38. SÜLEYMAN PEYĞƏMBƏRİN ÖLÜMÜ
I mətn
Мən eşitmişəm ki, Süleyman peyğəmbər iki yüz səhsən yeddi il yaşıyıf. Guya bir gün Süleyman peyğəmbər harasa gedirmiş. Ordan keçəndə gərəh bir əmanət verəymiş. Onun getdiyi yeri dəqiq bilmirəm. Üzüyünü verif orda bir qadına. Gedif, geri qayıdanda deyif ki, ay qarı, mənim üzüyümü qaytar ver. Deyif:
– Gəl, tapa bilirsənsə, götür apar.
Deyir ki, sən ver, tapajam, üsdünə adım yazılıf. Gedir orda bir neçə Süleyman adı yazılmış üzühlər görür. Gəlir deyir ki, ay qarı nənə, axı burda Süleyman adı yazılmış üzühlər çoxdu. Deyif:
– Ay bala, bu dünyayа sənin kimi o qədər Süleymannar gəlif gedif.
Deyillər Süleyman peyğəmbərə Allah peyğəmbərrih verdi. Lakin dünya malını peyğəmbərrihdən üsdün tutuf, daim şahlıx arxasınca getdiyinə görə ona peyğəmbərrih qismət olmadı. İndiki dilnən desəh... Guya o peyğəmbərriyin dalına düşmüyüf, şahlığı üsdün tutuf. Cənabi Cəbrayılı da Allah-tala göndərif ki, bı, şahlıxdan əl çəkmiyəjəh. Bının bir belə üsdün yaşamağınnan, qarışqadan, nə bilim nədən bac-xərac almağınnan, daim Allahın töhmətində qalmağınnansa, ölməyi məsləhətdi.
Deyir, iki yüz səhsən yeddi il ömür sürən Süleyman hər şeyin dilini bildi, hər gün ünsiyyətdə olduğu qadının dilini bilmədi.
II mətn
O Süleyman peyğəmbərin, deyir, barmağında üzüyü varmış. O Süleyman peyğəmbərin canını ala bilmirmişdər. Bir günnəri bulağın başında gözəl bir məleykə qız bına sataşıf. Qız bına deyif ki, o üzüyü çıxardıf mana verərsən? Deyif:
– Hə, niyə vermirəm.
Gətirif üzüyü çıxardanda Əzrayıl boynunu kəsir. Süleyman da bına – Əzrayıla deyif ki, canımı alırsan, gəl gedəh odey, o ağacın altında alginən. Süleyman peyğəmbər deyif bını. Deyif:
– O nədən ötəridi?
Deyifdi ki, onnan ötəridi ki, bırdan ora getməh də, işıxlı dünyaya baxmax da şahaddıxdı. Onun üçün onnan qalıf ki, Süleymana qalmıyan dünya kimə qalajax.
Dostları ilə paylaş: |