Bülbülün göz yaşından
Bağçada gül islandı.
Bu bayatının yeni qeydə alınmış variantı isə belədir:
Kitabın Gülüstandı,
Aç, oxu, gülüstandı.
Qaşqının göz yaşından
Bağçada gül islandı.
Yaxud bu mövzuda olan digər nümunələrə diqqət yetirək:
Sumaxda yaxşı su var,
İçməyə yaxşı su var.
Dərtdən, qəmdən, hicrannan
Qaşqında yaxşısı var.
Gün getdi, sarı qaldı,
Getdikcə sarı qaldı.
Girov yoluna baxmaxdan,
Gözümdə sarı qaldı.
Başıma baş bağlaram,
Yuyaram, yaş bağlaram.
Gözlərəm, vətən qayıtmasa,
Bağrıma daş bağlaram.
Topluda bu cür nümunələr kifayət qədərdir.
Kitabda Cəbrayıl və ona yaxın rayonlarda məşhur bir övliya kimi tanınan məşhur Hacı Qaraman (Əhməd) Çələbi və onun nəslindən olan digər məşhur çələbilər haqqında ilk dəfə çap olunan çoxlu rəvayətlər vardır. Kökcə Türkiyənin Qaraman bölgəsindən olduğu bildirilən çələbilər nəslinin yaxın keçmişimizdəki ictimai fəaliyyəti, demək olar ki, araşdırılmamışdır. 1937-ci il repressiyasında bölgə əhalisi arasında böyük nüfuz sahibi olan bu nəslin nümayəndələrinin bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə sürgün edilmişdir. Bu ocaqdan çıxan çoxsaylı ziyalıların fəaliyyəti, əsasən, dini və dünyəvi maarifçilk istiqamətində olmuşdur. İnanırıq ki, çələbilərlə bağlı toplama işləri və araşdırmalar maraqlı nəticələrə gətirib çıxaracaqdır.
Son olaraq onu qeyd edək ki, topluya indiyə qədər heç bir kitabda rast gəlinməyən onlarla yeni süjet daxil edilmişdir. Hacı Qaraman, Seyid Həsən ağa, Füqəra Seyid, Hacı Qasım Çələbi, Alı Çələbi, Dağyunusun xəzinəsi və s. barədə süjetlər dediyimizə misal ola bilər. İnanırıq ki, “yeni” folklor nümunələri ilə zəngin olması və mətnlərin təbiiliyinin saxlanması baxımından bu kitab folklorşünaslar üçün, ümumiyyətlə, Azərbaycan folkloru ilə maraqlanan hər bir kəs üçün qiymətli mənbə olacaqdır.
Dostları ilə paylaş: |