64. ALI ÇƏLƏBİ
I mətn
Alı Çələbi türmədə yatanda türmənin ağzını qıfıllıyıflar, qıfıl açılıf düşüf yerə. Neçə dənə qıfıl dəyişiflər, hamısı açılıf düşüf yerə. Alı Çələbi türmədə Molla Qüdrətnən, bir də mənim atamnan bir yerdə oluflar. Türmədən çıxırmışdar çölə, gedif yamacda gəzirmişdər. Heş bir gözətçi oları saxlamırmış. Elə bil ki, görmürmüşdər. Bılar gəldihcə qapılar öz-özünə açılırmış. Deyir, türmənin rəisinə çatdırıflar. Deyiflər ki, bəs üş dusdax, başda da filankəs olmaxnan qapıları bağlanmır. Türmənin rəisi çağırır yanına, bunnan söhbət edir. Deyif ki, o qıfılın orda dayanmamağı mənnih dəyil, qapıların açılmağı mənnih dəyil. O, Allahın hökmüdü. İnanmırsan, düş mənnən gedəh. Yoxluyuflar. Deyif ki, sən isdəsən axı bağlı qalar. Deyif:
– Yox, ona mənim güjüm çatmaz.
Şuşa türməsində oluf. Belə şeylər çox oluf.
II mətn
Qonşu oluflar iki gəlin. Biri gəlir çələbilərin yanına uşax niyyətiynən. Gələndə qonşusu da təzə tuman almışmış. Deyif:
– Qonşu, o təzə tumanı ver, geyinim gedim.
Bı verif. O biri gəlin, sən demə, beş ildi getmişmiş, uşağı olmurmuş. Nəysə, gəlif çıxanda bına deyif ki, bı tuman sahibinin iki uşağı olajax: bir oğlu olajax, bir qızı. Tuman sahibi də qonşusudu axı. Bı gəlinin yanında olannar deyif ki, bı nə deməkdi? Tuman kimindi ki? Deyif:
– Tuman qonşunundu, qonşudan alıf geymişəm. Bı tuman verən gəlindi, dörd-beş ildi getmişmiş ərə, uşağı olmadığı üçün əri qavmışmış.
Kəndə qayıdanda görüf kü, əri gəlif bını aparıf. Sohra uşağı da olufdu. Alı Çələbinin yanındakı mürütdər sual verif ki, o nəydi dedin, niyə helə dedin?
Deyif:
– O gəlin qonşunun tumanını geyif gəlmişdi. O qədər həvəsnən vermişdi ki o tumanı ona, uşax da tuman sahibinin payına düşdü. Gələn gəlin camaata qoşulub gəlmişdi, bəxtəbəxt gəlmişdi. O amma həvəsnən tumanını vermişdi.
Dostları ilə paylaş: |