49. HƏZRƏT ƏLİYNƏN GAVUR
Bı Həzrət Əliynən gavır gəlif qabax-qarşı, eşitdiyimə görə, bildiyimə görə. Gavır mına deyif:
– Sən vır.
Canım qurban olan Allah nəhlət eləmişə deyif ki, yox, birinci sən vır. Qabaxca gavır vırıf bının başına. Axı onun vırdığı zərbənin hamısı bının başına dəyməli dəyil, onun qabağına əl atan var axı. Dəyif başına, dizinətən batıf torpağa. Sohra tez sıçrıyıf duruf qıraxda. Onda onun gözdərinə qan damıf. Sohra gavır deyif ki, sən vır. Bı qılıncı çəkif vırıf gavırın başınnan, gedif çıxıf gavırın aşağısınnan. Gavır deyif:
– Sən maa nağardın?
Hələ bı heş nə hiss eləmiyif. Bölüf bını, bı hələ silkələnmiyif deyənə heş nə hiss eləmir.
Deyif:
– Haran ağrıdı?
Gavır deyif:
– Alnım ağrıdı, dilimin uju ağrıdı, dizimin gözü ağrıdı.
Deyif:
– Dilin la ilahə illallaha dönmüyüf, alnın qıvlıya, möhürə yenmiyif, dizin namaza yenmiyif, onüçün ağrıdı. İndi silkələn, gör saa nağarmışam.
Silkələnəndə yarısı ənə düşüf, yarısı bənə.
Dostları ilə paylaş: |