79. MAZAN NƏNƏ
I mətn
Pir Stansiya Xələfli kəndindən təxminən 4-5 kilometr aralıda dağın zirvəsinə gedən yolda, ən sonuncu dərədə yerləşir. Pir adam boyundan yuxarı dairəvi şəkildə dağ daşları ilə hasara alınmış, qapı da qoyulmuşdur. İçəridə isə Mazan nənə basdırılmışdır. Bu pirə, adətən, erkək qoyun, dana, xoruz və s. heyvanlar qurban deyilir. Pirə əvvəlcə gərək çöldən, saat istiqamətində üç dəfə fırlandıqdan sonra daxil olasan. İçəridə məzarın ətrafına üç dəfə dövrə vurursan. Bu zaman pirin daşlarından öpülür, müəyyən niyyətlər deyilir, nəzirlər qoyulur. Əvvəlcə gələnlər tərəfindən qoyulan nəzirlər götürülür. Əgər çörəh götürülürsə, evə gətirilir və bütün ailə üzvüləri həmin çörəhdən bir tikə kəsib yeyirlər. Pirə gətirilən qurbanı da çöl tərəfdən pirin ətrafına fırladırsan. Bu pir ərazidə məşhur olduğu üçün yaxın-uzaq yerlərdən bura ziyarətgaha gələnlər çox olub.
II mətn
Deyillər bir qadın oluf, gedif kündə eliyif. Paltar qazanı qoyuf ki, paltar yuya, çörəh sala. Sürfəni açıf, kündəni eliyif yığıf ora, qayıdıf çörəh salıf. Deyiflər:
– Evin yıxılmasın, – Mazan nənədi adı, – bilirsən, qənimlər gəlif çıxıflar.
Orda deyif:
– Allah, özün bilən yaxşıdı, mən neyniyə bilərəm.
Orda Allah Mazan nənəni qayba çəkir. Amba kündələri də daş oluf, oxlavı da, dörd ayağı da, sajı da.
Vayennilər gəlirmiş axşam vaxdı, onun nəyi var yığıf aparıllar töküllər Araza ki, bura gəlif yığıncax eləməsinnər. Səhər gəlif görüllərmiş kündə də yerindədi, saj da, oxlav da – hamısı yerbəyerindədi.
Hajı Qaraman özü deyif ki, mənim övladım ora ziyarata gedə bilər, amma ayrı yerə icaza vermirəm gedə. Hajı Qaraman babam deyirmiş ki, o qadın kəsik* qadın olduğuna görə, hər cuma mən gedirəm onun görüşünə. O da bizim sinif kimi nəcabət yiyəsidi.
Onun bir dənə kündəsin götürən olufdu. Qayıdan baş qayadan uçufdu.
Dostları ilə paylaş: |