Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə168/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   164   165   166   167   168   169   170   171   ...   266
42. KOR CANAVARIN QİSMƏTİ
Çoban imiş, kəndin, deyir, qoyununu güdürmüş. Hər axşam gəlillər ki, qoyun yiyələri, a kişi, mənim qoyunumun biri yoxdu. Səhəri gün o birisi gəlir ki, mənim qoyunumun biri yoxdu. Bu da deyir ki, nətər olur, mən qoyunu dağda-dərədə güdmürəm, düzən­nih yerdi, qoyunun yanına gələn yox, gedən yox. Deyir:

– Yaxşı, yoxluyaram.

Səhər gənə qoyunu aparanda görür ki, bir dənə qoyun dərəyə yaxınnaşanda sürüdən ayrıldı, başdadı ayna getməyə. Dedi:

– Görəsən nə sirdi, bu, hara gedir?

Görür ki, dərədən düşdü. Gedir baxır, görür ki, dərədə bir canavar, qoyun da düşüf onun qabağına. Baxır görür ki, canavarın gözü kor. Deyir:

– Hə, ya rəbbi, dərədə kor canavara verə bilirsən, məə verə bilmirsən?

Sürünü qaytarır dala, camaatın qoyununu verir, deyir:

– Daa buyünnən mən çoban olmuram.

Ay aman, ay dad. Deyir:

– Əşi, yox.

Deyir:

– Dərdin-sərin nə?

Deyir:

– Heş nə.

Gəlir evə, arvadı deyir:

– A kişi, nə tez gəlmisən belə?

Deyir:

– Arvad, ojağın yanında məə döşəhçə qoy, mütəkgə qoy.

Gəlir oturur. Deyir:

– Noluf?

Deyir:

– Burdan tərpənən döyüləm.

Deyir:

– A kişi, acınnan ölərih biz. Dur get çobannıx elə, eləmirsən başqa bir işin qulpunnan tut.

Deyir:

– Yox.


Bir gün, iki gün, arvad görür ki, yox, vəziyət ağırdı, yeməyə heş nə yoxdu. Lapatkanı götürür gedir bir az, boyana kökü deyərih, balma kökü deyərih, bunnan-zaddan gətirsin, suda pörtdətsin yesinnər. Belə zad eliyəndə, bir ağacın dibini lapatkaynan eşəndə görür ki, saxsı qab var. Arvad tərpədir, içi cınqıldıyır. Hiss eliyir ki, bu, qızıldı. Gəlir kişiyə deyir ki, a kişi, bəs ağacın dibində belə bir şey görmüşəm. Allah-tala bizə verifdi, dur gedəh onu gətirəh.

Deyir:


– Yox, mən orda isdəmirəm, bax burda, ojağın yanında isdiyi-rəm.

– A kişi, amandı.

Deyir:

– Yox.


Gəlir qonşuya deyir ki, qonşu, filan yerdə bir şey var, gəl gedəh onu qazax, onu götürüf gələh, paylaşax, böləh. Qonşu gedir, baxır görür ki, doğrudan da, qızıldı. Arvada deyir ki, qoy qalsın, indi götürmüyəh, bilər camaat, gejə götürərih.

Arvad deyir:

– Yaxşı.

Arvad gəlir evə. Qonşu hava qaralan kimi gedir xəlvətcə ordan götürür aparır evinə. Gətirir evə, deyir ki öz arvadına:

– Arvad, gəl gör nə tapmışam.

Açanda bir dəsdə arı uyuşuf bu kişini tas-tas eləməyə. Arvada deyir ki, arvad, tez onun ağzını bağla. Tez ağzını bağlıyıllar. Deyir:

– Zərəl yoxdu. Mən bunu bildim bu nədisə, bular mənə qurma quruf, bu qonşular. Arını yığıf bura, məə də deyir qızıldı. Gör indi mən buların başına nə oyun açajam.

Axşam daa hava qaraldımı, gəlif dal tərəfdən nərdivanı qoyur, buxovdan bu şeyi buraxır içəri ki, arı qoy düşsün buları evdə tas-tas eləsin. Buxovdan düşür, küpə partdıyır, qızıl tökülür burdan ora. Kişi deyir:

– Arvad.

– Hə.


– Bax, Allah verəndə beləcə verir. Mən bu ojağın qırağında isdiyirdim, burda da verdi.

Deyir:


– Səən bu hardan ağlaa gəldi?

Deyir:


– Nə ağlıma gəldi? Kor canavara dərəən dibində qoyun gətirə bilir, mən öydə oturduğum yerdə verə bilmir?

Yəni bir şeyi Allah verirsə, onu heş kəs, bəndə də ala bilməz. Verməsə, aləm yığışsa, ona hörmət eləsə, mənasızdı.



Deyir ki, birinin əlində alma varmış, düşür yerə. Yerə düşəndə yolnan ötən biri varmış, deyir ki, qismətin döylü. Deyir:

– Döylü?


Deyir:

– Yox.


Almanı götürür, silib deyir:

– İndi mən bunu yeyim, gör qismətimdi, ya yox?

Deyir:

– Oğul, ye, yesən qismətindi, yeməsən yox.

Yəni Allah verməsə, bəndə versə də, onun mənası yoxdu.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin