12. İNSANLAR NECƏ GÖZÜQIPIQ OLDU?
Bax, bu gözü qıpıx adamlar var ha, gözünü belə-belə qıpır. Deyilənnərə görə, rəvayətə görə, onnar güllə atıf maralı yaralıyıf-lar. Maralın sahibi gəlif sağanda baxıf ki, maralın südü qannıdı. Onnan sora həmən sağan adam deyif ki, sənə güllə atan görüm, gündüz qürrabı olsun, səni görüb ata bilməsin. Onnarın gözü gejə bizim kimi olur. Biz tərəfdə var. Belə açıx olur. Amma gündüz bax belə olur, bax belə-belə (söyləyici tez-tez gözünü qırpır – top.).
13. HARAMLIQ NECƏ YARANDI?
Əvvəllər insannar Allahdan yağış isdirmişdər, yağırmış, quraxlıx isdirmişdər, quraxlıx olurmuş. İnsannar helə pak imişdər. Padşah deef:
– Nağarax ki, haramlıx olsun, maa buların qarğışı keşməsin? Mən bulara zülm eliyəndə maa qarğış eliyəjəhdilər.
Deef:
– Sən gətir hərədən bir yumurta yığ.
Hərədən bir yumurta yığır, ləyən dolur. Camaatı çağırır ki, gəlin yumurtanı götürün. Bir belə yumurtadı da, nə bilillər kiminkidi. Hamı öz malını tanıya bilmiyifdi. Kim harda nə oluf onu alıf. O vaxtdan qarışıxlıx yaranıf.
Dostları ilə paylaş: |