30. İÇKİNİN HARAM BUYRULMASI
Məhəmmət peyğəmbər görüf müsəlmannar içir, deyif:
– Nuş olsun.
Görüf xaşpərəst də o yanda içir, deyif:
– Nuş olsun.
Qayıdıf gələndə görür xaşpərəst yeyif-içif, yatıf, müsəlmannar bir-birini doğruyuf. Deyir:
– Haram olsun içgi sizə.
Həmən haramdı ki, gedir. Həmən haramlıxdı buyruluf olara.
31. PEYĞƏMBƏRİN QARĞIŞI VƏ ALQIŞI
Bir gün nətəri olursa, peyqumbərin papağını küləy alır aparır. Düşür dalına. Görür kü, qabaxda bir qız gedir. Deyir:
– Ay qız, o papağı tut.
Qız deyir ki, əşi, bekar-zad dəyiləm ha. Özün get tut papağıı. Qız bının papağını tutmur. Onda peyqumbər bına qarğış eliyir. Qarğış eliyir, deyir ki, qız, cehizin bitməsin. İndi, doğrudan da, heylədi. Qız dədəsi evinnən nə qədər şey aparırsa, nə qədər cer-cehiz aparırsa, genə gözü doymur. Elə deyir ki, kaş anam onu da maa vereydi, bını da maa vereydi. Gözü doymur da. O, peyqumbərin qarğışıdı, onu heylə tutuf. İndi qızın cehizi bitmir.
Sora peyqumbər görür kü, qabaxda bir qoyun sürüsü gedir. Deyir:
– Qoyun, papağın qabağını kəs, papağı tut.
Qoyun da kəsmir, öz yolunnan otduya-otduya gedir. Onda peyqumbər qoyuna qarğış eliyir. Deyir:
– Qoyun, qarnın doymasın.
Görürsən ki, qoyunu bütün günü otarırsan, genə başını otdan qaldırmır. Nə qədər yaxşı otarsan da genə əl çəkmir otdan. Peyqumbərin qarğışı tutuf onu, onunçün.
Sora da peyqumbər böyürtgən koluna deyir ki, böyürtgən, papağı tut. Böyürtgən şahın-şəvəlin atır, papağı tutur. Onda peyqumbər də ona alqış eliyir ki, səni görüm həmişə yarpaxların yaşıl qalsın, heş qurumuyasan. İndi görürsən ki, böyürtgən həmişə yaşıl qalır, qurumur. Peyqumbər alqış eliyif axı ona. Özü də uzanır, ujun atır yerə, təzdən ujunnan bitir. Peyqumbərin papağını o saxlıyır axı. O birilərinə də heylə qarğış eliyif, heylə oluf.
Dostları ilə paylaş: |