Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə148/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   144   145   146   147   148   149   150   151   ...   266
23. NİŞANLISINI İTİRMİŞ İLAN
I mətn

Bir oğlan öz nişannısıynan bağda gəzirmiş, görüf bir qara ilan ağ ilanı gəmrih-gəmrih elədi, qanatdı tamam. Oğlan götürüf qara ilanı öldürür. Bular da nişannı imiş. Ağ ilan deyir ki, dünyada gəzdiyim haram olsun, qoysam səni aylə qurasan. Sən ki mənim nişannımı öldürdün, mən də qoymujam.

Bu, ildə bir dənə qız alırmış, səhər duruflarmış ölüf. Bilən olmurmuş bu nədəndi. Qırx gün, qırxıncı gündə peyğəmbər təklif eliyir ki, bu oğlana kim qızını verir. Da heş kəs dillənmir. Ölür da, gedən gejəsi ölür bu. Bir də çağırır:

– Bu oğlana kim qızını verir?

Qoja kişi görür peyğəmbərin sözü yerə düşür, deyir:

– Mənim yeganə bir qızım var, verirəm buna.

Qızı verir buna, peyğəmbər kəbini kəsir. Peyğəmbərə agah imiş da, hər şeyi bilirmiş. Deyir:

– Onun yerini yığmıyın mən gəlincə.

Peyğəmbər gedir görür bir ilandı. Belə ayılıf deyir:

– Paho, gejikmişəm.

Deməli, bunun başına ağrı verif, gözünü aça bilmir.

– Gejikmişəm, uduzdum.

Durğuzur:

– Ay Allahın heyvanı, – Süleyman peyğəmbər bütün quşda­rın, heyvannarın dilini bilirdi, – burda nə gəzirsən?

Deyir:

– Vallah bir neçə il bunnan qabax bu oğlan öz nişannısıynan gəzirdi bağda. Mən də öz nişannımnan. Heş nahaxdan mənim nişannımı öldürdü. Mən də fikirrəşdim ki, qoymujam bunun əli ələ dəysin. Neçəsini alsa, vurmalıyam. İndi də nəsə başımı ağrı tutdu, dura bilmədim. Bunu da öldürəjeydim.

Deyir:

– İndi o ilanın yerini bilirsən harda basdırılıf?

İlan sürünüf bunun yanınca, oğlan da dalınca gediflər. Sürü­nü-sümüyünü yığır, peyğəmbər zamanı imiş, əlini çəkir üsdünə, olur şümal bir ilan. Bu ilan deyir:

– Mən axı qojalmışam.

Bunun da üsdünə əlini çəkif, bu cavannaşır. Deyir:

– Gedin insannardan aralı gəzin.

İlan barədə eşitdiyim əfsanə budu.

II mətn

Bir kişi oluf, bu kişinin bir oğlu oluf. Bir gün bu kişi oğlunun taleyini bilməhdən ötrü gedif oğluna fal aşdırır. Falçı buna deyir:

– Sənin oğlunu evlənən günü ilan vuruf öldürəjəh.

Günnər gəlif keçir. Kişinin oğlu yekəlir. Bu oğlan yekə, gözəl bir oğlan olur. Bu oğlan çox bilikliydi. Atası buna hər şeyi örgət­miş­di. Oğlan iyirmi beş yaşına çatır. Amma kişi bunu evləndirmir ki, evləndirmir. Oğlu çox deyənnən sohra atası bunu evləndirməh qərarına gəlir. Toy eliyillər. Atası oğlannan gəlnini gətirif bir otağa qoyur. Bılara çoxlu yeməh-işməh də qoyullar. Oğlan gəlinə deyir:

– Sən yat, mən Quran oxuyuf, namaz qılajam.

Falçıların dediyi ilan toy günü oğlannan gəlin olan otağa gir­mişdi. Məqamı gözdüyürdü kü, oğlanı vura. Oğlan da Quran oxu­yurdu. Allahdan bütün günahlarının bağışdanmasını isdiyirdi, dua eliyirdi. Bu vaxt buların evinin qabağınnan bir qoja arvad keçirdi. Qapıları döyüf çörəh isdiyirdi. Oğlan tez yeməynən dolu qabı götürüf qarıya verdi. Təzdən gəlif Quran oxumağa başdadı. İlan gördü kü, səhər açılır, oğlanı çala bilmiyəjəh, sivişib otaxdan çıxdı. İlan yuvasına gedəndə qabağına heyvannarın dilini bilən bir adam çıxdı. Bu kişi soruşdu:

– Ay ilan, bu vaxt hardan gəlirsən?

İlan dedi:

– Getmişdim bir oğlan varıydı onu çalmağa, amma çalmadım, qayıdıf gəldim.

Bu kişi soruşdu:

– O oğlanı niyə çalmax isdiyirdin, günahı nəydi?

İlan dedi:

– Oğlan sevgilimə qovuşduğum gün mənim sevgilimi öldür­müşdü. Mən də and işmişdim ki, onu toy elədiyi gün çalım, amma çalmadım.

Kişi soruşdu:

– Bəs niyə çalmadın?

İlan dedi:

– Mən gördüm kü, o ancax Quran oxuyur, tova eliyir. Həm də o bir aj qarıya çörəh verdi, suaba batdı. Tay mən də onun bütün günahlarını bağışdadım, öldürmədim, qoy xoşbəxt yaşasınnar.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin