31. ALLAHDAN İSTƏYƏN ŞAH ABBAS
Şah Abbas təğyir-libas oluf kəntdəri gəzərdi. Həmişə də gedəndə kasıb evlərdə qalardı camaatın vəziyyətin örgənməh üçün. Gedir bir evdə qalır. Evin yiyəsinin bir oğlu vardı. Bunun beş quzusu vardı, həmişə bunu otarıf gətirirmiş. Gejə qonax qalır burda. Bu, quzunun birin kəsir bulara. Ət ortalığa gələdə vəzirnən şah deyir ki, vallah, biz ancax quzunun ürəyini yeyirih, ayrı əti bizə bişirmə. Görür kü, bular bir ürəynən doymuyajax da. Bu, beş quzunun beşini də kəsir, bunun ürəhlərini gətirif bişirillər. Şah baxır ki, bu bir quzunun ürəyi deyil da. Səhərdən bular ürəh yeyir.
Səhər durur, bular çıxanda gətirir buna kağız verir. Deyir:
– Bu kağızı verirəm saa, gedərsən Şah Abbasın sarayına. Bu kağızı orda verərsən, saa ənam verəllər.
Nəysə, kağızı alır saxlıyır. Aradan bir-iki gün keçənnən sora arvada deyir ki, bu kağızı aparım, Şah Abbasdan ənam alım.
Gəlir deyir:
– Mənim şahnan işim var.
Deyillər ki, şah namaz qılır. Deyir:
– Harda qılır?
Deyillər ki, özünün namaz yeri var, orda namaz qılır. Qapını açır görür kü, şah namazı qutarıf, əlini götürüf hakk dərgahına: “Xudavəndi-aləm, sən maa ver, mən özümnən aşağıya verim”. Kişi ordan düşür, başdıyır qaşmağa.
– Əşi, sən hara gedirsən? Bəs şahın yanına gəlmişdin.
Deyir:
– Ay başına dönüm, bu, əlini açıf Allahdan isdiyir. Deyir maa ver, mən də mənnən aşağıya verim. Mən də gedif Allahdan isdiyəjəm, maa da versin. Maa düşman döyül ki.
Dostları ilə paylaş: |