49. ŞƏRİKLİ KÖMBƏ
Kişi, deyir, ölürdü, aman-zaman bir oğlu var idi. Oğlunu çağırır, vəsiyət eliyir. Deyir:
– Oğul, dəyirmana gedəndə heş bir kosanın dəyirmanında dən üyütmə.
Kişi bir gün ömrünü tapşırır gedir.
Oğlu bir gün dəyirmana gedəsi olur. Gedir dəyirmana, görür dört kosadı, yəni dört tükü var. Deyir:
– Hə, atam demişdi axı kosanın dəyirmanında dən üyütmə, gedim o biri dəyirmanda üyüdüm.
Gəlir ikinci dəyirmana, görür üç kosadı, üç tükü var. Gəlir o biri dəyirmana, görür iki kosadı, o birinə gəlir, görür bir kosadı. Deyir:
– Olmadı.
Keçir axırıncıya, görür zividi** kosadı. Deyir:
– Gənə nisbətən gedim o dört kosanın dəyirmanında üyüdüm da, daa dəyirman yoxdu.
Gəlir dörd kosanın dəyirmanına dəni üyüdür. Dağarı var idi, dağarda aparmışdı. Dağar mal dərisinnən hazırlanmış qab idi. O vaxdar meşoğ olmuyuf, mal dərisinnən tikif içində aparıllarmış. Bu da dağarda aparmışdı. Meşoğu əvəz eliyirdi. Dağar da yarım pud – səkgiz kilo tutardı. İndi dən orda üyünür, bular oturuflar, ortada ojax yanırdı. Su dəyirmannarının ortasında ojax olardı. İndi daşın birinin üsdündə Keçal oturuf, birində dəyirmançı Kosa oturuf. Kosa deyir:
– Keçal, gəl bir dənə tapmaca deyəh, kim tapmasa...
Kömbə bişirillər. Görürsən, kömbə yadıma düşmür, soradan yadıma düşür. Qayıtdım dala. İndi axşam düşüf, Kosa başdıyır ki, Keçal, gəlsənə kömbə bişirəh? Ojağın közünü qırağa sivirif kömbə yaparmışdar. Sora külnən üsdünü örtüf köz yığallarmış, kömbə bişərmiş. Deyir:
– Nolar.
Deyir:
– Onda unu sənnən, urvası mənnən – Kosa deyir Keçala. Deyir ki, bir dağar unum var, onnan da xamır yoğurajam. Urvası mənnən, unu sənnən. Deyir:
– Nolar, onda o dəyirmanın dalınnan iki ovuc un gətir.
Keçal gətirif iki ovuc un qoyur. İndi kosa yoğurur, suyunu o qədər tökür ki, xamır duru olur, un yığışmır bir yerə. Deyir:
– Yaxşı, indi urva lazımdı. Keçal, urva gətir.
Keçal gedir öz ununnan urva gətirir. Bu urva gətirdihcə Kosa sudan əlavə edir, olur duru. Nəhayət, un qurtarır, axırda dağarı gətirir. Dağarın gerisinnən belə tıkqıldadır, təmiz içini çırpır ki, daha mənim unum qalmadı.
Deyir:
– Gənə durudu, onda ordan sən maa iki qısma un gətir, sən maa iki abbası boşdu qalarsan.
Hələ xamır yoğurullar ey, borc başdadı. Keçal ordan iki qısma un gətirir, fətiri bişirillər. Fətiri bişirir, deyir, söykəyillər kötüklərə. Ojağı yekə kötüklərdən qalıyırdılar. Qıpqırmızı qızarıf, deyir, fətir. İndi heş birinin ixdiyarı yoxdu fətirdən kəsə yeyə. Kosa deyir:
– Keçal, püşk atax, görəh fətir kimə düşür.
Deyir:
– Atax.
Deyir:
– Keçal, de.
Deyir:
– Yox, sən de.
Kosa deyir indi. Deyir ki, getmişdim bağa. Bağda uşaxları mən qoydum, qayıtdım gəldim arana, həyətin meyvəsini yığmağa. Qozu çırpdım. Qozu çırpannan sora qayıtdım belə baxdım, gördüm qozun təpəsində bir qara qoz var. Yağmışdı, deyir, yer palçıx idi. Palçıx kəsəyini götürüf atdım, getdi yapışdı qozun təpəsinə. Orda böyüh bir sahə əmələ gəldi, mən çıxdım oranı şumladım, taxıl səpdim. Nəhayət, yaxşı taxıl bitdi. Çıxdım biçməyə. Elə çini götürüf biçməyə başdıyanda bir tülkü çıxdı. Çini atdım tülküyə, çin ilişdi tülkünün quyruğuna. Tülkü qaşdı, çin bişdi, mən yığdım. Tülkü qaşdı, çin bişdi, mən yığdım. Bax, Keçal, gətirdiyin un var ey, bax, o un həmin taxıldandı. İndi sən de.
Deyir:
– Mən də getdim bosdana. Bosdanda gəzirdim. Gördüm böyüh bir qarpız var. Əlimdə qəmə var, uzun bıçax. Bıçağı uzatdım ki, görüm yetişif, yoxsa yox. Bıçax getdi qarpıza. Əyildim bıçağı çıxartmağa, başım da girdi.
Deyir ki, ona nə var, bağlamasını açır. Deyir ki, gəlirsən öyə, görürsən qapı bağlıdı, haçarı götürüf salırsan qıfıl yerinə, açırsan, qapını itəliyən kimi qapı gedir, sən də girirsən içəri. Bu aşdı, amma Kosankı bağlı qaldı. Fətir də qaldı Kosaya.
Keçal durur sallana-sallana gəlir öyə. Anası gözdüyürdü ki, un gətirəjəh, çörəh bişirəjəh da. Öydə çörəh yox idi. Arvad görür ki, yazıx belə söylənə-söylənə dağar çiynində boş gəlir evə.
– Ay oğul, unun hanı?
Deyir:
– Köpəh qızı, iki abbası hələ boşdu qalmışam.
Sabahları tezdənnən kosa qapını kəsir.
– A bajı, keçal hanı?
Deyir:
– Öydədi.
– Deynən çıxsın.
Deyir ki, səhər gəl. Səhər-səhər, on gün-on gün uzadır, iki abbası tapmır buna verə. Nəhayət, bir gün deyir:
– Ana.
Deyir:
– Hə.
Deyir:
– Bu kopoğlu mənnən əl çəhmijəh, bəlkə, belə əl çəkə. Mən özümü vurajam ölülüyə, gələndə ağla, üzünü-gözünü, saçını yolginən ki, keçal ölüfdü. Qoy kopoğlu çıxsın getsin.
Bu uzanır, anası bunun üzünü ölü kimi örtür, guya ölüfdü. Kosa gəlir Keçalı çağırır. Deyir:
– Ay bala, başın sağ olsun, Keçal öldü beyjə. Yer getginən daa, Keçal ölüf.
– Hara gedirəm, ay ana! Bizim şərtimiz var.
Deyir:
– Nədi?
Deyir:
– Şərtimiz belədi ki, o öləndə mən onu yuyum, aparım basdırım, mən öləndə o yusun, aparsın basdırsın. İndi o ölüf, mən onu yuyuf aparıf basdırmalıyam. Hara gedirəm?
Kosa böyüh qazan qoyur, qazanı suynan doldurur, ojax qalıyır. Ojağın üsdünə qazanı qoyur. Su, deyir, indi pakqapax qaynıyır. Keçal atdan-atdan baxır, görür ki, su qaynıyır. Anası gəlir, Kosanın eşitməyəcəyi səsnən deyir ki, a bala, dur, Kosa səni bişirəjəh.
Deyir:
– Ay ana, hardan alım iki abbasını verim, qoy nağarır qayırsın, dözərəm.
Kosa bunu lüt soyundurur, aparır yuqat taxtının üsdünə. Ayaxdan başdıyır şakqaşak qaynayan suyu düz başınacan tökür. Yuyur bunu, qəbirsdannıxda kümbəz varmış, aparır bunu qoyur kümbəzin içinə. Başdıyır buna qaroul çəhməyə. İnanmır da ölüf. Qaroul çəkəndə qırx nəfər qaçax gəlir. Hansı padşahınsa xəzinəsini talan eləmişdilər, kalan qızıl gətirmişdilər. Dolullar kümbəzə. Kosa da qıraxdan pusurdu, Keçalı da uzadıf kümbəzin ortasına. Bular gətirdihləri qızılı töküllər, belə bir əmbiz* əmələ gəlir. Bir dənə də əyri qılınc gətirmişdilər, qılıncı da qoyullar böyrünə. Qaçaxların başçısı başdıyır bölməyə. Bölür. Deyir, bu sənin, o sənin. Qırx yerə bölür. Birinə, deyir, bir qızıl çatışmır. Çatışmayanda bu qılıncı götürür əlinə, deyir ki, bu qılıncı verəjəm o bir qızılın əvəzinə, bu şərtnən ki, kim bu meyidin ortasınnan vurub kəssə, qılınc onunkudu. Keçal bilirdi ki, Kosa bunu pusur. Elə qılıncı qaldırıf endirməh isdiyəndə Keçal qəfildən çığırır:
– Kosa, qapını kəs.
Kosa qapını kəsdirəndə bu qaçaxlar gətdihləri sursatı da qoyuf qaçıllar. Qaçıf gedillər. Kosa girir içəri, indi ikisi bölür. Qaçaxların biri çox özünnən deyən imiş. Deyir:
– Qayıdım görüm bu nə hak-hesabdı.
Gəlir indi pusa-pusa. Görür iki nəfərdi, qızılı bölüllər. Qutarannan sora Kosa deyir:
– Keçal.
Deyir:
– Hə.
Deyir:
– Keçal, iki abbasını ver.
Qaçağın biri əyilif qapıdan belə baxırdı ki, görsün bular nə cür adamdı, keçalın gözü bunu almışdı, qəfildən əlini çalır, bunun papağını başınnan alır, tulluyur Kosaya. Deyir:
– Ala, bu da sənin iki abbasın.
Bu adam qaça-qaça gəlif o birilərinin yanına, deyir ki, ə, qəbirsdannıx əhli nətər dirilifsə, birinə iki abbası çatmamışdı, papağımı da aldılar verdilər ona, qaçın.
Sabah açılır, hər ikisi duruf qızıllarını, varlarını yığışdırıf gəlillər evlərinə.
Dostları ilə paylaş: |