44. ALLAHDAN KÜSƏN ÇOBAN
Musa Tura gedəndə çoban deyir ki, ya Musa, Tura gedirsən?
Deyir:
– Hə.
Deyir:
– Mənim Allahıma deynən ki, mən onnan küsmüşəm.
Musa deyir ki, əşi, əstafır elə, sən kimsən Allahdan küsəsən. Deyir ki, sənin nə işəə qalıf, deyərsən.
Allah-talaynan danışannan sora deyir ki, Xudavəndi-aləm, özünə agahdı da, çoban belə-belə dedi. Allah-tala deyir ki, ya Musa, get ona deynən ki, mən də onnan küsdüm. Gəlif deyir ki, Allah-tala deyir ki, mən də onnan küsdüm.
Vaxt olur, ikinci dəfə gedəndə Musa peyğəmbərə deyir ki, mənim Allahıma deynən barışdım onnan. Gedir Allahnan görüşür. Deyir:
– Xudavəndi-aləm, çoban deyir ki, onnan barışdım.
Deyir:
– Mən də onnan barışdım.
Qayıdır gəlir çobana deyir ki, sən kimsən Allahdan küsəsən, Allahnan barışasan. Bunu maa agah eylə. Deyir ki, mən Allahdan ona görə küsmüşdüm kü, o gözəllihdə cənnəti yaratmışdı, cəhənnəmi niyə yaradıf. Ona görə küsmüşdüm onnan. Sən gedənnən sora bir dəsdə quldur gəldi, məni döydü, qoyunumun da yaxşıların seşdi apardı, qalmışam indi bu axsağ-uxsağın yanında. Mən də ona görə onnan barışdım ki, cəhənnəmi də yaradıf onnardan ötrü.
Dostları ilə paylaş: |