Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,37 Mb.
səhifə3/16
tarix28.11.2017
ölçüsü1,37 Mb.
#33230
1   2   3   4   5   6   7   8   9   ...   16

Qaynaqlar:

1. Atalar sözü, toplayanı Ə.Hüseynzadə, tərtib edəni H.Qasımzadə, Bakı, Yazıçı, 1985, 690 s.

2. Koroğlu, Tərtib edəni M.H.Təhmasib, Bakı, AEA Nəşriyyatı, 1956, 454 s.

3. Naxçıvan folklor qaynaqlarından, (arxiv özümüzdədir).

4. Pənahi M. A., Rəftar Cəlilov, XVIII əsrin 90-cı illərində Qarabağ əhalisinin ya­delli işğalçılara qarşı mübarizəsi tarixindən, Bakı, 2012, 90 s.

5. Sadıq İslam, Azərbaycan “Koroğlu” eposu, I kitab, Bakı, Elm və təhsil, 2015, 248 s.

6. Sadıq İslam, Dumanı daşan dərələr, Bakı, Azərnəşr, 2004, 208 s.

7. Sadıq İ. Gülərmola, Azərbaycan j., Bakı, 1999/11, s.169.

8. Sadıq İ. Ocağı közündən tanıyıram, Bakı, Azərnəşr, 2016, 160 s.

9. Sadıq İ. Ağrı, ürəyim, ağrı, Bakı, Azərnəşr, 1995, 160 s.

10. Vaqif Nəsib, Keçəl dünyaya, Azərbaycan j., 2000/2, Bakı, s. 8.
Ləman VAQİFQIZI (SÜLEYMANOVA)

AMEA Folklor İnstitutu

Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi,



fil.ü.f.d., dos.
AZSAYLI XALQLAR ARASINDA DAMBIR İFAÇILIĞI

VƏ HAYLA YARADICILIĞI

(Zaqatala-Balakən rayonlarından topladığımız

folklor materialları əsasında)
Özət

Tənbur hal-hazırda Azərbaycanın yalnız Zaqatala-Balakən bölgəsində öz var­­lığını qoruyub saxlaya bilmişdir. Azərbaycan türkləri üçün xarakterik olan tən­bur ifaçılığı və hayla yaradıcılığı azsaylı xalqlar arasında da geniş yayılmışdır. Böl­gə­də ya­şayan hər bir xalqın tənburçuluq sənətinin inkişafında və yaşadılmasında özü­nəməxsus çəkisi vardır. Məqalədə azsaylı xalqlar arasından çıxmış ayrı-ayrı dam­bırçılardan və onların yaradıcılıqlarından bəhs olunmuşdur.



Açar sözlər: dambır, hayla, loğat, avar, ingiloy
Ляман Вагифкызы (Сулейманова)

Творчество хайла и исполнительство на дамбыр между малочисленными народностями (на основе собранного фольклорного материала

в районах Закатала - Балакан)

Резюме

В Азербайджане танбур сохранился и существует по сей день только лишь в Закатало – Балаканском регионах. Исполнительство на тамбур и твор­чес­тво хай­ла присущее Азербайджанским тюркам широко распрос­тра­нено сре­ди мало­численных народностей. Каждая народность, живущая в ре­ги­о­нах, способствуют развитию и жизнеустойчивости тамбурского ис­кусс­тва, от­личается самобыт­ностью. В статье рассказывается об испол­ни­телях на дам­бы­ре и их творчестве, вышедшие из рядов различных мало­численных на­род­нос­тей.



Ключевые слова: дамбыр, хайла, логат (дамбырская мелодия), авар, ин­гилой.
LamanVagifgizi (Suleymanova)

Tanbur Perfomance And Hayla Creativity Among National Miniorities

(on the basis of folklore materials gathered from Zagatala-Balakan region)

Summary

Right now tanbur is only alive in Zagatala-Balakan region of Azerbaijan. Tan­bur performance and hayla creativity are popular among national minorities whi­ch is characteristic for Azerbaijani Turks. Every nations which are living in this re­gion have own role in progress of tanbur creativity. This article is about dam­bir­ch­ies from different nations living in this region and creativity of them.



Key words: dambir, hayla, lokhat, avar, ingiloy

Giriş. Azərbaycanda vaxtilə geniş yayılmış tənbur sənəti hal-hazırda yalnız Za­qatala-Balakən bölgəsində yaşayır. Bu bölgədə tənbura dambır1, dambırla oxu­nan mahnılara isə hayla deyirlər. Bölgədə həm qadın, həm də kişi dambırçılar ol­muş­dur. Bəs hayla sözünün etimologiyası nədir? Hayla deyəndə yada ilk əv­vəl “hay­lamaq”, “haraylamaq”, “səsləmək”, “çağırmaq” feilləri dü­şür. Maraqlıdır ki, xa­kaslar, altaylar, şorlar, tuvalılar, başqırdlar dastana “kay”, “kayla”, yaxud “hay”, “hay­la”, dastan söyləyənə isə “kayçı”, “hayçı” deyirlər. “Hayla” sözünün bir mə­na­sı da “boğazda oxuyan”, yaxud da “boğaz oxuması” anlamını verir. Prof.Metin Er­gin “Hakas hayçıları və hayçılık sanatı” adlı təd­qi­qatında qeyd edir ki, “Hakaslar ara­sında nimax, yaxud da alıptıx nimaxlar söy­ləməyə hayla deyilir” [Metin Ergin. Ha­kas hayçıları ve hayçılık sanatı. Milli Folklor, 3-9 Cüz, 1993, səh.71-76].

Dambır ifaçılığı Zaqatala rayonunun Tala kəndlərində, Balakən rayonunun Tü­lü, Gülüzən, Qazma, Qullar, Talalar kəndlərində daha çox yayılmışdır. Azər­bay­can türklərinə məxsus olan bu sənət birgə yaşayış zamanı bu bölgədə yaşa­yan digər xalq­ların da nümayəndələrinə keçmiş və onlar da bu sənətin daşı­yıcı­larına çevi­ril­mişlər. Bu gün demək olar ki, bu bölgədə yaşayan bütün xalqların nümayəndələri ara­sında dambır çalıb hayla oxuyanlar vardır. Azərbaycan türklərindən fərqli ola­raq, azsaylı xalqların dambır ifaçıları arasında deyişməyi bacaran dambırçılarla rast­laşmadıq. Onlar yalnız solo ifa edirlər. Azsaylı xalq­ların arasından çıxmış dam­bır ifaçıları haylaların böyük əksəriyyətini Azərbay­can dilində oxusalar da, ara-sıra öz dillərində dedikləri haylalarla da üzləşirdik. Onların bir çoxunun etirafına görə, bu haylalar da Azərbaycan dilində olan hay­lanın öz dillərindəki tərcümələridir.



Avarlarda tənbur ifaçılığı və hayla yaradıcılığı. Avar dambırçıları ha­vanı lo­ğat (hava sözünün avar dilinə tərcüməsdir) adlandırırlar. Söyləyicilərin verdikləri mə­­lumatlara görə, hayla deməyi ba­ca­ran­lar hətta sini (məcməyi) də çalıb oxu­yar­mışlar. Me­şə­şambul kənd sakini 1951-ci il tə­vəl­lüd­lü Hacı Nurmu­hammed oğlu Os­banovun dediyinə görə, Ömər Qaysayev özü diş hə­kimi olsa da, həm dambır ça­la bilirmiş, həm də yaxşı sini çalırmış.

Əli Həybullah oğlu Qaralov 1940-cı ildə Balakən rayonunun Şambul kən­din­­də doğulub. O, hal-hazırda mollalıq etdiyi üçün dambırda çalıb oxumur. Bizim xa­­hişimizdən sonra bir neçə dambır havası ifa etdi. Deyilənlərə görə, vaxtilə yaxşı dam­­bır çalan imiş. Amma hal-hazırda mollalıq etdiyi üçün dambır çalmağa çox da hə­vəsi yox idi.

Bu gün bölgədə fəaliyyət göstərən avar dambırçıların arasında Maqomed Ma­­qomedovun və Eldar Hatıyevin adını xüsusi vurğulamaq lazımdır.

Maqomed Maqomedov Zaqatala rayonunun Dardoqqaz kənd sakinidir. Onun de­­diyinə görə, dambırla yalnız haylaları deyil, bəzi başqa mahnıları da oxumaq müm­­kündür. Onun ifalarına qulaq asdığımız zaman bu mahnıların da əslində ba­ya­tı üzərində qurulduğunu müşahidə etdik. Bəzən bayatı olmasa da, heca vəznində ya­­zılan şeirlərin dambırla oxunduğunu gördük.

Dambırçı Məhəmməd gözəl dambır çalmağı bacarır, olduqca ürəyə yatımlı sə­si var. Canlı xarakteri oxuduğu haylalarda da özünü göstərir. Məhəmməd dayının oxu­­duğu haylaların böyük əksəriyyəti Azərbaycan dilində idi. Əvvəlcə bizə hayla ilə “xoş gəldin” deyən Məhəmməd dayı hamımızın ümumi vətəni olan Azər­bay­ca­nı mədh etdi:

Kim gəlibdi, xoş gəlib,

Bu yerlərə xoş gəlib.

Bizim bu Ləman xanım

Zaqatalaya xoş gəlib.
Şöhrətim, şanım mənim,

Vətənim, canım mənim.

Gözəlliklər məskəni

Azərbaycanım mənim.


Sərvətimiz var bizim,

Qüdrətimiz var bizim.

Dövlətlərin içində

Hörmətimiz var bizim.


Vətənimin hər yanı,

Məftun edər insanı.

Cənnət görmək istəyən

Gəzsin Azərbaycanı.

Məhəmməd dayı haylaları ilə Zaqatala rayonunu vəsf etməyi də unutmadı. O, Zaqatalanın sözlə sanki rəsmini çəkdi:

Ulduz dönüb Ay olmaz,

Yaz keçməsə, yay olmaz.

Bütün dünyanı gəzsən, ay Ləman xanım,

Zaqatalaya tay olmaz.
Bir tərəfi Tala çay,

Bir tərəfi Katex çay.

Olarmı heç sənə tay,

Oy mənim Zaqatalam.

Heç olarmı sənə tay,

Oy mənim Zaqatalam.


Uca, qarlı dağların,

Bol məhsullu bağların.

Mehriban insanların

Var sənin, Zaqatala.


Qınamayın siz məni,

Eşidin bu kəlməmi.

Hər kəsə öz vətəni,

Mənimçün Zaqatala.

Hər kəsə öz vətəni,

Bizimçün Azərbaycan.

Dambırçı Məhəmməd avar məclislərinə getdiyi zaman Azərbaycan dili ilə ya­naşı, avar dilində də oxumağa çalışır. Özünün də etiraf etdiyi kimi, bəzən ki­tab­lar­da çap olunmuş bayatıları da avar dilinə çevirib oxuyur. Hətta “Ana” adlı şeiri də avar dilinə çevirib avarların çox olduqları məclislərdə səsləndirir. Məhəmməd da­yı haylaları hətta rus dilinə çevirərək Belorusiyada keçirilmiş tədbirdə səs­lən­di­rib. Məhəmməd dayı gülə-gülə dedi ki: “Düşündüm ki, hindi mən tutax ki, azər­bay­canca, avarca oxudum. Bunnar mənim oxuduxlarımnan nə qanacaxlar. Sa­mal­yot­daca bir-iki haylanı rus dilinə çevirdim. Bizə bələdçilik eliyən Qalinaya dedim ki, hindi mən rus dilində bir şeyir yazmışam, qulax as, əyər səhvlik varsa, sən də ora-burasını düzəlt”. Dambırçı Məhəmmədin dediyinə görə, o gün nəticədə aşa­ğı­da­kı haylalar meydana çıxıb:

Асаламалейкум Белорусия,

Привет вам из Азербайджана.

Испасибо вам за тюплые приуом,

От радости для вам песни пайом.
Белорусия города красивые,

Люди гости приемные, добрые.

Эти мы не забудем никогда,

Вспоминат будем мы вас всегда.

Hatıyev Eldar Balakən rayonunun Mahamalar kəndində yaşayır. O, ailə­sini do­landırmaq üçün usta işləyir, ev tikir. Hatıyev Eldar yaxşı dambır çalıb hay­la de­mək­lə bərabər, həm də dambır düzəldib satır. O, dambıra simlər əlavə edərək onu mü­asirləşdirmişdir. Bu tip dambırlara lazım olanda mikrofon taxmaq üçün yer də dü­zəldir. Pərdələr artırılmış dambırın səsi ənənəvi dambırdan fərq­lənir, gitara sə­si­nə daha çox bənzəyir. Bu cür dambırın ifa imkanları da çoxalır, belə ki, bu dam­bır­da ənənəvi dambır mahnıları ilə yanaşı, digər mahnıları da ifa etmək mümkün olur. O, “müasirləşdirdiyi” dambırda “Sarı gəlin” mahnısını da ifa etdi. E.Hatıyevin de­di­yinə görə, atası da Ömər kişi də dambır düzəldirmiş. Burada onu da qeyd etmək ye­rinə düşər ki, bölgə dambırçılarının əksəriyyətinin nəsil şəcərəsi bu sənətlə bağ­lı­dır. Hatıyev Eldar həm Azərbaycan dilində, həm də avar dilində mahnılar oxuyur. Azər­baycan dilində oxuduğu mahnıların ək­səriyyətinin sözləri bölgədə məşhur olan haylalardır. Oxuduğu mahnıların bir qisminin sözləri və müsiqisi özünə məx­sus­dur. O, dambırda Balakəni mədh edən mahnılar oxumağı daha çox sevir:


Gözəldi təbiəti,

Həm rayon, həm kəndləri,

İçməyə suyu sərin,

Ay mənim Balakənim.


Budur gözəl yurdum mənim,

Sevincim, həm fəxrim mənim.

Səninlə döyünür bu ürəyim,

Ay mənim Balakənim.


Bir yanı uca dağların,

Bir yanı meyvə bağların,

İgid qız-oğlanların,

Ay mənim Balakənim.


Dambırın iki simi,

Xoş edər hər məclisi.

Allah qorusun səni,

Ay mənim Balakənim.



İngiloylarda dambır. Balakən rayonunun İtitala kəndində ingiloylar ya­şa­yır­lar. Əvvəllər onlar arasında da dambır çalanlar varmış. Hal-hazırda ingiloylar ara­sında dambırçıların son nümayəndəsi Ömərov Əhməddir. Əhməd dayı II Dünya Mü­haribəsinin iştirakçılarından olmuşdur, yaşlı və xəstə olduğu üçün onun­la gö­rü­şüb söhbət edə bilmədik. Deyilənlərə görə, əvvəllər kənd iməcilik­lə­rində, uzun qış ge­cələrində dambırçılar dəvət olunar, camaat yığışıb onların ça­lıb oxumasına qulaq asar­mış. Onlar daha çox Azərbaycan dilində çalıb oxuyar­mışlar, arada da ingiloy di­lində oxuyarmışlar. Vaxtilə kənddə dambırla yanaşı, saz ifaçıları da ya­şa­yır­mış­lar. Kənd sakinlərinin dediklərinə görə, Aşıq Məhəm­məd gözəl saz ifaçısı imiş. Söy­ləyicilər onun Molla Cümə ilə dost olduğunu və onunla deyişdiyini də qeyd et­di­lər.

Kənddə hal-hazırda “Nənələr” adında folklor qrupu fəaliyyət göstərir. Qru­pun üzvləri bizə xeyli hayla dedilər.


Sonuc. Xalqların mədəniyyəti birgə yaşayış zamanı biri-birindən bəhrə­lənir. Bu zaman, adətən, böyük xalqların mədəniyyəti və yaxud böyük mədəniy­yətlər do­mi­nant rol oynayır. Türk mədəniyyəti mənşəcə türk olmayan xalqların da mə­də­niy­yə­tinə əsaslı təsir göstərmişdir. Bu təsir hətta o qədər güclü olmuşdur ki, bu xalqlar mən­şəcə türk olmasalar da, türk mədəniyyəti çevrəsinə daxil ol­duq­larından mə­də­niy­yət baxımdan türk sayıla bilərlər.

Şakir ALBALIYEV,

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent
NOVRUZ BAYRAMI VƏ ÇƏRŞƏNBƏLƏR
XÜLASƏ

Məqalədə Novruz bayramı və onun ayrılmaz tərkib hissəsi olan İlaxır çərşənbələr haqqında məlumat verilir. İlk dəfə olaraq yalançı çərşənbənin mahiyyəti şərh olunur. Digər dörd çərşənbə ilə də bağlı müxtəlif folklor örnəkləri əsasında təhlillər aparılır və maraqlı elmi fikirlər söylənilir.



Açar sözlər: Novruz bayramı, yalançı çərşənbə, su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi, torpaq çərşənbəsi
Shakir Albaliyev

Novruz Holiday and Tuesdays (The Last Tuesdays Of The Year)

SUMMARY

In the article the information is given about the Novruz holiday and its inse­parable parts – Tuesdays (the last Tuesdays of the year). For the first time the scientific essence of fibber Tuesday is interpreted. The analysis is held dealing with the other four last Tuesdays on the base of various folklore samples and interesting scientific thoughts are told.



Key words: Novruz holiday, fibber Tuesday, Water Tuesday, Fire Tuesday, Land Tuesday
Шакир Албалыев

Праздник Новруз и последние вторники года

РЕЗЮМЕ

В статье исследуются праздник Новруз и последние вторники года, которые являются неотъемлемой частью этого праздника. Впервые раскрывается сущ­ность ложного вторника. Также ведется анализ других четырех вторников года на основе различных фольклорных образцов, и даются интересные научные мысли.



Ключевые слова: праздник Новруз, ложный вторник, водный вторник, огненный вторник, земляной вторник
“Novruz bayramı bizim xalqımızın qədim milli bayramıdır. Novruz bayramı hər bir azərbaycanlının qəlbinin bayramıdır, bizim müstəqil Azərbay­can torpağının, Azərbaycan Respublikasının bayramıdır” (Heydər Əliyev).

Yazıma əbəs yerə Ulu Öndərin fikirləri ilə start vermədim. Burada Novruz bayramının tarixinin çox qədim olduğu və milli düşüncənin məhsulu olduğu bir daha diqqətə çatdırılır. Eyni zamanda əvhal-ruhiyyənin yenilməzliyi – “qəlbin bayramı” olması, Azərbaycan torpağının, dövlətinin bayramı olması vurğulanır.

Yuxarıdakı sitatda da deyildiyi kimi, “qədim milli bayramımız” olan Nov­ruz çox qədim görüşlərlə səsləşir. İnsan ruhunun – “qəlbin bayramı” olan, “tor­pağın bayramı” – təbiətin bayramı olan, əhalinin – respublikamızın bayramı olan Novruzun tədqiq edilib öyrənilməsi də folklorşünaslıq, etnoqrafik nöqteyi-nəzər­dən çox böyük əhəmiyyət daşıyır. “Yaz bayramı”, “ilbaşı bayramı” kimi adlarla da tanınan “İlbaşı, Novruz yaz bayramı Türk Dünyasının ənənəvi birliyinə şərait yarada bilən milli bayramdır” (Güllü Yoloğlu). Düşünəndə ki, yeni bir fəslin – yaz fəslinin başlanması olmaqla həm də yeni bir təqvim ilinin başlanğıcı bayramı kimi də anılan Novruz bayramının təmtərağı bir və ya bir neçə günlə məhdud­laşmır, onda məsələyə daha geniş rakursdan yanaşmaq zərurəti ortaya çıxır.
Yalançı çərşənbə – ilaxır çərşənbələrə mesaj

Görkəmli folklorşünasımız Məmmədhüseyn Təhmasib məhz bu kimi amil­lərə nəzərən yazırdı: “Böyük bir səbirsizliklə yazın gəlməsini gözləyən qə­dim azərbaycanlı əkinçi böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. Bunlardan birinci üçünə “oğru üsgü”, ikinci üçünə “doğru üsgü”, sonuncusuna isə “ilin axır çərşənbəsi” deyirdi. Bu çərşənbələrin hərəsinin özünə görə adət və ənənələri, rüsumat və dəbləri var idi. Tədqiqatdan görünür ki, bütün bu adət və dəblər qışın mümkün qədər tez çıxması üçün vaxtilə icra edilən sehr və əfsunların indi qis­mən unudulmuş, qismən də başqa təsirlər nəticəsi olaraq qarışmış qalıqlarından ibarətdir. Bu sehr və əfsunlar vasitəsilə qışın tez çıxması üçün altı çərşənbə hazırlıq görmüş xalq, nəhayət, son çərşənbə günü bir yerə toplaşaraq onu elliklə yola salır, yeni ili, yəni yazın ilk gününü isə elliklə bayram edir”.

Buradan bir daha göründüyü kimi, Novruz bayramı özündən əvvəlki yeddi çərşənbənin də bayram edilməsini öz əhatə dairəsinə almaqla böyük bir mərasim kom­pleksinə malikdir. Deməli, Novruzu bir bayram kimi özünəqədərki ilaxır çər­şən­bə bayramlarından təcrid edilmiş şəkildə araşdırmaq olmaz. Hazırda bu çər­şən­bələrdən yuxarıda “doğru üsgü” adı ilə qeyd edilən üç çərşənbə və bir də sonuncu ilin axır çərşənbəsi öz mərasimi aktuallığını qoruyub bayram şəklində el arasında sürdürməkdədir. Bir də bəzi bölgələrdə yerdə qalan “oğru üsgü” adlandırılan üç çərşənbədən biri ümumiləşdirilmiş halda “yalançı çərşənbə” adı altında zəif şəkildə keçirilir. Əgər “doğru üsgü” ifadəsini doğruçu – həqiqi çərşənbələr kimi qəbul edib, hazırda böyük təmtəraqla keçirdiyimiz su, od, yel və torpaq çərşənbələri ol­duğunu nəzərə alsaq, onda “oğru üsgü” istilahının da doğrunun əks qütbü olan ya­lan, yalançı kəlməsi ilə əvəz olunduğu qənaətinə gələrik. Belə olan təqdirdə, Cəb­rayıl rayonunda və bəzi bölgələrdə ilaxır çərşənbələr olan dörd çərşənbədən əvvəl beşinci çərşənbə olan və el arasında “yalançı çərşənbə” kimi tanınan, yalanmışdan olan kimi zəif, odu-ocağı çox da gur olmayan tonqalların qalanması ilə ötəri adı anılan çərşənbənin də ümumilikdə “oğru üsgü” – yalançı çərşənbələr hesab olunan üç çərşənbənin ümumiləşmiş rəmzi olduğunu qət edərik. Deməli, üç “oğru üs­gü”nün – üç yalançı çərşənbənin ümumiləşmiş forması “yalançı çərşən­bə”də öz əksini tapdığı kimi, üç “doğru üsgü” – doğruçu çərşənbənin də ümumi­ləşmiş ye­kun aktı sonuncu ilaxır çərşənbə bayramında təcəssüm olunur.

Doğruçu çərşənbə hesab olunan 4 çərşənbədən əvvəl Cəbrayıl rayonunda və eləcə də ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur. Hələ M.H.Təhmasibin dediklərinə istinad eləsək, onun “oğru üsgü” adı altında qeyd etdiyi oğru (yalançı) çərşənbənin sayı üç olmuşdur. Buradaca əlavə edək ki, Əhməd bəy Ağaoğlunun da bu haqda belə bir qeydi var: “21 martın gəlişindən (Novruz günündən) öncəki altı həftə boyunca hər çərşənbə axşamı saraylarda böyük şamlar yandırılır”. Belə olan təqdirdə ilk Yalançı çərşənbədən son Doğruçu çərşənbəyə – yəni ilin Novruzdan qabaqkı axırıncı çərşənbəsinə qədər olan müd­dət 42 günü (yuvarlaq rəqəmlə götürsək, 40 günü) əhatə edir. Altı həftəlik müd­dətə isə bu həftələrin o başının da, bu başının da – yəni başlanğıc sərhədi ilə qur­tarma sərhəddinin çərşənbə axşamı ilə başlanıb qurtarmasını hesaba aldıqda, yed­di çərşənbəni əhatə etdiyi aydın olur. Çərşənbə anlayışının bir adının da, bir məna­sının da çilə olduğunu nəzərə alsaq, çilə ifadəsinin də qırx demək olduğunu yada salsaq, burada üst-üstə düşən eyniliklərin bir-birlərini təsdiqlədiklərini də aydın görərik. “Oğurluqla yalançılığın (...) arası qırx gün çəkər” deyimimizi də bu araya gətirsək, onda Novruz öncəki ilaxır çərşənbəyə qədərki Yalançı çərşənbənin arası­nın (zaman məsafəsinin) təxminən qırx günlük bir müddəti əhatə etməsi məntiqlə qanunauyğunluq təşkil edir. Yəni Yalançı çərşənbə özünü qırx günədək doğrult­malı və qırx günlük vaxta kimi doğruçu çərşənbələrin yekun aktında tamam­lanmalıdır ki, bunun nəticəsində də Novruz bayramı gəlib yetişsin.

Novruz bayramının həm də yaz gecə-gündüz bərabərliyi olmaqla dünyanın – təbiətin, kainatın tarazlıq halı olduğunu düşünəndə, elə həm də mifoloji baxış­da da nizamlı dünyanın – kosmosun bərpası olduğu aydın olur. Belə olan halda Nov­ruz bayramının gəldiyi fəsil olan Yaz fəsli özlüyündə kosmosu (nizamlı dünya modelini), onun əks fəsli – Qış fəsli isə ölgün siması ilə, donuqluğu, məh­ve­dici sazağı-şaxtası ilə antikosmosu (xaosu, nizamsız dünyanı) işarələyir. Elə bu prinsipdən götürdükdə, Novruz qabağı çərşənbələrin yalançı və doğruçu olmaqla iki qismə ayrılmaları da onu göstərir ki, onlardan biri özlüyündə yalan dünyanı (xaosu) və digəri isə doğru – nizamlı dünyanı (kosmosu) özlüklərində sim­vollaşdırır. Yalançı çərşənbə adından da göründüyü kimi yalan üzərində qu­rulub. Amma bir el məsəlimizdə deyildiyi kimi, “Dolu birini qorxuzar, boş iki­si­ni”, yəni dolu tüfəng (həqiqi silah) birini qorxuzub öldürdüyü kimi, boş (yalançı tüfəng) ikisini qorxuzduğu – həyəcanlandırdığı, qorxuya saldığı kimi (amma əslində heç kəsi öldürmədiyi kimi – heç kəsə xətər yetirmədiyi kimi), yalançı çərşənbə də sadəcə adi – mənasız yalanı ifadə etməyib, özlüyündə xeyirxahlıq missiyası daşıyır. Yalançı çərşənbə öz gəlişi ilə insanlara bir daha xaosu bildir­mək, xaosda olduqlarını xatırlatmaq hissi təlqin edir, bununla həm də xaosdan çıxış anının yetişdiyini, insanlara özlərində kosmosa – nizamlı dünyaya apara­caq doğruçu çərşənbələrə hazırlanmaq, səfərbər olunmaq gücü toplamaq duy­ğusu aşılayır. Yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır. Yalançı çərşənbə doğruçu çərşənbənin gələcəyinə xəbərdaredici siqnal verir. Xaotik aləmdən nizamlı dünyaya keçid üçün mesaj verir. Çünki bu, həm də elə bir zaman aralığıdır ki, artıq donuq qış fəslinin təbiətə qədəm basmasından da təxminən qırx günlük (ondan bir az artıq) müddət ötmüşdür. Xalqımız isə “ya­man günün ömrü az olar” deyib. Məhz bu yaman gün – təxminən qırx gün artıq geridə qalmışdır. Bu isə o deməkdir ki, qırx gündür ki, təbiət də, insanlar da xaotik bir durumda qalmışdır. Bu xaotik vəziyyətdə qalmaq isə (yaman gündə qalmaq isə) çox davam edə bilməz. Əgər çox davam edərsə, kainatın nizamı po­zular, dünya məhvərindən qopub çıxar, kosmik dünyanın ahəngi pozulmuş olar. Məhz sosial sferada sabitliyi bərpa etmək üçün hansısa bir oyanma hissi baş qaldırmalıdır. Bu oyanma isə birdən-birə yox, təbii tədrici proses kimi baş ver­məlidir. Bunun üçün də təhtəlşüurda ilkin hərəkət mexanizmi işə düşür, Yalançı çərşənbə ayinləri bu mexanizmi hərəkətə gətirir.

Bəs bu, necə olur? Bunun üçün doğruçu çərşənbələr hesab olunan, təbiəti və cəmiyyəti nizamlı dünyanın bərpasına yönəldən dörd ilaxır çərşənbənin şənlik dolu hay-küyçü təmtərağından fərqli olaraq, Yalançı çərşənbə başını aşağı salıb sakit tərzdə öz işini xımı-xımı içindən görməyə başlayır. Beləliklə, Yalançı çərşənbələrin gəlişi cəmiyyətdə öz içindən enerji, güc toplamaq ovqatı, daxilən qarşıdakı çarpışmalara özündə güc, inam tapmağa hazırlıq əhvalı formalaşdırır. Belə ki, Yalançı çərşənbə alatoran vaxtı, gün batar-batmaz vədəsində ayrı-ayrı həyətlərdə odu-ocağı gur olmayan tonqalların yandırılması ilə müşayiət olunur. Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, dörd ilaxır çərşənbələrdə (doğruçu çərşənbələrdə) olduğu kimi evlərdə xüsusi olaraq biş-düş də hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşən­bənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini – bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü oldu­ğunu göstərir. Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu və bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adın­dan ifadə olunan mənanı özündə daşıdığını göstərir.

Bəli, yalan olmasa doğru üzə çıxmaz. Yalan doğrunun əks qütbü, aldanış tə­rəfidir. Başqa sözlə, yalan həqiqətin astar üzüdür. Bu mənada Yalançı çərşən­bə xaos dünyasının ritmik hərəkətdə olan zahiri simasının görüntüsüdür. Yalançı (xaos) simanın görünməsi həm də yalanın ifşasıdır. Yalanın üzə çıxması isə mahiyyətdə həqiqətin, gerçəkliyin ortaya çıxmasına səbəb olan amildir. Qış yol­kasının da süni bəzək-düzək vurulması, zərlərlə haşiyələnməsi ilə zahiri təm­tə­raq kəsb edib gözləri oxşaması, üzdə, zahiri qatda yalançı, aldadıcı xoş görüntü yaratmaq əhval-ruhiyyəsi də əslində xaosu təmsil edən qışın əzizlənməsini ifadə etməklə yanaşı, elə həm də qışın antikosmosu işarə etdiyini göstərir. Yalançı çərşənbə də xaosu təmsil edən qış dünyasının – Qış fəslinin simasını cəmiyyətdə diqqət mərkəzində canlandırmaqla nizamlı dünyanın təmsilçisi olan Yazın gəlişinə zəmin yaradacaq doğruçu çərşənbələrə keçid funksiyasını yerinə yetirir. Od, ocaq, işıq xalqımızın təfəkküründə həmişə və hər yerdə müqəddəs tutulub. Yalançı çərşənbə tonqalı da xaosdan kosmosa (yalançı, qarmaqarışıq dünyadan nizamlı dünyaya) düşən müqəddəs işığı əks etdirir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin