57. KİM QÜVVƏTLİ PADŞAHDI?
Bir padşah oluf. Adı yadımnan çıxıfdı. Padşah deyir ki, mənim yanıma bir nəfər adam göndərin. Əgər o mən dediyimi yerinə yetirməsə, boynun vurdurajam. Sual verəjəm ona, maa cavaf verə.
Neçə adam göndərillər, bular məğlub olullar. Axırda bir nəfər deyir ki, məni aparın onun yanına. Padşah buna deyif ki, de görüm Rustam Zal qüvvəli padşahdı, yoxsa mən? Deyir ki, sən qüvvəli padşahsan. Rustam Zal pəhlivan oluf, amma padşah olmuyuf. Deyir:
– Keykavus böyüh padşah oluf, yoxsa mən?
Deyir ki, sən böyüh padşah olmusan. Ona atasınnan qalıf, amma sən özün qazanmısan. Əli Əleyhsalam haqqında sual verif ki, Əli Əleyhsalam qüvvəli şəxsiyyət oluf, yoxsa mən. Deyəndə, deyif ki, kəs səsini, axmax, sən onun köpəyi də ola bilməzsən. Padşah deyif ki, hirsdənmə, ağsakqal. And olsun Allaha, əgər desəydin Əli Əleyhsalamdan sən qüvvəli padşah olmusan, sənin boynu vurardım. Düz deyirsən, Əli Əleyhsalam mənnən qüvvəli padşah oluf.
Dostları ilə paylaş: |