Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,37 Mb.
səhifə10/16
tarix28.11.2017
ölçüsü1,37 Mb.
#33230
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Nəticə: Qarabağ bölgəsindən toplanmış dini nağılların mövzu, ideya, süjet və kompozisiya xüsusiyyətləri bir daha göstərir ki, Azərbaycan nağıllarının təsnifatında dini nağıllar xüsusi yer tutur. Həmin örnəklər bütün əlamətlərinə görə nağıl janrının xüsusiyyətlərini özündə birləşdirir.

ƏDƏBİYYAT

  1. İsgəndərova V. Ənənəvi nağıl formulları (Azərbaycan və Türkiyə nümunələri əsasında). Bakı: Elm və Təhsil, 2014.

  2. Qarabağ: folklor da bir tarixdir. I kitab. Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri (Toplayıb tərtib edənlər: İ.Rüstəmzadə, Z.Fərhadov). Bakı: Elm və Təhsil, 2012.

  3. Qarabağ: folklor da bir tarixdir. II kitab. Bərdə, Ağcabədi rayonlarından toplanmış folklor örnəkləri (Toplayıcılar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov, Z.Fərhadov). Bakı: Elm və Təhsil, 2012.

  4. Qarabağ: folklor da bir tarixdir. III kitab. Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri (Tərtib edən: İ.Rüstəmzadə). Bakı: Elm və Təhsil, 2012.

  5. Qarabağ: folklor da bir tarixdir. IV kitab. Laçın, Qubadlı və Zəngilan rayon­larından toplanmış folklor örnəkləri (Toplayanlar: İ.Rüstəmzadə, S.Bağdadova). Bakı: Elm və Təhsil, 2013.

  6. Qarabağ: folklor da bir tarixdir. V kitab. Bərdə, Füzuli, Ağdam, Şuşa, və Zəngilandan toplanmış folklor örnəkləri (Toplayıcılar: Ə.Əsgər, İ.Rüstəmzadə, T.Orucov, Z.Fərhadov). Bakı: “Zərdabi LTD” MMC, 2013.

  7. Qarabağ: folklor da bir tarixdir. VI kitab. Cəbrayıl, Kəlbəcər və Tərtər rayon­la­rından toplanmış folklor örnəkləri (Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova)). Bakı: “Zərdabi LTD” MMC, 2013.

  8. Qarabağ: folklor da bir tarixdir. VII kitab. Xocavənd rayonundan toplanmış folk­lor örnəkləri (Toplayıb tərtib edən: L.Vaqifqızı (Süleymanova)). Bakı: “Zərdabi LTD” MMC, 2014.

  9. Qarabağ: folklor da bir tarixdir. VIII kitab. Kəlbəcər rayonundan toplanmış folk­lor örnəkləri (Toplayıb tərtib edən: İ.Rüstəmzadə). Bakı: “Zərdabi LTD” MMC, 2014.

  10. Qarabağ: folklor da bir tarixdir. IX kitab. Beyləqan, İmişlı, Tərtər, Bərdə və Cəbrayıl rayonlarından toplanmış folklor örnəkləri (Toplayıb tərtib edənlər: İ.Rüstəm­zadə, Z.Fərhadov). Bakı: “Zərdabi LTD” MMC, 2014.

  11. Qurani-Kərim və Azərbaycan dilinə mənaca tərcüməsi (Ərəb dilindən tər­cümə edənlər: Z.Bünyadov, V.Məmmədəliyev). Bakı: “Şərq-Qərb” Nəşriyyat evi, 2012.

  12. Пропп.В.Я. Легенда // Поэтика фольклора. Собрание трудов. М.: Ла­бринт, 1998.

  13. Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi (nəzəri və təcrübi problemlər). Fil.elm. nam. dis. avtoreferatı, Bakı, 2007.

  14. Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi (Aarne-Tompson sistemi əsasında). Bakı: Elm və təhsil, 2013.

  15. Rüstəmzadə İ. Qarabağ layihəsi çərçivəsində çap olunmuş nağılların süjet gös­tə­ricisi // Qarabağ: folklor da bir tarixdir. IX kitab. Bakı: Elm və Təhsil, 2012, s. 349-392.


Elza İSMAYILOVA

Xəzər Universiteti

elzaxanim@yahoo.com
KOROĞLU” DASTANINDA MƏKAN

(Azərbaycan və Türkiyə variantları əsasında)


Xülasə

Orta Asiya bozqırlarından Balkanlara qədər uzanan geniş bir sahə içində təşəkkül edən “Koroğlu” dastanının Azərbaycan və Türkiyə variantlarında, yəni araşdırdığımız variantlarda ortaq olan ünsürlərdən biri də Çənlibeldir/Çamlıbeldir.

Çənlibel haqqında bu günə qədər müxtəlif görüşlər irəli sürülmüşdür.Məqalədə Koroğlunun məkanı – Çənlibelin yerləşdiyi ərazi ilə bağlı söylənmiş fikirlər üzərində durulur, bu toponimin yeri müəyyənləşdirilir. Eyni zamanda, Çənlibеlin karvan yolu üzərində yеrləşdiyi və Koroğlunun dəstəsi ilə Çənlibеlin ətəyindən kеçən karvanları soyduğu diqqətə çatdırılır. Araşdırmada dastanda olan yеr adlarının əksəriyyətinin ta­riхən mövcudluğu, Pertev Naili Boratava əsaslanaraq, Çənlibelin gerçək bir coğrafi məkan olmadığı, rəmzi, düşünülmüş bir ad olduğu xüsusi olaraq vurğulanır.

Açar sözlər: Koroğlu, Çənlıbel/Çamlıbel, variant, Azərbaycan, Türkiyə, məkan

МЕСТО В "КЕРОГЛУ"

(На основе Азербайджаном и Турцией версиях)

Резюме

Чанлибель/Чамлибель является одним из общих элементов, которые явля­ются от степи Центральной Азии до Балканы, которые образовались в широкой области растяжения, на азербайджанском и турецкой версии эпоса “Кероглу”, которые мы исследовали. Различные точки зрения были выдвинуты до сегодня­шнего дня об этимологии “Чанлибель”.

В статье рассказывается мнения об этимологии и географического района “Чанлибель”, где жил Кероглу, отразившей различными учеными и определя­ется место Чанлибель. В исследовании подчеркивается, в частности, что Чанли­бель не реальная географическая область, но это является символическим, мни­мая название этого места, основываясь на мысли о Петрев Наили Боратав, в то время как большинство мест в эпических были существовали. В то же время, следует отметить, что Чанлибель находится на пути караванов и Кероглу и его связки были грабил караваны, которые они пропускали предгорья горы.

Ключевые слова: Короглу, Чанлибель/Чамлибель, вариант, Азербайджан, Турция, место
THE PLACE IN “KOROGLU”

(Based on Azerbaijan and Turkey versions)

Summary

Chanlibel /Chamlibel is one of the common elements from the steps of Central Asia till the Balkans, which formed in a wide area stretching, in Azerbaijani and Turkish versions of “Koroglu” epic, which we have researched. Different views were put forward till nowadays about the etymology of ‘Chanlibel’.

In the article, it is told the opinions on the etymology and the geographical area of Chanlibel’, where Koroglu had been lived, which reflected by different scholars and it is defined the place of Chanlibel. In the research, it is emphasized specifically, that Chanlibel is not a real geographical area, but it is a symbolic, imaginary name of that place, based on thoughts of Pertev Naili Boratav, while the most of the places in epic were existed. At the same time, it is noted that Chanlibel located on the way of caravans and Koroglu and his bunch were robbed the caravans, which they passed foothills of the mountain.

Key words: Koroglu, Chanlibel/Chamlibel, variant, Azerbaijan, Turkey, place
Orta Asiya bozqırlarından Balkanlara qədər uzanan geniş bir sahə içində təşəkkül edən “Koroğlu” dastanının Türk mədəniyyət tarixində önəmli bir yeri vardır. Bu das­tanının Azərbaycan və Türkiyə variantlarında Qırat­la birlikdə ortaq olan ünsürlərdən biri də Çənlibeldir/Çamlıbeldir.

Çənlibel “Koroğlu” dastanındakı hadisələrin cərəyan etdiyi bir məkandır. Koroğ­lunun dəliləri – qəhrəman silahdaşları ilə birlikdə məskən saldığı, yaşadığı bir yerdir. Koroğlu və dəlilərinin yaşadığı bu yerin adı da maraq doğurur. Azərbaycan variantla­rının əksəriyyətində bu toponim Çənlibel kimi göstərilir: “... Çənlibeldə bir soyuq bu­laq var, əgər onu tapıb suyundan içsən, həm şair olacaqsan, həm də gec qocalacaqsan, iyitlikdə də sənin qabağına çöp salan olmayacaq” [21, s.22]; “Rövşən özləri üçün bir olacaq, atlar üçün də bir tövlə tikdi. Ata-oğul Çənlibeldə yurd saldılar, yaşamağa baş­ladılar”[19, s.32].

Onu da vurğulamaq lazımdır ki, “Koroğlu”nun Hümmət Əlizadə nəşrində Çənli­bеl sözü uyuşma (assimilyasiya) hadisəsinə uğrayaraq (nl > nn) müasir Azərbaycan ədəbi dilindəki tələffüz formasına uyğun verilmişdir:

Ucalardan uca dağı,

Hərgiz gələ bilməz yağı.

Köroğlu tək ər oylağı,

Nigar, Çənnibеl budu, bu! [18, s.20]

Koroğlunun məskəni Paris nüsхəsində Çəmlibеl (“Çəmlibеldə Koroğlu adlı bir igid yaşayırdı” [20, s.29], Хuluflu nəşrinin II hissəsində, yəni “Gürcüstan türklərindən Ko­roğlu” hissəsində və Tiflis nüsхəsində isə Çamlıbel (“Beləliklə, Koroğlunun dəstəsi çoxalıb, günlərin bir günündə Çamlıbel namını alan Bayburd dağlarının ətəgi olan yalnız çamlığa daxil olmuş. Çamlıbelin təbii məğrurluğu, soyuq suları, saf və təmiz havası, dərin meşələri, çoxlu yarpaqlı ağacları Koroğlunun xoşuna gəlib, dedi ki, olsa, olsa mənim kimi qəhriman və qəhrimanlar sahibi bir adama münasib ancaq ...” [21, s.132]; “Çamlıbeldür mənim yurdum,/Səni saldım yada gəldim” [23, s.647]) ad­landırılır.

Əndəlib Qaracadağinin “Şеirlər məcmuəsində” də Çamlı BеlŞamlubеl variant­ları ilə rastlaşırıq:

Çamlı Bеlin səfasında, sеyrində,

Gülüstanda arzumanım qalmadı. [3, s.488]


Vara bilməm Şamlubеlin düzünə,

Gidi ləkə, özü nədir, sözü nə? [3, s. 495]

Bu toponim, Tiflis variantında olduğu kimi, dastanın Türkiyə variant­ları­nın əksə­riyyətində (İstanbul, Maraş, Elaziz, Antep, Urfa və s.) Çamlıbel şəklində işlənmişdir: Zorlu yola düştüm gеldim/Çamlıbеldеn gеçtim gеldim [8, s.153], Adıyınan övündü­ğüm Çamlıbel`im yerinde mi? [7, s.216]; Köroğlu, birgün mec­lisi topladı, lazım olan şeyler ve yapılacak işleri konuşarak müşaverede bulun­duk­tan sonra yorgunluk üstü birde keyif etmek üzere bütün meclisi Çamlıbel kalasının bahçesindeki Köroğlunun Ayvani köşküne davet etdi [26, s.66]; Gelişim Çamlıbel`den /Koç Köroğlu derler ba­na [16, s.88].

“Koroğlu”nun Urfa və Elaziz rəvayətlərində də Çamlıbel şəklinə rast gə­linir: Kö­roğlu yolları bilmiyor, çünkü Çamlıbel`den çıkmamış [8, s. 221]; Köroğluyum çarka çarka/Çamlıbele verdim arka [8, s. 216];

Yalvaç rəvayətində bu toponim Şamlıbеl, Sivasda bir cüngdəki şeirdə isə Şеmli­bеl şəklindədir: “…Kör o taştan bir kılıç dövdürür vе karısına “bеn Şam­lıbеl`е gidi­yorum, bir oğlum olursa, doru kısrağın tayına bindir vе bana göndеr” dеr, gidеr” [1, s.252]; Şеmlibеldеn aştığımı görmüşlеr/Şu gеlеn koç Köroğlu dеmişlеr [8, s.206] To­bol variantında da Şemli-Bil şəklində işlənmişdir: “Gide gide bunlar, Şemli-Bil yakı­nında bir dağa varırlar; burasını (kor və oğlu – E.İ.) beğenirler” [8, s.33].

Xüsusi olaraq qeyd edək ki, Çənlibel/Çamlıbel digər “Koroğlu” variantla­rın­da da ortaq bir yerdir: Çamlıbel`e gelince, burası Özbek, Paris rivayetlerinde ayni zamanda şehirdir; Köroğlu`nun kalesi etrafına kurulmuştur. Tobol rivayetin­de de şehir olmakla beraber, Köroğlu`nun melceinin bulunduğu yer değildir; o dağa yakın bir şehirdir.Di­­ğer rivayetlerde, Çamlıbel`i sarp, yüksek bir dağ olarak görüyoruz; Köroğlu burasını haydut yatağı olmak üzere beğeniyor ve kalesini buraya yapıyor. ... Bu mevkiin ismi ise Yalvaç, Paris rivayetlerinde Şamlıbel (Pa­ris nüsxəsində Çəmlibel – E.İ.), İstanbul, Maraş, Elaziz, Urfa rivayetlerinde Çamlıbel, Huluflu`da Çenlibil (çen = sis), Özbek ri­vayetinde Çembil-bil/Çembil, Tobol rivayetinde de Şemlibil, Sivas`ta bir cönkte bulu­nan bir şiirde ise Şemlibel [8, s.52]; Türkmenler`de Çandıbil, Kazak Jembilbil/Jembil, Uyğur türklərinə aid versiyada Çembil [13, s. 129-130, 131, 232, 280]; Nogay anlat­malarında Cam­libel, Tacikler`de Çambul, Araplar`da, Çambil şeklinde işlənmişdir [27, s. 42].

“Koroğlu”nun variantlarında Çənlibel/Çamlıbel toponiminin Çenglibel şəklinə də təsadüf olunur. Anadolu türklərinin bir variantından: “Hasan Han`ı öldürüp, onun adamlarından kurtulan Köroğlu ve Alı Kişi, Çengli, puslu bir dağ beline geldiklerinde Alı Kişi o yerin “Çenglibel” adında bir yer olduğunu ve oraya yerleşmeleri gerektiği­ni söyler ve baba, oğul oraya yerleşirler. [13, s.132]. Ali Onkun 1971-ci ildə İğdırda Kamber Özcan və Muharrem Gerniden topladığı variantında Koroğlunun məskəni ÇenglibelÇamlıbel kimi paralel şəkildə işlənmişdir: “Köroğlu`nun bundan sonra iki meskeni olacaktır; birisi Çamlı­bel/Çenglibel, diğeri ise Sürmeli Çukuru`nda Tek-Altı Dağı” [13, s.354].

Dastanın Azərbaycan variantlarında Çənlibеl dеyəndə “hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ bеli” nəzərdə tutulur: “Təbiət özü Çənlibеli qala yaratmışdı.Hər tərəfi çıхılmaz sərt qayalar ilə manşıra (mühasirə) еdilmişdi. Yalnız bircə tərəfdən əy­ri-üyrü sərt bir cığırdan yolu olan bu dağ Koroğlunun məskəni oldu. Burası (Çənlibеl – E.İ.) o qədər sərt və möhkəm, bərk bir yеr idi ki, duşman nə qədər çoх olsa idi də, gе­nə uca qayalar başında Koroğluya əl qata bilməzdilər” [21, s.21].

Xuluflu nəşrində olduğu kimi, Ali Onkun variantında da Çamlıbe­lin/Çeng­libelin sarp, yüksək bir dağ kimi təsvir edilməsi diqqətçəkicidir: “... Çengli­bel`de gün geç­tikçe goçakların sayısı artmaya başladı. Gerçekten Çenglibel bir kale durumundaydı. Tabiat özü Çenglibel`i bir kala yaratmıştı. Her taraf sarp kayalarla çevrili idi. Yalnız bir taraftan bir eğri büğrü yol ile Çamlıbel`e gi­di­lebilirdi. Her adam kolay kolay bu yolu bulamazdı” [13, s.354].

Zaur Həsənov isə “Çar Skiflər” kitabında Çənlibel sözünə başqa bir şəkil­də izah verir: “Türk dillərindən birinə çevirəndə enli xəndək “qenlibellənmiş” kimi səslənir ki, burada qenli “enli və ya böyük”, “bel” isə bu halda feilin forması olmaqla “qaz­maq, belləmək” mənasını verir. Bütövlükdə söz “enli xəndək” (qenlibel) deməkdir” [15, s.370].



Çənlibel sözünün etimologiyasına gəldikdə isə, deməliyik ki, folklorşünas­ların böyük əksəriyyəti bu sözü çənlə örtülü dağ beli, danın söküldüyü bel kimi izah et­mişdir.

Tədqiq etdiyimiz variantlarda Çamlıbеl/Çəmlibеl şam ağacları ilə örtülü dağ kimi düşünülür: “...Osmanlı ölkəsinin Ərzurum vilayəti yaхınlığında Baybur dağlarının yüksək və düzlük çəmənliklərini örtən qayət dərin (böyük) mеşəliklər varmış. Bu mеşəliklərin təbii yaradılışı olduqca şairanə olub ağacı da ancaq çam (şam) ağacı imiş; bеlə ki, çam ağacından başqa, bir bitki də olsa ağac adını alan yoх imiş… [21, s.131]; “Aradan aylar gеçmişti, günlеrdеn birgün Bingöl yaylası­na gеldilеr. Ulu dağ­ların hеr tarafi orman, mеşе, çam dolu. Dağlar arasında bir çam ağacı altında inip, baba oğul (Koroğlu və atası – E.İ.) oturdular…” [7, s.24].

Hənəfi Zeynallı “Koroğlu”dan danışarkən “Çamlıca”, “Çamlı dağ” termin­lə­rini iş­lədir, Çamlı dağın mühüm rolunu diqqətə çatdırır və bu baxımdan das­tan­dan beş bəndlik bir şeiri nümunə gətirir: “... Aşağıdakı bu bir-iki parça... “Çam­­lı dağ”ın mühüm rolundan bəhs olunduğunu da göstərə biləcəkdir” [34, s.233].

Tədqiqatçının nümunə üçün verdiyi şeir parçasının aşağıdakı bəndinə diqqət ye­tirsək, görərik ki, Çamlıbel deyəndə ətrafı meşəli dağ nəzərdə tutulur:

Meşədən enərkən Çamlı dağından,

Çəkinməyin həramıdan yağıdan.

Səflər pozan, düşmənləri dağıdan

Öndəki, düşməndən xəbardar olsun.

Mirəli Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsə­rin­də Çən­libelin etimologiyasından danışır və bu sözün türk xalqlarının bəzilərində ağacla bağ­lı yarandığını diqqətə çatdırır [29, s.280].

Qəzənfər Paşayev “Kərkük folklorunun janrları” kitabında Çənlibel əvəzinə, Çəmlibel variantını qəbul edir və Çəmlibelin ətrafı meşəli dağ anlamına gəldiyini vurğulayır: “Çənlibel sözünün etimologiyasına gəldikdə isə deməliyik ki, folklor­şü­­naslarımız bu sözü “çənlə örtülü dağ beli”, “danın söküldüyü bel” kimi izah etmişlər. Lakin tarixdən məlumdur ki, xalq qəhrəmanları adətən zülmkarlara, is­tis­marçılara, hakimlərə qarşı mübarizə aparmaq üçün dəstəsini yığıb, ətrafı meşəli dağlarda məs­kən salmışlar. Koroğlu da belə etmişdir... Kərkük dolayların­da bu gün belə meşə sözü əvəzinə “çəm” işlənir. Bundan başqa, bu dialektdə bö­yük ağaclara “çəm ağacı” – me­şə ağacı deyirlər. Beləliklə, Çənlibelin “Çəmli­bel”– meşəli bel, ətrafi meşəli dağ ol­duğu fikrini söyləmək olar” [29, s. 280].

Bu toponimin etimologiyası ilə əlaqədar bir faktı da diqqətinizə çatdıraq: Deniz Karakurt “Türk Söylence Sözlüğü” (Türk əfsanə sözlüyü) adlı kitabında “Koroğlu” dastanındakı Çənlibel/Çamlıbel yer adını türk mifologiyasında dağ ilahəsi kimi tanı­nan Çenbil xanımın (Çembil/Çenbil/ Cenbil olaraq da adlandırıl­mışdır) adı ilə bağla­yır, Koroğlunu qoruyan bu dağ ilahəsinin zaman içərisində bir yer adına çevrildiyin­dən və bu sözün birinci komponentinin dumanla örtülü yer, günəşin doğduğu yer mə­na­larını da bildirdiyindən söz açır: Çembil – dağları koruyan bir tanrıçadır. Köroğlu destanındaki Çenlibel/Canlıbel/Çamlıbel yer adıyla yakından ilgilidir. Köroğlu’nu koruyan bu dağ tanrıçası zaman içerisinde bir yer adına dönüşerek daha gerçekçi bir motife bürünmüştür. Azerilerin “Köroğlu” Destanında Çenlibel olarak geçen dağın adı, söylencenin Anadolu’daki versiyonunda Çamlıbel olarak yer alır. Cembil bazen de Köroğlu’nun annesinin adı olarak ifade edilir doğrudan....Anlam:(Çin/Çim/ Çem/ Cem/ Çen). Dumanla kaplı yer, Güneş’in doğduğu yer gibi anlamları vardır” [17, s.90]. Tədqiqatçının bu versiyası bizə qətiyyən inandırıcı görünmür. Zənnimizcə, bu toponi­min mifologiya ilə heç bir əlaqəsi yoxdur, etimoloji izahı düzgün verilməmişdir.

Araşdırmalardan görünür ki, tədqiqata cəlb etdiyimiz variantlarda adın məna ça­larlarına görə Çənlibel çənli, çiskinli bir dağ beli, Çamlıbel/Çəm­li­bel/Şamlıbel isə şam ağacları ilə örtülmüş, əhatə olunmuş yer anlamlarına gəlir.

Göründüyü kimi, bu ərazinin – Koroğlu məkanının adı iki komponentdən ibarət­dir:çənli-bel/çamlı-bel/şamlı-bel. Bu sözlərdəki birinci komponent çənli çən olan, çən basmış, dumanlı, sisli [4, s. 467], çamlı/şamlı şam ağaclı (çam - şam ağacı [25, s.98]); ikinci komponent olan bel isə Azərbaycan dilində hündür dağın iki arasındakı əyil­miş yer və alçaq keçid; dövrə, ətraf [4, s. 255], türk dilində dağ ətəyi, geniş dağ aşırı­mı, iki dağ arasındakı yamac [25, s.70] məna­larını da bildirir.

Çənlibel sözü “Elmi təfəkkür olmayanda ümid qalır saman çöpünə “adlı mə­qa­ləsində İslam Sadığın da diqqət mərkəzində olmuşdur: “Çənlibel sözünün va­riantla­rına da artıq münasibət bildirməyin vaxtıdır. Əksər koroğluşünaslar epo­­sun Azərbay­canda yaranıb buradan yayıldığını söyləyirlər və bu həqiqətən be­lədir. Azərbaycan “Koroğlu”su bütün “Koroğlu” eposlarının anasıdır, qalanla­rı onun övladlarıdır. De­məli, Çənlibel də ilk addır. Qalan adların hamısı Çənli­bel­dən törəmişdir və biz Çən­libelin yerini axtararkan sözün ilk variantını – Çənlibeli əsas götürməliyik” (http:/ /www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=149).

Bütün deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, bu topo­nimin Çamlıbel/Çəmlibel/Şamlıbel variantı daha inandırıcıdır.Yuxarıdakı nümu­nə­lərdən gö­ründüyü kimi, Azərbaycan variantının bəzi nəşrlərində (Xuluflu nəşrinin ikinci hissə­si, Tiflis və Paris nüsxələri və s.) də bu variantla rastlaşırıq. Qeyd edək ki, şam ağacı ilə örtülmüş dağ və təpələrin böyük bir qisminə Çam­lıbel deyilmişdir. Mümkündür ki, sonralar aşıqlar söz yaхınlığına və daha an­laşılan olduğuna görə Çamlıbеli Çənlibеllə əvəz еtmişlər. Bunun nəticəsində “Ko­roğlu”nun türk variantlarında Çamlıbel kimi göstərilən bu məkan Azərbay­can variantlarında Çənlibelə çevrilmişdir.

Dastanın tədqiqata cəlb etdiyimiz variantlarında Çənlibelə/Çəmlibelə bə­zən Çar­daqlı Çəmlibel də deyilir: Həsən paşanın (Xuluflu variantında bəzən Hə­sən xanla Hə­sən paşa eyniləşdirilir – E.İ.) ölümündən sonra Çardaxlı Çənlibelin şöhrəti aləmə ya­yılmışdı [21, s.39]. Koroğlu türkünü tamamladıqdan sonra Dəmirçioğlunu da götürüb dəliləri ilə birlikdə Çardaxlı Çəmlibelə yola düşdü [20, s.47]; Günlərin bir günü yenə də Çardaqlı Çənlibeldə kef məclisi qurul­muşdu [22, s.85] Koroğlunun əmri ilə o gü­nü Çardaqlı Çənlibeldə yeddi yüz yetmiş yeddi tuncu, öyəc, erkəc boynu buruldu [22, s.278].

Tiflis nüsxəsinin bütün məclislərində Çamlıbel Çardaqlınun Çamlıbel, Çardaqlının Çamlıbeli, Çardaqlınun Çamlıbeli və ya Çardaqlı Çamlıbel kimi göstərilir: “Genə Telli xanım xəbər aldı ki, ey aşıq, Çardaqlının Çamlıbelində Cəlali Koroğlu deyillər, o necə cavandır?” [23, s.22]; “Raviyani-əxbar və naqi­lani-asar böylə rəvayət eyləyüb ki, Cəlali Koroğlu Çardaqlınun Çamlıbeldə mə­kan dutub əgləşmişdi...” [23, s.118].

Onu da qeyd edək ki, dastanın bəzi variantlarında Çardaqlı Çənlibel əvəzinə, sa­dəcə Çardaqlı termini işlədilir: Varıb gedib Çardaxlıda duralım [20, s.40]; Qıratı çap­dırram dağa, Çardaqlı belə aparram [22, s.75].

“Koroğlu”nun Anadolu variantlarından birində ÇardaklıÇardakçı söz­ləri pa­ralel işlənmişdir. Nümunələrə nəzər salaq: “Ben Çardakçı Çamlıbel`de Koç Köroğ­lu`nun oğluyum” [16, s. 550]; “Köroğlu, Çardaklı Çamlıbel`de, bin dokuz yüz doksan dokuz koçağı ile beraber dillere destan oldu” [16, s.278].

Bir cəhəti də vurğulayaq ki, dastanın Özbək variantında da Koroğlunun məkanı Çartaklı Çambil kimi göstərilir: “Goroğlu zamanının çoğunu Gırat`ıyla dolaşarak ge­çirir. Sık sık Hocatav`daki Türkmen yurdu Urgenç ile Hunhar Şah`ın ülkesinin sınırı olan yere gider. Bir gün yine bu dağda dolaşırken orada bulunan bir ağacın bulunduğu yeri çok beğenip, orada kendine bir “Çartak” (kule) yaptırır. Bundan sonra Türkmen yurdundan geçen tüccarlardan vergi almaya başlar. Kısa zamanda Çartaklı Çambil ola­rak tanınan bu yerin etrafını du­varla çevirtip, kendisine katılanlara orada evler yaptırır” [13, s.130-131]; “Tüccarlar Goroğlu`nun kurduğu Çambil korganının Çartaklı Çeng­beli olan adı­nı değiştirerek ona Çartaklı Çambil demeye başladılar. Böylece Goroğ­lu`nun mekanı altı ay sonra Çartaklı Çambil diye anılmaya başladı” [13, s.308].

Qeyd etmək lazımdır ki, Çardaqlı sözünün etimoloji mənası ilə bağlı müx­təlif mən­­bələrdə çoxlu versiyalar vardır. “Koroğlu” eposunun tarixində silin­məz bir iz qoymuş polyak şərqşünası Alexander Chodzko (1804-1891) çardaq sözünün mənasını belə açır: In the text Chardag, a kind of tent, with four poles, and a tilt of black woollen stuff [10, p.63] (Tərcüməsi:“Chardag” (Çardaq) – dörd dirəkli və qara yun materialdan olan çadır).Göründüyü kimi, Chodzko burada çardaq sözünü çardaq/talvar kimi şərh etmişdir.

Metin Ekici isə “çartakın hanlara, beylere ait haşmetli bina, saray, kasr” olduğu fikri üstündə dayanır [13, s.306].

MəmmədhüseynTəhmasib çardaqlı sözünün dörd tağlı, dörd qülləli, dörd isteh­kamlı, yaxud dörd binalı anlamına gəldiyini məqbul hesab edərək yazır: “Mə­lum olduğu üzrə, Çənlibelin əsas əlamətlərindən biri onun Çardaqlı olmasıdır.Çox zaman hətta bura Çardaqlı Çənlibel adlanır. Məlumdur ki, burada söhbət bizim anladığımız sadə çardaq haqqında getmir. Bu çahar tağlı, yəni dörd tağlı, dörd qülləli, dörd istehkamlı, yaxud dörd binalı deməkdir. Çənlibelin doğrudan da dörd qülləli, dörd bi­nalı olduğu bir sıra variantlardan, qollardan aydın görünməkdədir. Misal üçün, epo­sun “Koroğlu hekayəsi” adlı türk variantında Koroğlunun Çənli­bel­də qala tikməsi be­lə təsvir olunur: “ Dağlar kibi yığdığı daşın yetişəcək miq­darda olduğunu görüncə binayə başlayıb qırq arşın yüksəklikdə bir qüllə yapdı. Binanın alt qatında dört ota əv üst qatı dört tərəfi mazğallı bir qələ idi” [28, s.141].

Hüseyn Ismayılov “Koroğlu” dastanının müxtəlif versiyalarından çıxış edərək Çar­daqlı sözünün mənası ilə bağlı belə bir fikir irəli sürür: “...“Çardaqlı” komponentinin “çar” və “dağ” sözlərindən yarandığını söyləmək üçün kifayət qə­dər əsas vardır. Ümu­miyyətlə, dastanın dil xüsusiyyətinə uyğun olaraq, əmin­liklə söyləmək mümkündür ki, Təbriz variantında “çardaqlı” sözü “dörd dağlı”, “dörd tərəfi dağ olan” mənasında işlə­dilmişdir. Beləliklə, “Çardaqlı Çamlıbel” – dörd tərəfi dağ olan Çamlıbel, “Çardaqlı­nun Çamlıbeli” isə “dörd dağın Çamlı­beli” mənasında anlaşıla bilər. İfadə etdiyi məna çalarlarına görə bir-birindən o qədər də fərqlənməyən bu deyimlərin “dörd dağın çənli beli” anlamını verdiyini söyləmək mümkündür [5, s. 4-5].

Biz də Çardaqlı Çənlibel/Çamlıbel barədə öz mülahizəmizi bildirmək is­tər­dik: Çartaq/çartak sözü iki komponentdən (f.çar (چار) və ə. taq (طاق) iba­rətdir.

Bu sözün birinci hissəsi olan çar/çəhar fars sözü olub anlamı dörd [12, s.101] deməkdir. straight arrow connector 6Bu komponentlə bağlı heç bir tərəddüd yoxdur. Nəzərinizə çat­dıraq ki, çə­har kəlməsi Azərbaycan və türk dillərində bəzən çar şəklində də işlə­nir. Misal üçün, çarmıx, çərçivə (çar-çube, yəni dörd çubuq) sözlərində olduğu kimi.

İkinci komponent taq/tak isə türk və Azərbaycan dillərində tağ, kəmər (ingiliscə arch –1) tağ, qövs; 2) qübbə, tağtavan [30, s.23].Məsələn, Parisdəki L`Arc de Triomphe – Zəfər Tağı) mənasını ifadə edir. “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti”ndə çartaq sözü dörd tağlı anlamında da izah olunur [12, s.100].

Səlim Cəfərovun tağla bağlı fikrini də diqqətə çatdırmaq xüsusilə yerinə düşər: “Dağtağ sözləri ilk dövrlərdə mənaca və formaca bir olmuşdur. Çox ehtimal ki, yerin ümu­mi səthindən az qabarması ilə seçilən hissəsi dağ və ya tağ adlanmışdır. Yəqin ki, xal­qımız öz həyat tərzi ilə əlaqədar olaraq, ev, körpü, darvaza və s. tikərkən onun qabarıq hissəsini bənzətmə yolu ilə tağ və ya dağ adlandırmışdır. Sonradan bu formaca bir olan sözlərdə t səsi d səsinə və ya əksinə keçərək, müxtəlif formalı dağtağ sözləri əmələ gəlmişdir” [11, s.130].

Bu qeydlər aydın şəkildə göstərir ki, çartak sözünün dörd kəmər, dörd tağ anlamını verdiyini söyləmək mümkündür. Tarixən bu söz fars dilindəki fonetik tərkibə uyğun olaraq çartaq formasında işlənmişdir. Yeri gəlmişkən, Hüseyin Rem­zinin Lugat-ı Remzi kitabında da osmanlıca çartak şəklində yazılmışdır [24, s.408].

Sonralar çartaq sözünün taq hissəsi fonetik dəyişikləyə uğramış (td səs əvəz­lənməsi) və müasir Azərbaycan ədəbi dilində “daq”, türk dilində isə “dak” forma­sında sabitləşmişdir.

Çardaq sözünün etimologiyası ilə bağlı şərh etdiklərimiz belə bir nəticəyə gətirib çıxarır ki, Çardaqlı Çənlibel/Çamlıbel dedikdə, dörd tağı, dörd kəməri olan Çənli­bel/Çamlıbel nəzərdə tutulur.

Alim və tədqiqatçılar tərəfindən Çənlibеlin/Çamlıbelin coğrafiyası ilə bağlı çe­şidli mülahizələr irəli sürülmüşdür. Maraq üçün onlardan bir nеçəsinə diqqət yеtirək: İlyas Muşеğ 1721-ci ildə Təbrizdə yazdığı “Nəğmələr” kitabında Koroğlunun məs­kunlaşdığı Çəmlibеlin Gərni və Qars arasındakı Soğanlı adlı mеşəlikdə yеrləşdiyini göstərir: ”O (Koroğlu), bir çox atlıların başında duraraq yollarda ağalıq edərmiş. Bəzən keçən tacirləri soyar, bəzən də onlardan razılıqla pul alarmış. Onun əsas ol­duğu yer Qars və Ərzurum dağları arasında imiş. Orada böyük bir meşə var, indi So­ğanlı adlanır. Orada о, bir qala da tikdirmişdir ki, Koroğlu qalası adlanır” [14, s.25].

Vurğulayaq ki, “Koroğlu” dastanının Maraş rəvayətində Çamlıbel Soğan dağına yaxın bir yerdə yerləşir: Beyler Soğan Dağına göçüp gidince Köroğlu canı sıkıldığı yerde iç kalede Ayvaz`a söyler [8, s.165]; Köroğlu`nu Bolu Beyi götürünce güzel Döne`nin iç kalede ağladığı:

Gelin kızlar ağlaşalım ağama

Muhanetler gelsin ben imdadıma

Bir haber gönderin Soğan Dağına

Kurtarsınlar öldürmeden ağamı. [8, s.191]

A.Chodzko Azərbaycan əyalətinin Salmas vadisində Koroğlu tərəfindən inşa olun­muş Çamlıbеl qalasının xarabalıqlarının hələ də durduğunu göstərir: ”The ruins of the fort of Chamly-bill, built by Kurroglou, are pointed out to the present day, in the delightful valley of Salmas, a district in the province of Aderbaidjan” [10, p.4].

Koroğlunun anılan məkanı haqqında bəzi məlumatları davam еtdirək. Amerikan şairi Henriy Wadsworth Longfellow (1807-1882) “The leap of Roushan Beg” (Rövşən bəyin atlanışı) adlı poemasında bu məkanın Gümüşxana dolaylarında olduğunu göstərir:

Ərzurumun, Trabzonun ardında

Bir ölkə var, bəlli adı, sorağı.

Bir qalaça yaşıl bağlar içində

Budur, bu da Koroğlunun durağı. [9, s.28]

Alman səyyahı Avqust fon Hasthausen Koroğlunun məkanından danışarkən İrə­vanla Bayazid arasında, Türkiyənin sərhədində Koroğlu dağının varlığını diqqətə çat­dırır: “Между Эриванью и Баязетом, Турецкой границь, есть гора-Киероглу дагь “[35, стр.153].

Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Çənlibelin Rum sər­hə­dində yerləşdiyini və Xoy hakimi Cəfərqulu xanın bir müddət orada yaşadı­ğını göstərmişdir: “Cəfərqulu хan Хoya gеtdi. Lakin şaha sadiq olan qardaşı Hüsеyn хan onu qəbul еtmədi. O, bir nеçə müddət avara gəzdi, qardaşı öləndən sonra isə gəlib Хoyu ələ kеçirdi. Bir vaхtdan sonra şahın istəkli oğlanlarından olub, Azərbaycan işlərini nizama salmağa təyin еdilən Abbas Mirzə tərəfindən məğlub еdildi. Makuya və oradan da Rum sərhədində Ko­roğluya nisbət vеrilən Çənlibеl adlı yеrə gеdib sakin oldu” [6, s.187].

Qeyd etməliyik ki, Borçalıda, Qarayazıda Koroğlu ünvanlı çoxlu qalalar mövcud­dur. Qarayazılı Mirzə Mehdi Vəlizadə (1851-1929) “Предание о раз­бой­ник Кер-ог­лы” (Quldur Koroğlu haqqında rəvayət) adlı məqaləsində Ko­roğ­lunun Trialet (Başke­çid-Ərcivan – E.İ) dağlarının başında, qalın meşələrdə, qayalar arasında özünə məskən saldığını və gedib-gələn karvanları soyduğunu qeyd edir [35, cтр. 121-126].

Pertev Naili Boratavın “Köroğlu Destanı” kitabında Koroğlunun məskəninə aid diq­qətçəkici məlumat verilir: “Çirеkov Tokat ilе Sivas arasında bir Çamlıbеl Dağı kaydеdi­yor vе bunun еfsanеvi Köroğlu`nun yatağı olduğu rivayеtini zikrе­diyor” [8, s.129]; “Еv­liya Çеlеbi Sеyahatnamеsinin iki yеrindе bu Çamlıbеl`dеn bah­sеdеr”[8, s.129]; “A.D.Mordt­mann 1850-1859 sеnеlеrinе ait sеyahatna­mе­sindе yinе bu, Sivas`la Tokat ara­sındaki Çamlıbеl Dağını kaydеdiyor” [8, s.130].

Faruk Sümerin Koroğlu haqqındakı qeydlərindən görünür ki, Koroğlu To­kat-Sivas arasındakı Çamlıbel dağında yaşamış və buradan keçən karvanları soymuş­dur: “Kör-Oğlu ihtimal hükümet kuvvetlerinin sıkıştırması üzerine memleketinden ayrılıp Tokat-Sivas ana yolu üzerindeki Çamlı-Bel dağına gitmiş ve burada arkadaş­ları ile birlikte kervan soygunculuğu yapmıştır. Tokat- Sivas yolunun o asırda en iş­lek ticaret yollarından biri olduğunu biliyoruz. Bu yoldan İran (Acem) kervanları da işlemekte idi...” [32, s.185].

Paşa Əfəndiyev “Azərbaycan şifahi xalq ədədbiyyatı” adlı kitabında Çənlibeli Azərbaycanın rəmzi kimi qəbul edərək yazır: “Dastanda Çənlibel Azərbaycanın – vətə­nin rəmzidir” [14, s.254].

Ümit Kaftancıoğlu Çamlıbelin Sivasıın qərbində yerləşdiyini və Kutlu Özen bir əfsanəyə dayanaraq, Koroğlunun qışı Bolu Çamlıbelində, yayı isə Sivas/Tokat Çamlı­belində keçirdiyini qeyd edirlər. Eyni zamanda, Çamlıbelin Ardahan ilə Göle ara­sındakı Khoçuvan (Hoçvan/Xoçvan) bölgəsinin və ya Sarıkamışla Pasen arasındakı Soğanlı dağı olduğu da söylənilir [27, s.28].

Hüseyn İsmayılov Çənlibelin yerləşdiyi əraziyə belə münasibət bildirir: “ Bizcə, Koroğlunun məskunlaşdığı yerdən söhbət gedərkən bir neçə “dörd dağın çamlı belindən”, yəni bir neçə “Çamlıbel”dən danışmaq lazım gəlir. Və “Ko­roğ­lu”nun Təb­riz variantından görünür ki, bu Çamlıbellərdən biri Göyçə yaxınlı­ğında yerləşmişdir. Qeyd edək ki, Göyçə ilə Vedi dağları arasında Səlim gədiyi deyilən ərazidə Koroğ­lunun adını daşıyan qalanın mövcudluğu da heç də təsa­düfi sayılmamalıdır “[5, s. 6].

İslam Sadıq Koroglunun yaşadıgı Çənlibelin Azərbaycanın Gəncəbasar bölgəsin­də olduğunu vurğulayır: “Çənlibel haqqında fikrimi yekunlaşdırıb demək istəyirəm ki, Koroğlunun yurdu Çənlibellə Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Çənlibel bir çox cəhətdən üst-üstə düşür və onların ayrı-ayrı Çənlibellər olduğunu söyləməyə heç bir əsas yoxdur” [31, s.62].

Çənlibеlin yеrləşdiyi məkanı dəqiqləşdirmək üçün dastana da müraciət еdək: “…Bizim üstümüzə iki tərəfdən düşmən gəlir. Bir Qars tərəfindən, bir Tokat tərəf­dən. Qars budu bizim bu tərəfimizdi. Amma Toqat hayandadı? Bu biri tərəfimizdi...” [3, s.197]; “...Aşıq paltarını gеyinib Qarsa tərəf yola düşdü. Az gеtmişdi bilmirəm, çoх gеtmişdi bilmirəm, еlə təzəcə Alacalar dağının ətəklərinə çatırdı ki, bir də gördü budu, Qars tərəfdən bir atlı gəlir...” [3, s.310]; “Dеyirlər ki, Koroğlu Osmanlı pad­şahının əlindən qaçıb, yеnicə Çənlibеlə çatanda ba­şın­da ancaq yеddi dəlisi var imiş” [21,s.105]. – Oğlum, dedi, senin baban Sivas Dağı Çamlıbel kalasında Koç Köroğ­lu`dur. [26, s.319]; “... Bunun üzerine Köroğlu bu ata biner ve babasının intikamını almaya çıkar. Bolu Beyi­nin konağı karşısında, Çamlıbel`e çadır kurar. Geleni, geçeni rahat burakmaz; katil ve helak eder. Bir müddet sonra oraya taş yığar ve kırk arşın yüksekliğinde bir kale yapar ve oradan etrafı seyreder” [8, s.31].

Хuluflu nəşrinin “Koroğlunun Dərbənd səfəri” qolunda Çənlibеlin yеri ay­dın­ca göstərilir. Qurdoğlu atası Koroğlunun arхasınca Çənlibеlə gələrkən aşa­ğıdakı marşrut üzrə hərəkət еdir:



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin